8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
- Efirlərdə uzun illər Sidorenko soyadı ilə tanıdığımız Yelena xanım, jurnalistika ilə yollarınızı ayırdıqdan sonra bir neçə özəl şirkətdə çalışmısınız. İndi isə fəaliyyət istiqamətiniz tamamilə dəyişib. Özünü təqdimetmə, özgüvənin artırılması, həyəcan ilə mübarizə kimi məsələlərlə bağlı təlimlər keçirsiniz. Daha çox isə uşaqlar və yeniyetmələrlə işləməyə üstünlük verirsiniz. Bu ideya sizdə haradan yarandı?
- Jurnalistika ilə yolum 3 il bundan əvvəl ayrılıb. Bu müddət ərzində müxtəlif şirkətlərdə jurnalistikaya yaxın olan PR sahəsində fəaliyyət göstərmişəm. Həmin müddət ərzində maraqlı və kifayət qədər uğurlu layihələrimiz baş tutdu. Övladımın dünyaya gəlişini gözləyərkən işlərdən ayrıldım. Müəyyən dövrdən sonra hiss etdim ki, həyatımda boşluq var. Əvvəllər iş qrafikim çox gərgin olduğuna görə ətrafa baxıb, analiz etmək, insanlara necə faydalı ola biləcəyim haqqında düşünmək çətin olurdu. Amma həmişə cəmiyyət və insanlar üçün faydalı bir iş görmək istəyirdim. İşləmədiyim müddət ərzində daha çox ictimai yerlərə getməyə başladım. Cəmiyyətdə olan problemlərlə yaxından tanış oldum və insanlarda aqressiyaya daha çox rast gəldim. Bundan sonra insanların aqressiv olma səbəbləri, özünəinamı necə artırmaq olar dəyə fikirləşməyə başladım.
Bəli, mən uşaqlar və yeniyetmələrlə çalışmağa daha çox üstünlük verirəm. Bu tip problemlərlə mübarizə erkən yaşlardan başlamalıdır. İnsan düzgün istiqamətdə, pozitiv yöndə böyüyərsə və düşünərsə onun həyatı uğurlu qurulacaq. Həyatı uğurlu insan isə aqressiv ola bilməz. Çünki onun fikri daha çox özünün təhsilinə, peşəsinə, karyerasına yönəlir. Aqressiya üçün nə əsas, nə də vaxt olur.
- Bir müddət əvvəl Bakı Bloqerlik Məktəbini təsis etmisiniz. Məktəbin yaranmasında əsas məqsəd nədir? Uşaqlar və yeniyetmələr burada daha çox hansı bilik və bacarıqlara yiyələnə bilər?
- Fikirlərimi layihə kimi həyata keçirmək istəyirdim. Bir gün qardaşım qızı ilə ünsiyyət zamanı məlum oldu ki, 14 yaşlı uşaq istirahət vaxtını ancaq rus bloqerləri izləməyə sərf edir. Onlardan öyrənir, nümunə götürür. Azərbaycanda belə bir məktəb yaratmaq ideyam həmin gün yarandı. İstədim ki, uşaqlarımız öz mədəniyyətimizə, ideologiyamıza, cəmiyyətimizə uyğun işlər görsünlər və başqa uşaqlara örnək olacaq simalara çevrilsinlər.
Bakı Bloqerlik Məktəbində hər bir uşaq ilk olaraq özünü tanımağa başlayır. Kompleksləri və ya qorxuları varsa, onun səbəblərini araşdırırıq. Onlardan azad olduqdan sonra isə uşaqların güclü tərəflərini tapıb, inkişaf etdiririk. Bundan sonra uşaqlarda özgüvəni artırır, cəmiyyət, auditoriya qarşısında çıxış etməyi, yarana biləcək qorxuları aradan qaldırmağı öyrədirik. Düzgün, maraqlı, cəmiyyətə faydalı ola biləcək mövzuların seçilməsində uşaqlara istiqamət veririk. Nəticədə biz uşaqların internetdə keçirdiyi vaxtı onlar üçün faydalı edirik. Araşdırırlar, məlumat toplayırlar və videolar ərsəyə gətirirlər. Bu, həm özlərinə, həm də digər uşaqlara faydalı olur.
Biz uşaqlara həm də bu işin texniki tərəflərini aşılayırıq. Bu sənət qıraqdan asan görünür, amma uzun müddət əmək sərf etmək lazımdır. Layihəmizə qoşulan uşaqlar bir ay içində bloqer olmaq istəyib-istəmədikləri barədə qərar qəbul edirlər.
- Bəzi valideynlər istəyir ki, uşaqları ulduz olsun. Hətta bəzi analar və atalar uşaqlarına kanal açırlar ki, gələcəkdə uşağını inkişaf etdirsin. Bu halda valideynlər uşaqlara seçim şansı tanımır...
- Bəli, bu tip məsələrlə çox rastlaşırıq. Ümumiyyətlə, bizə müraciətləri hissəyə bölmək istəyirəm. Birincidə övlad istəyir, valideyn isə onun ideyasını bəyənmir. İkincidə isə uşağın anlayışı olmur, amma valideyn istəyir ki, övladı ulduz olsun.
İki halda da uşaqları məktəbimizə qəbul edirik. İki və ya üç dərs onlarla vaxt keçiririk. Uşaqda həvəsin yaranmadığını gördüyüm halda valideynlərlə yenidən əlaqəyə keçirəm və uşağın özünün istədiyi istiqamətdə onu yönləndirməklərini məsləhət görürəm. Həvəsli uşaqların da valideynləri ilə görüşlərimiz olur. Onlardan isə övladlarına dəstək verməklərini rica edirik.
Hər zaman uşaqlarla səmimi söhbətə üstünlük verirəm. Onlar mənimlə bölüşdükləri məsələləri valideynlərinin bilməyəcəyindən əmin olurlar.
Həmçinin şəxsi inkişaf mərkəzimiz və təlimçilərimiz valideynlər, uşaqlar üçün müxtəlif testlər həyata keçirir. Analizlərimiz göstərir ki, problem bir çox hallarda valideynlərdə olur. Bunu başa düşən valideynlərə övladları ilə düzgün ünsiyyət qura bilməkləri üçün təlimlər keçirik.
-Bəzən valideynlər uşaqların fikrini almadan onları müxtəlif idman, musiqi, rəsm və sair dərslərinə aparırlar. Adətən isə bu fəaliyyətlər uşaqların həvəssiz olmasına görə yarımçıq qalır. Necə düşünürsünüz, qəbul prosesində valideynin yoxsa uşağın istəyinə üstünlük verilməlidir?
- Bu tip məsələlərdə mən daim uşağın, yeniyetmənin, gəncin tərəfindəyəm. Valideynin təsiri çox önəmlidir və vacibdir. Amma özünə gələcək üçün istiqamət seçmək istəyən insana daim dəstək olunmalıdır. Hətta bu seçim yanlış olsa belə...
Mən ali təhsil almağa hazırlaşarkən valideynlərimin başqa arzuları var idi, amma Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. Öz istədiyimi etdim və onlar məni dəstəklədilər. Magistraturanı bitirdikdən sonra Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə” fakültəsinə qəbul olundum. Siyası proseslərin mənim üçün daha maraqlı olduğunu anlamışdım. Amma ilk seçimimin məni inkişafa aparan yol olduğunu da dana bilmərəm. Hər bir valideyn başa düşməlidir ki, övladının seçimi daha önəmlidir. Yeni peşələr yaranır. On il əvvəl populyar olan peşələrə bu gün maraq azalmaqdadır. Gənc nəsil yeni peşələri daha yaxşı anlayır və bu yöndə istiqamətlənməyə meyil edirlər. Biz onların əldə edə biləcəkləri uğurların qarşısını almamalıyıq.
- Uşaqlarda kompleks məsələsi aktual mövzulardandır. Bu məsələ ilə bağlı bağça, məktəb rəhbərliyi və valideynlər bir-birilərini günahlandırır. Siz uzun müddətdir uşaqlarla işləyirsiniz. Adətən problemin kökündə hansı səbəb dayanır?
- Bu, ən önəmli məsələlərdən birinə çevrilib. Analiz edərkən məlum olur ki, 35-40 yaşında insanlar komplekslərini aradan qaldırmaq üçün müxtəlif kurslara müraciət edirlər. Bu faciədir. Çünki bu insanlar həyatlarının inkişaf dövründə kompleksə görə çox əziyyət çəkiblər. Bəlkə də bir çoxları ruhdan düşüblər.
Bu problemlə uşaqlıqdan məşğul olmaq lazımdır. Təsəvvür edin ki, uşaq bağçada küncdə oynayır, heç kəslə ünsiyyət qurmur və valideyn bunu sadəcə utancaqlıq adlandırır. Bu, utancaqlıq deyil, kompleksdir və kökünü tapmaq lazımdır.
Ümumiyyətlə, uşaq dünyaya kompleksiz gəlir. Heç nədən utanmır, heç nədən qorxmur və özünü çox rahat hiss edir. Kompleksi uşağa ilk olaraq ailəsi aşılaya bilir. Bəzən uşaqlar hansısa sözü deməyəndə biz bunu tərbiyə ilə əlaqələndiririk. Unuduruq ki, tərbiyə adlandırdığımız məsələ kompleks ola bilər.
Böyüyəndə, həyata atılanda isə kompleks baqajımız olduğunu aşkarlayırıq. O baqaj bizə çox böyük məhdudiyyətlər yaradır. Möhkəm xarakterə malik uşaqlar bu əngəlləri aradan qaldıra bilirlər. Daha zəif insanlar isə kompleksləri ilə yaşayırlar.
Tələbələrimdən biri valideyni ilə ünsiyyət zamanı kəkələyirdi. Dərslərdə isə bu halın şahidi olmamışdım. Sonradan uşağın sadəcə valideyni ilə danışarkən kəkələdiyi məlum oldu. Qorxu hissi o uşaqda kəkələmə problemi yaradırdı.
Kompleks böyük təhlükədir və bizi səhv istiqamətə apara bilər. Əgər övladımızın inkişafını istəyiriksə, ona komplekslərdən azad olmağa kömək etməliyik. Özümüz bacarmadığımız halda isə mütəxəssislərə üz tutmalıyıq. Parlaq gələcək uğrundə valideyn mütləq addım atmalıdır.
Yeri gəlmişkən, bloqerlik məktəbinə müraciət edən valideynlərin 80 faizi bu səbəbdən övladlarını bizə yönəltmək istədiyini bildirib. Təhlükəni hiss edib, çıxış yolu axtaran valideynlər məni çox sevindirir.
- Uşaqlara həyata düzgün və pozitiv baxış təlqin etmək mümkündürmü?
- Mümkün və mütləqdir. Bu, gələcəyə doğru getmək istəyən cəmiyyətimiz üçün çox vacibdir. İrəli getmək istəyiriksə, pozitiv baxışımız qaçılmazdır. Nə qədər neqativlər olsa da indi dünya pozitiv düşünür. Pozitivlik inkişafı cəlb edir. Hər bir uşağın pozitiv baxışı onun ailəsindən, valideynlərin bir-biri və onunla ünsiyyətindən başlayır. Ata və ana bunu anlayaraq düzgün ailə strategiyası qursa, hər şey daha yaxşı olar. Bunun üçün müxtəlif institutların işi çox önəmlidir. Bunu bacarmayan valideynlər üçün də xidmətlər yaradılmalıdır. Həmişə düşünmüşük ki, bu məsələlərlə psixoloq məşğul olmalıdır. Məncə, valideynlərin özlərinin də təmsil olunduğu yeni institutlar yaranmalıdır. Valideynlər məişət işlərinə çox vaxt sərf edirlər və bir çox vacib məsələlər qıraqda qalır. Yaxud bunu necə etməyin qaydasını bilmirlər. Bu istiqamətdə maraqlı layihələr həyata keçirmək lazımdır ki, gələcək nəsli sağlam, müsbət yöndə inkişaf etdirək.
