Əli Babayev:”Gömrükdə baş verənlər bizi narahat edir” -GAMK sədri Gürüstanla Azərbayan arasında yeni problemlərin yaranacağından ehtiyat edir

Əli Babayev:”Gömrükdə baş verənlər bizi narahat edir”

 


 

 

Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevin Bakıda olduğunu öyrəndikdən sonra onunla görüşüb bir sıra məsələlərlə bağlı mövqeyini öyrəndik.

İlk sualımız isə təbii ki, son zamanlar Gürcüstanda baş verən siyasi hadisələr, müxalifətin etiraz aksiyaları ilə bağlı oldu.

-Gürcüstanın siyasi həyatı çox dinamikdir. Siyasi partiyalar, qeyri-hökumət təşkilatları Konstitusiyanın verdiyi imkanlardan tam istifadə edərək müxtəlif aksiyalar,tədbirlər keçirirlər. Müxalifətin son mitinqləri seçki qanunvericiliyinə düzəlişlərin edilməsi ilə bağlı təkliflər parlamentdə qəbul olunmaması ilə bağlı keçirilib. Əslində, müxalifətin təklifini hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası da dəstəkləyib. Ancaq parlamentə mojaritar qaydada seçilmiş deputatlar müxalifətin seçkilərin tam proporsional sistem üzrə keçirilməsi təklifinə qarşı çıxdıqları üçün müxalifətin təklifi qəbul olunmadı. Yeri gəlmişkən onu da qeyd edim ki, mojaritar qaydada deputat seçilənlər də seçkilərin tam mojaritar sistem üzrə keçirilməsini təklif edirlər. Bu iki sistemin hərəsinin öz üstünlükləri var. Birinin digərindən tam üstünlüyünü söyləmək mümkün deyil. Buna görə də müxalifətin bu məsələdən iqtidar əleyhinə istifadə etməsi ədalətli deyil. Xüsusilə hakimiyyətin zorakı yolla devrilməsi yol verilməzdir. Amma indi narahatlıqlar yoxdur.  Gürcüstan tədricən demokratik sistem çərçivəsində yaşamağı öyrənir. Bu bir ilin, bir neçə ilin ərzində tam həll olunan məsələlər deyil. Cəmiyyət, insanlar demokratik dəyərləri mənimsəməli, bir-birinin hüququna hörmət edərək yaşamağı öyrənməlidir. Bunun üçünsə illər lazımdır və ən əsası Gürcüstan bu yolla gedir.

-Gələn il parlament seçkiləri keçiriləcək. Soydaşlarımızın bu seçkidə iştirakı necə olmalıdır?

-Gürcüstanda seçkilər hələlik qarışıq seçki sistemi üzrə keçirildiyi üçün soydaşlarımız həm siyasi partiayaların siyahısı ilə, həm də mojaritar qaydada seçkilərə qatıla bilərlər. Ən əsası odur ki, seçkidə iştirak edən insanlar nüfuzlu və yetgin insanlar olsunlar. Seçkilərə qatılacaq insanların gürcü dilini bilməsi çox vacibdir. Əks halda həmin şəxs deputat seçiləndən sonra effektli fəaliyyət göstərə bilməz. Gürcüstan parlamentində müzakirələr gürcü dilində gedir. Bu dili bilmədən qanunvercilik prosesində effektli iştirak etmək mümkün deyil. Ümumiyyətlə, Gürcüstanın dövlət müstəqilliyini bərpa etməsindən az qala 30 il keçir. Artıq soydaşlarımız müstəqil ölkənin vətəndaşları kimi davranmalı,bu ölkənin ictimai-siyasi həyatında uğur qazanmaq üçün dövlət dilini mükəmməl bilməlidirlər.

-Əli müəllim,Azərbaycanda parlament seçkilərinə start verilib, Gürcüstandan baxanda son zamanlar ölkəmizdə baş verənlər necə görünür?

