8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Yeni Sözçü”qəzeti olaraq, biz hər zaman qonşu Gürcüstanda cərəyan edən ictimai-siyasi prossesləri, orada yaşayan soydaşlarımızın güzəranı ilə bağlı məsələləri işıqlandırmağa çalışmışıq. Həmçinin müxtəlif problemlərə ziyalı şəxslərin baxış və münasibətlərini əks etdirən müsahibələr,baş verən hadisələrə dair qaynar xəbərlər də daim bizim tərəfimizdən oxucuların diqqətinə çatdırılıb. Ümid edirik ki, bundan sonra da fəaliyyət konsepsiyamızı məhz bu istiqamətdə formalaşdıra biləcəyik.
Bugünkü müsahibimiz "Gürcüstan Azərbaycanlıları Milli Konqresi”nin sədri Əli Babayevdir.
-Əli bəy, hal-hazırda Gürcüstanda nə baş verir?
- Bu gün Gürcüstanda cərəyan edən hadisələri birmənalı olaraq mütərəqqi proseslər kimi qiymətləndirmək olar. Bildiyiniz kimi, son 6 ildə Gürcüstanda xeyli dəyişikliklər baş verib. Saakaşvili rejimini "Gürcü Arzusu Partiyası” əvəz etdi və hakim partiyaya çevrildi. Həmin partiya bir çox siyasi, mədəni, iqtisadi reformalar keçirdi. Bu reformalardan ən əsası kimi Avropa ölkələri ilə Gürcüstan arasında vizasız rejimin bərqərar olunmasıdır.
- Oktyabrın 28-də Gürcüstanda növbəti prezident seçkiləri keçiriləcək. Bu barədə nə deyə bilərsiniz?
- Əlbəttə ki, bu seçkilər bütün ölkənin ictimai-siyasi həyatında ən önəmli hadisə olacaq. Hər kəs, bütün xalq bu seçkilərə böyük ümidlər bəsləyir. Qarşıdan gələn prezident seçkilərinin ən maraqlı tərəfi odur ki, hakim partiya olan "Gürcü Arzusu Partiyası” öz namizədini irəli sürmədi. Ümumilikdə isə, 46 nəfər öz namizədliyini irəli sürüb.
-Sizin fikrinizcə 46 namizəd içərisində ən nüfuzlu şəxs kimdir?
- Namizədlər içərisində kifayət qədər tanınan, siyasi nüfuza sahib olan şəxslər vardır. Bununla belə əlbəttə ki, prezident postuna ən layiqli namizəd seçiləcək. Demək olar ki, namizədlər arasında hazırda ən böyük siyasi nüfuza sahib olan şəxs vaxtı ilə Saakaşvili hökumətində Xarici İşlər naziri işləmiş, hal-hazırda isə, parlamentin deputatı olan Salome Zurabişvilidir.
-Sizcə Salome Zurabişvilinin digər namizədlərdən üstünlüyü nədir?
- Yuxarıda da qeyd etdiyim kimi, Salome Zurabişvili Saakaşvili hökumətində Xarici İşlər narizi (2004-2006-cı illərdə) olmuşdu. Sonradan Saakaşvilinin yürütdüyü siyasətə qarşı açıq etiraz bildirərək, vəzifəsindən istefa vermişdi. Həmçinin o, Saakaşvilinin Rusiya ilə bağlı siyasətini də kəskin şəkildə tənqid edərək, şimal qonşuları ilə yaranmış problemdən yeganə çıxış yolunun dəyirmi masalar arxasında danışıqlar yolu olduğunu israrla bildirmişdi. Bundan başqa S.Zurabişvilinin Fransada dünyaya gələrək, Avropa təhsili almış bir siyasətçi olması da rol oynayır. Həmçinin ötən əsrin əvvəllərində, 1918-1921-ci illərdə mövcud olmuş Gürcüstan dövlətində onun ata babası İvane Zurabişvili Menşevik hökumətində yer alan siyasətçi olmuşdur. Sonralar Zurabişvililər ailəsi Fransaya mühacirət etmək məcburiyyətində qalır. Qısası S.Zurabişvili həm Avropada, həm də Rusiyada nüfuz sahibi olan bir siyasətçidir.
-Bəs digər namizədlər haqqında nə deyə bilərsiniz?
-Müxalifət cəbhəsibdən vaxtilə Saakaşvili hökumətlərində parlament spikerləri olan David Bakradze, Qriqol Vaşadze, David Usupaşvilinin adlarını qeyd edə bilərəm. Sonra vaxtilə prezidentin səlahiyyətlərini icra etmiş Nino Burcanadze və bir çox partiyaların koalisiya şəklində birləşərək irəli sürdüyü namizədlər də var. Sözsüz ki, bu namizədlərdən hər biri ən azından öz elektoratının etimadını qazana bilmiş siyasətçilərdir. Lakin dediyim kimi, xalq yalnız ən layiqli namizədi prezident postuna seçəcək.
-Sizcə, Saakaşvilinin yenidən iqtidara gəlməsi nə dərəcədə inandırıcıdır?
-Saakaşvili cinayətkardır! Onu Gürcüstanda beynəlxalq axtarışa veriblər. Bir çoxları onu dürüst dövlət başçısı kimi gözə soxurlar, amma bu belə deyil. Çünki onun vaxtında çoxlu nöqsanlar var idi. Bunun nəticəsidi ki, Rusiya ilə münasibətlər korlandı və Abxaziya ilə Osetiyanın ayrılmasına gətirib çıxardı. Həmçinin Saakaşvili öz siyasi rəqiblərinə qarşı da dözümsüz münasibətlər göstərib. Qısası artıq nə Saakaşvili, nə də onun kimilər avantürist şüarlı mitinqlərlə xalqı aldada bilməzlər.
-Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar ABŞ və qərbi Avropa dövlətləri tərəfindən hər hansı müdaxilə cəhdləri gözlənilə bilərmi?
-Yalnız ABŞ ilə Avropa dövlətləri deyil, eləcə də regionda olan dövlətlər də Gürcüstanda baş verən bütün siyasi prossesləri diqqətlə izləyirlər. Gürcü xalqı son 6 ildə kifayət qədər siyasi cəhətdən maariflənib. Bundan başqa son illərdə ölkədə təhsil, səhiyyə, azad sahibkarlıq, kənd təsərüfatı istiqamətlərində islahatların aparılması da xalqın rifah səviyəsini xeyli yüksəldib. Ona görə düşünürəm ki, gürcü xalqı heç bir halda yalançı, populist vədlərə inanıb təxribat arxasınca getməyəcək. Həmçinin xarici qüvvələrin ciddi təsir gücünə malik olması real deyil.
-Bu seçkilərdən sonra Gürcüstanda yaşayan soydaşlarımızın sosial, mədəni şəraitlərinin yaxşılaşdırılmasını gözləmək olarmı?
-SSRİ süqut etdikdən sonra 90-cı illərdə burda yaşayan soydaşlarımızın vəziyyəti olduqca ağır idi. Elə Saakaşvili rejimi zamanında da demək olar ki, ciddi dəyişikliklər olmadı. Amma Allaha şükür olsun ki, son illərdə yavaş-yavaş şəraitimiz yaxşılaşmağa doğru gedir. Bu sahədə Azərbaycan hökuməti də əlindən gələni əsirgəmir. Əminəm ki, S.Zurabişvili seçkilərdə qalib gələcəyi təqdirdə Gürcüstanda yaşayan bütün xalqların güzəranı bir qədər də yaxşılaşacaq. Çünki, o siyasətçi ilə olan söhbətlərimin birində dedi: "Gürcüstanda yaşayan bütün etnik xalqların rifahı son dərəcə yüksəldilməli və onların hər biri öz nümayəndələrilə həm parlament, həm də hökumətdə təmsil olunmalıdırlar”.
Abdulla İsmayıloğlu,
"Yeni Sözçü” qəzeti