İnci Şirvanlı: “atam mənim çırağımı özü öz əlləriylə söndürdü...”

İnci Şirvanlı: “atam mənim çırağımı özü öz əlləriylə söndürdü...”

 


Müsahibimiz Şirvan aşıq musiqisinin mahir ifaçısı İnci xanım Şirvanlıdır.

"Ağaxan Abdullayev mənə dedi ki, "İnci xanım, sən bu dövrün nadir tapıntısısan”!

- Salam, xoş gördük İnci xanım! Öncə oxucularımıza özkeçmişiniz barədə bilgi verək. Harda doğulduz, uşaqlığınız necə keçdi və nə zaman kiminlə ailə qurdunuz?

- Salam, xoş günlərinizdə görüsək, Namiq müəllim! Mən, İnci Şirvanlı Əzizxan qızı 1972- ci ildə Şamaxı rayonunun Yekəxana (Yekxana) kəndində dunyaya göz açmışam. 1979- cu il sentyabr ayının 1-də Üzümçü qəsəbə orta məktəbində birinci sinfə getmişəm. 1989- cu ildə orta məktəbi bitirib, valideynlərimin təkidiylə dərhal ailə həyati qurdum. İndi də Bakı şəhəri Binəqədi qəsəbəsində yaşayıram. Üç övlad - iki oğlan, bir qız anasıyam. Bütün bunları deməkdə heç də fikrim naşükürlük etmək deyil. Sadəcə, böyuk mərhum şairimiz Hüseyn Arif boşuna yazmamişdı ki, "Ananın öz yeri, yarın öz yeri”. Əlbəttə ki, ailə də lazımdır, amma hər iş vaxtında gorüləndə necə də ürək açan və təqdirə layiq olur. Məni isə bu gözəllikdən məhrum edən yalnız və yalnız valideynlərim oldu . Üstündən uzun illər keçməsinə baxmayaraq, hələ də bu yolda qismətimlə barışmaqdan boyun qaçırıram.

- Nə zaman hiss etdiniz ki, səsiniz var? İlk dəfə nə zaman və harada çıxış etdiniz?

- Doğrusunu deyim, səsimin və istedadımın olub - olmadığı haqda bu gün də özüm heç nə deyə bilmərəm. Təkcə onu deyə bilərəm ki, musiqinin nə olduğunu duyduğum gündən sanki içimdə bir vulkan püskürür. Amma necə deyərlər;

Kəm bəxtim,

qara bəxtim, kəm bəxtim,

Bağrımı al qan etdi,

hamıdan ötkəm bəxtim...

Bəli, mənim elə bu kəm bəxtim ibtidaidən müəllim sarıdan yarımçıq qaldı. Məni tanıyanlar yaxşı bilirlər ki, mənim ilk müəllimim Qarabağda torpaqlarımız uğrunda qəhrəmancasına canından keçmiş böyük qardaşım xanəndə Qədirxan Qədirov olub. Təəssüf ki, qardaşımın bu şərəfli yolda ömrünün 31-ci baharında dünyasını erkən dəyişməsi mənim həyat tərzimə çox böyük mənfi təsir etdi, sarsıntı yaratdı. Elə bu səbəbdən də məni ətrafımda başa düşəcək ikinci bir insanın olmadığından qanadı qırılmış quşa bənzədim və heç bir musiqi təhsili ala bilmədim. Baxmayaraq ki, bu gün də göz yaşlarıma hakim kəsilə bilmirəm, amma nə yazıqlar ki, istəsək də, istəməsək də Tanrının qədər - qismətilə barışmalıyıq. Bəli Namiq müəllim, ilk çıxışlarıma gəldikdə isə onu deyə bilərəm ki, hələ orta məktəbdə oxuyarkən məktəblərarası və rayonlararası keçirilən tədbir və festivalların ən fəal iştirakçısı, bir çox hallarda qalibi olmuşam. Elə ilk çıxışlarımdan söz düşmüşkən icazənizlə bir xatırlatma edim...

-Buyurun...