-Son zamanlar Azərbaycanın dövlət idarəçiliyində həyata keçirilən islahatlar çox diqqət çəkiçidir. Həm struktur islahatlar, həm də kadr dəyişiklikləri məmnunluq yaradır. Erkən parlament seçkilərinin isə başlanmış islahatları yeni mərhələ daşıyacağını ümid edirik.

-Əli müəllim, son zamanlar Gürcüstan dövlət qeydiyyat nömrəli avtomobillərin Azərbaycana daxil olmasında problemlər yaranıb. Bu soydaşlarımıza ciddi əngəllər yaradır. Bu məsələ ilə bağlı mövqeyiniz nədən ibarətdir?

-Azərbaycan müstəqil dövlətdir və verdiyi qərarlara hörmətlə yanaşırıq. Ancaq Azərbaycan bütün azərbaycanlların ümid yeri,dayağıdır. Gürcüstanda yaşayan elə bir azərbayanlı ailəsi yoxdur ki, Azərbaycanda yaxın qohumu,ailə üzvü yaşamasın. Buna görə də Gürcüstanda yaşayan soydaşlarımıza qarşı münasibət əcnəbilərə qarşı yanaşma kimi olmamalıdır. Belə olarsa çox ciddi problemlər yaşanar. Zaman-zaman belə problemlər üzə çıxsa da, Azərbaycan prezidentinin müdaxiləsi ilə problemlər həllini tapır. Bildiyim qədər hazırda gömrükdə yaşanan problemlərin hüquqi əsası da yoxdur. Aydın görünür ki, bu məmurların məsələyə birtərəfli yanaşmasının nəticəsində yaranıb. Ancaq bu məmurlar unutmasınlar ki, dövlət başçısı İlham Əliyev özü 50 milyonluq Azərbaycan xalqının prezidenti olduğunu bəyan edib. Hər bir məmur da siyasətini bu prinsipə uyğun qurmalıdır. Azərbaycan Dövlət Gömrük Komitəsinin Gürcüstan dövlət qeydiyyat nömrəli avtomobillərə qarşı tətbiq etdiyi qadağa isə bizi çox narahat edir. Əgər Gürcüstan tərəfi də eyni addımı atsa bu iki ölkə arasında yeni problemlər yaradacaq. Dövlət Gömrük Komitəsinin rəhbərliyi belə məsələləri hökmən nəzərə almalıdır.

-Əli müəllim, bir neçə kəlmə də fəaliyyətiniz zamanı üzləşdiyiniz problem və çətinliklərdən bəhs edərdiniz?

- Diasporla İş üzrə Dövlət Komitəsində rəhbərliyin dəyişməsi, gənclərin önə çəkilməsi fəallığı artırıb. Komitənin Avropa ölkələrində yeni işlər gördüyündən xəbərimiz var. Ancaq eyni diqqəti Gürcüstana da yönəltmək lazımdır. Bu gün Gürcüstan Cənubi Qafqazın Qərbə açılan pəncərəsidir. Ermənistan buna görə Grücüstanda fəal iş aparır. Yeni mərkəz inşa edir, saytlar açır, qəzetlər buraxırlar. Ermənilər Yeravanın dəstəyi ilə siyasi partiyalarla və qeyri-hökumət təşkilatları ilə çox fəal işləyirlər. Bizim isə fəaliyyət göstərmək üçün resurslarımız çox məhduddur. Əvvəllər qəzet çap edirdik. Qanunvericilik aktlarını Azərbaycan dilinə tərcümə edib, qəzetdə çap edirdik ki, soydaşlarımızın qanunlardan xəbərləri olsun. İndi vəsait çatışmamazlığından daha həmin işləri də görə bilmirik. Ümid edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi bu məsələyə daha diqqətlə yanaşacaq.

Sözümün sonunda Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinə daima diqqətlə yanaşdığı üçün "Yeni Sözçü” qəzetinə təşəkkür edirəm.

A.Nəbiyev,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti