8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İkinci Dünya müharibəsinin bitməsinin ardından hərbi-siyasi bloklaşmaların acı fəsadları fonunda sülhün və təhlükəsizliyin əhəmiyyətini daha dərindən dərk edən dünya dövlətləri qoşulmama ideyası ətrafında birləşməyə meyil etdilər. Belə ki, Qoşulmama Hərəkatı Soyuq müharibə dövründə nə ABŞ, nə də Sovet İttifaqı ilə rəsmi şəkildə birləşməyə çalışmayan, lakin müstəqil və ya bitərəf qalmağa çalışan dövlətlərin təşkilatı kimi yaradılıb. Təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayanan Qoşulmama Hərəkatının prinsipləri ilə Azərbaycanın xarici siyasətində prinsipial kimi müəyyənləşdirilən dəyərlərin eyniliyi BMT-dən sonra dünya dövlətlərinin toplandığı ikinci mötəbər qurumla münasibətlərimizin daha da dərinləşdirilməsində əsas fundamental amil oldu.
Azərbaycan Qoşulmama Hərəkatı ilə münasibətlərini milli təhlükəsizlik maraqları kontekstində qurub. Çünki enerji siyasətimiz kimi xarici siyasətimiz də çoxvektorludur. Şübhəsiz ki, bu siyasət də Azərbaycana müxtəlif güc mərkəzləri arasında özünün milli maraqlarından çıxış edərək manevrlər etməyə imkan yaradır. Azərbaycanın nümunəvi sədrliyi ilə irəli sürdüyü təşəbbüslər müxtəlif tarixi, siyasi və mədəni inkişaf yoluna malik 120 ölkəni özündə birləşdirən QoşulmamaHərəkatına nüfuz qazandırır. Məhz bu effektiv sədrliyə görə 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın sədrlik müddəti uzadılmış oldu. Bu faktın özü dünya siyasi arenasında Azərbaycanın çəkisinə, onun liderinin şəxsi nüfuzuna verilən yüksək dəyərin əyani təzahür formasıdır.İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb."Bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək istərdim. Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Bu, bizim təşəbbüsümüz idi və bu təşəbbüs artıq özünü real həyatda göstərir. Eyni zamanda, Gənclər Platforması da yaradılır. Gənclər forumu keçiriləcək və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaqdır. Bizim sədrliyimiz bir daha göstərdi ki, Azərbaycan öz sözünə sadiqdir. Beynəlxalq arenadakı oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək - humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu, əlbəttə ki, böyük dərəcədə artırmışdır", - İlham Əliyev konfransdakı çıxışında vurğulayıb.Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı bundan sonra da mübarizə aparmağa davam edəcək. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslərin məqsədi həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirmək və bu təsisatın institusional inkişafına nail olmaqdır.
Məmmədli Könül
Suraxanı rayonunun fəal gənci