-Nə az, nə çox, cəmi 6 yaşım var idi. Biz Göyçay şəhərində keçirilən böyük bir festivala dəvət aldıq. Atam mənimlə birlikdə qardaşımı da oraya aparmışdı. Məqam yetişdi, konsert başladı. Bir neçə çıxışdan sonra məni səhnəyə dəvət etdilər. Mən çox böyük şövq ilə iri addımlarla səhnəyə gəldim. Tamaşaçıları salamlayarkən münsif kürsüsündə əyləşən unudulmaz sənətkarımız Şövkət Ələkbərovanı görcək utanıb sıxılmaqdansa, daha da ürəkləndim. Oxuyacağım mahnı isə o gündən bu günə sənətinə və şəxsiyyətinə hörmət etdiyim xalq artistimiz Qəndab xanım Quliyevanın repertuarından olan "Əlində sazın qurbanı” mahnısı idi. Deyəsən məndən fərqli olaraq musiqiçilərimiz Şövkət xanımı görüb müəyyən qədər həyəcanlanmışdılar. Nədənsə mahnını ortasından müşayət etməyə başladılar. Bunu görüb dayandım və tarzənə tərəf üzümü çevirib: "mahnını düzgün çalın”- dedim. Bunu eşidən Şövkət xanım ansamblı dayandırıb məni səhnədən aşağıya endirdi, öpüb bağrına basdı. Sonra atama tərəf çevrilib bu uşağın gələcəyi parlaqdır- dedi. Bundan sonra mən yenidən səhnəyə qalxdım, bir nömrəni ifa edib pərdə arxasına keçmişdim ki, Şövkət xanım bütün tamaşaçıları ayağa qaldırıb "bu balaca qızı ayaq üstə alqışlayın”- dedi. Susmayan alqış sədaları altında mən yenidən səhnəyə qayıtdım. İkinci oxuduğum mahnı isə mərhum sənətkarımız Səxavət Məmmədovun repertuarından olan "Sarı bülbül” mahnısı idi. Daha sonra yenidən səhnəyə çıxıb çıxışımı çox hörmətli sənətkarımız Arif Babayevin "Ürəyimin közüsən” mahnısıyla yekunlaşdırdım. Qardaşımın bir ifasıyla kifayətlənən Şövkət xanım tədbirin sonunda atama "oğlanı deyə bilmərəm, amma qızı Bülbül adına orta - ixtisas musiqi məktəbinə aparacam icazənizlə”-dedi . Atamsa cavabında "xeyr Şövkət xanım, qardaşı getmədən bacısını verə bilmərəm, inciməyin”- dedi. Düşünürəm ki, elə həmin gündən də atam mənim çırağımı özü öz əlləriylə söndürdü... Buna baxmayaraq, içimdəki od tamamilə sönmədi, odur ki, sənət yolunda ölənə qədər mübarizə aparacam. Çünki mən özümü musiqisiz təsəvvür edə bilmərəm. Musiqi mənim ücün havadir, sudur, damarımdan axan qanımdır. Nəhayət ki, neçə illik fasilədən sonra yenidən sənətə, musiqiyə qiymət verən dəyərli insanların səyi nəticəsində yenidən fəaliyyətə başladım.

- Sənətə sevginizdə kimlərin rolu oldu, kimləri dinlədiz və kimlərdən nəyi öyrəndiniz?

- Mənə belə gəlir ki, sənətə sevgimdə ilk səbəb Tanrımın mənə verdiyi xarakterdi, ruhdu, ürəkdi... Anam indi də uşaqlığımdan söhbət açanda, mənim körpə vaxtı əlimi üzümə qoyub öz - özümə necə zümzümə edib layla çalmağımdan danışır. Bu söhbətləri dinləyəndə bu gün gözümdə yaş durmur. Düşünürəm ki, bu, mənə Allahdan gələn bir ruh və səs olub. Dinləməyə gəldikdə isə ağlım kəsən gündən başda Şirvan aşıqlarımız olmaqla bütün klassiklərimizi və dəyərli sənətkarlarımızı dinləmişəm. Elə indi də ara - sıra ailənin qayğısından vaxt tapan kimi xalq artistimiz Qəndab xanım Quliyevanın və əməkdar müəllim Qəzənfər Abbasovun dəslərində oturub çox böyük həvəslə müsiqinin sirlərini öyrənməyə davam edirəm. Axı musiqi dibi görünməyən dəryadır. Çox heyiflər olsun ki, bu işıqlı dünyada mən o dəryadan potensialıma və yaradıcılıq həvəsimə uyğun dadmadım. Amma yenə də məni tanıyan bir neçə sənətkarımız var ki, onlara öz təşəkkürümü bildirirəm. Ona görə ki, məni ruhdan düşməyə qoymadılar. "İnci xanım, oxu!- dedilər və məni yenidən bu sənəti davam etdirməyə ruhlandırdılar. Nə deyim, məsəl var, "Kor nə istər, iki göz, biri əyri biri düz”. İnanıram ki, böyük sənətkarlarımız Qəndab xanımın, Qəzənfər müəllimin mənə söylədikləri fikirlərində və mərhum sənətkarımız Ağaxan müəllimin həvəsləndirmək üçün dediyi sözlərində yalnışlıq ola bilməz. Ağaxan müəllimin məni ilk dəfə dinləyəndə dediyi bir sözü xatırlamaq istəyirəm. Bir dəfə sənətkarımız ifama qulaq asırdı. Xaric segahı oxuyub bitirməmişdim ki ustadın "Dayan”! –səsinə ifanı dayandırdım. Çox həyacanlandım. Düşündüm ki, yəqin nəsə ciddi yanlışa yol vermişəm. Ağaxan müəllim təəssüf hissiylə üzümə baxıb, "Qızım! Sənin atan-anan varmı”?- dedi.