- Uzun müddət teleaparıcı kimi fəaliyyət göstərmisiniz. Məktəbin üzvlərini də tez-tez televiziya məkanı ilə tanış edirsiniz. Uşaqların və yeniyetmələrin jurnalistika sahəsinə marağı varmı?
- Jurnalistika elə bir sahədir ki, nəinki uşaqların, böyüklərin də daim ona marağı olur. İnsanlar jurnalistin imkanlarının çox geniş, həyatlarının çox maraqlı olduğunu düşünür. Həqiqətən də belədir. Mənim də uşaqları televiziyalarla tanış etməyimim səbəbi yeni parlaq ulduzların yetişdirilməsidir. Uşaqlar erkən yaşlarından həyata jurnalist kimi baxa bilərlər. Onlar kim olmaq istədiklərini nə qədər tez anlasalar, o qədər də tez fəaliyyətə başlayacaqlar. Bu, onların zərərli işlərlə məşğul olmamasına gətirib çıxaracaq. Çünki onların fikri istiqamətlənmiş olacaq. Mən tələbələrim üçün daim bu tip imkanlar yaradıram. Məsələn, bizim tələbələrin daha bir arzusu "Qarabağ” futbol klubunun baş məşqçisi və futbolçuları ilə görüşmək idi. Biz bunu da reallaşdırdıq və onların məşqlərində iştirak etdik. Cəmiyyətimiz, ölkəmiz, vətənimiz naminə uşaqların həyatında müsbət hadisələri çoxaltmalıyıq.
- Hazırda bir çox tanınmış gənclər növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün hazırlıqlara başlayıb. Siz də fəaliyyət planınız çərçivəsində deputat olmağı nəzərdə tutmusunuzmu?
- Son vaxtlar ölkəmizdə dövlət başçısı İlham Əliyev tərəfindən aparılmış istalahatlar hər bir vətəndaşı, vətənini sevən hər bir insanı ruhlandırır və motivasiya edir. Mən çox sevinirəm ki, istər bələdiyyə, istərsə də parlament seçkiləri ilə bağlı çox böyük bir canlanma var. Ölkə rəhbərliyi gəncləri dövlət idarəçiliyində, siyasətdə görmək istədiyini bildirir. Bu, çox böyük məsuliyyətli bir çağırışdır. Bizim cəmiyyətimiz daim bu cür çağırışlara hazır olmalıdır.
Mən yenidən öz fikrimə qayıdıram. Hər bir şey uşaqlıqdan başlayır. Düzgün istiqamət verilən uşaqlar aktiv yeniyetmələrə və daha sonra faydalı gənclərə çevrilirlər. Bu faydalı gənclər də təkcə öz ətrafına, öz valideynlərinə, öz paşəsinə deyil, dövlətə faydalı ola biləcəklər. Artıq bu istiqamətdə aktiv iş görməliyik ki, faydalı, pozitiv, sağlam düşüncəli, savadlı, müasir trendlərlə ayaqlaşan gənclər yetişdirək. Bütün bunları nəzərə alaraq irəlidə gələn parlament seçkilərində öz gücümü sınamağı planlaşdırıram. Müasirləşən Azərbaycanımızda baş verən yenilikləri özüm üçün bunu bir çağırış olaraq qəbul edirəm və məsuliyyətini anlayıram.