- Bəli, var!-dedim. Ustad cavabında mənə belə dedi:

- Çox heyiflər olsun. Mən sənə çox şey deyə bilərəm, ancaq təkcə onu deyim ki, harda sənin sənətin haqqında söz açılsa, qorxmadan, çəkinmədən deyərsən, Ağaxan Abdullayev mənə dedi ki, "İnci xanım, sən bu dövrün nadir tapıntısısan”!

Allah bu ustad sənətkarın məkanını behişt eləsin. Bu günlərdə itirdik onu. Ağaxan müəllimin sözləri mənə bir ömür yorulmadan çalışmaq üçün qol-qanad verdi.

- Dinləyicilər sizi xeyli gec tanıdı. Əslində bu səsin sahibi uzun illər əvvəl tanınmalı idi. Nədir bu gecikmənin əsas səbəbi?

- Namiq müəllim, doğrusu siz bu sualınızla məni çox - çox geriyə qaytardız, eyni zamanda yaralı yerimə toxundunuz . Deyirlər, övladı xoşbəxt edən də göydə Allah, yerdə valideyndir, bədbəxt edən də . Doğrudan da bu söz mənim həyatımda özünü göstərdi. Amma mən Allahımdan çox razıyam. Necə deyərlər, Allah deyir, "səndən hərəkət məndən bərəkət”. Böyük sənətkarlarımızın dediklərinə görə Allah mənə kifayət qədər istedad veribmiş, lakin bu istedad yetərincə qiymətləndirilməyib. Zamanında bu istedadı dəyərləndirmək məsuliyyəti əlbəttə, valideynlərin boynuna düşürdü . Görünür, valideynlərim bu istiqamətdə özlərinə əziyyət vermək istəmədilər. Ona görə də düşünürəm ki, bu səsin, bu sənətin son illərə qədər bu dərəcədə kölgədə qalmasının ən başlıca günahkarı mənim gələcəyimi görməyi bacarmayan, yaxud, görüb də görməzdən gələn valideynlərim olub. Bilirəm ki, bəziləri mənim bu sözlərimə irad tutacaqlar ki, valideyn hər bir insanın qibləgahıdır. Onları günahlandırmaq olmaz. Dindən gələn deyimlə desək, valideyn insanın ikinci Allahıdır. Əlbəttə etiraz etmirəm və şübhəm yoxdur ki, belədir. Bilənlər bilir ki, həyatda mənim qədər ata və anasını dünyalarca sevən övlad çox az olar. Bir gün belə səslərini eşitməyəndə, son dərəcə narahat oluram, səslərini eşitmədən su içmək, çörək yemək istəmirəm. Amma ağı qaradan seçməyi bacarandan sonra biləndə ki, atam bir yox, bir neçə ali məktəb qurtarıb məsələyə bir qədər fərqli yanaşdım. Üstəlik atam 5 kitabın müəllifi olan şairdir. Belə bir insan axı necə övladının gələcəyini görməyə bilər və ya görməzdən gələ bilər? Anamınsa ali təhsili yoxdur. Məhz buna görə daha çox atamdan umub-küsürəm.

- Hazırda nə işlə məşğulsuz, sənətlə bağlı hansı layihələriniz var?

- Hazırda musiqiylə, sənətimlə məşğulam. Hələ bu sənətdə istədiyim zirvəyə yüksələ bilməsəm də, yenə taleyimdən razıyam. Yəqin ki, bu da bir qədərdi və Tanrı belə məsləhət bilib. Çox şükür böyüklüyünə . Dahi sairimiz Bəxtiyar Vahabzadə deyir ki;

Yaz ayları çağıldayan selmisən?

Bu dünyanı oyuncaqmı bilmisən?

Həyat səni güldürəndə gülmüsən,

Hünərin var, ağladanda gül görüm.

Nə deyim, bəlkə də Ulu Tanrım məni bu yolda sınağa çəkdi. Şükür məsləhətinə . Elə ona görə də həyatın bu enişli - yoxuşlu yollarında, bu sənətdən ötrü hər əzaba sevə - sevə sinə gərdim. Əyildim, amma sınmadım İnanıram ki, göydə Tanrının yerdə isə saza, sənətə və sözə dəyər verən şəxsiyyətlərin sayəsində mənim çəkdiyim əziyyət nə zamansa öz bəhrəsini verəcək. İnanıram ki, nəhayət çox uzun fasilədən sonra mən ayrılmadan, fasiləsiz olaraq sizlərlə olacam mənim əzizlərim...

Söhbətləşdi: Namiq H.

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}