Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır


Ermənistan tərəfi təcavüzkar siyasətini davam etdirərək sentyabrın 12-də gecə saatlarından başlayaraq dövlət sərhədində genişmiqyaslı təxribatlar törədib. Bu, beynəlxalq hüququn norma və prinsiplərinin, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların, həmçinin əldə olunmuş digər razılaşmaların birbaşa və kobud şəkildə pozulmasıdır. Aydın görünür ki, Ermənistan Azərbaycanın bu ölkə ilə qarşılıqlı münasibətlərin normallaşdırılması istiqamətində səylərini pozmaqla məşğuldur və sülhə doğru atılan addımlara müxtəlif yollarla mane olmağa çalışır. 

Ermənistan sosial-iqtisadi, siyasi, mədəni-humanitar sferalarda olduğu kimi, hərbi sahədə də Azərbaycanla rəqabət aparmaq qabiliyyətinə malik deyil və bunu hazırda cəbhədə gedən döyüşlər də sübut edir. Ermənistan rəhbərliyi hərbi toqquşmaların kəskinləşməsi fonunda xaricdən ona dəstək veriləcəyi xülyası ilə yaşayır. Bütün fəaliyyəti siyasi avantüradan ibarət olan Nikol Paşinyan hələ də anlamır ki, xarici ölkələrin hökumət və dövlət başçılarının ona münasibətləri ziddiyyətlidir və bu da müəyyən səbəblərdən irəli gəlir. Belə ki, Nikol Paşinyan hakimiyyəti ələ keçirdiyi gündən başlayaraq, özünün qeyri-ciddi mövqeyi və çıxışları ilə diqqəti cəlb edir. O, reallıq hissini itirərək hesab edir ki, bütün Qərb dövlətləri ölkəmizə təzyiq göstərməlidirlər ki, Azərbaycan ermənilərə Cənubi Qafqazda ikinci dövlət yaratmağa imkan versin. 

Ermənistan hakimiyyəti məqsədli şəkildə təxribatlara əl atmaqla dünya ictimaiyyətində belə bir fikir formalaşdırmağa çalışır ki, hərbi əməliyyatlar Qarabağdan Ermənistan-Azərbaycan sərhədinə transformasiya olmuşdur. Nikol Paşinyanın niyyəti Azərbaycanı, guya, Ermənistanın ərazi bütövlüyünü bilərəkdən pozmaqda və güc nümayiş etdirməklə regional təhlükəsizliyə təhdid yaratmaqda günahlandırmaqdır. Beynəlxalq aləmdə vassal dövlət kimi tanınan Ermənistan dərin sosial-iqtisadi böhranla və kəskin daxili siyasi qarşıdırmalarla üzləşmişdir. Nikol Paşinyan hakimiyyəti Ermənistanda əhalinin diqqətini ağır vəziyyətdən yayındırmağın çıxış yolunu Azərbaycana qarşı hərbi təxribatlar törətməkdə görür ki, onun bu niyyəti də uğursuzluğa məhkumdur. Nikol Paşinyanın siyasəti nəticəsində Ermənistan ağır böhran dövrünü yaşayır ki, ermənilərin özləri belə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdəki çıxışlarında vəziyyətdən çıxış yolu tapılmasının çətin olduğunu bildirirlər. Ermənistanda ictimai-siyasi proseslər demək olar ki, nəzarətdən çıxmış, Nikol Paşinyanın "küçə demokratiyası” erməniləri aclıq və səfalətlə üz-üzə qoymuş, hakimiyyətdaxili qarşıdurmalar isə səngimir. 

Ermənistanda sosial-iqtisadi tənəzzülün daha da dərinləşməsi əhalinin iqtidara inamsızlığını artırır. Ermənistan kütləvi informasiya vasitələri açıq şəkildə bildirir ki, ölkənin daxili siyasi həyatında heç bir ciddi irəliləyiş yoxdur, hakimiyyətdən narazı vətəndaşların sayı getdikcə çoxalır. Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi də iflasa uğramışdır. Dünya ictimaiyyəti bilir ki, Ermənistan beynəlxalq hüquqa zidd mövqe tutur və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür. Ermənistan rəhbərliyi cəbhə bölgəsində hərbi təxribatlar törədərkən çirkin niyyətini ört-basdır etmək üçün yaydığı dezinformasiyalarla və feyk xəbərlərlə ictimai rəyi çaşdırmağa çalışır ki, biz bunun bir daha şahidi oluruq. Təbii ki, Ermənistanın bu cür əsassız iddialarla beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri mənasızdır və artıq dünya ölkələri yaxşı bilirlər ki, Azərbaycan dövləti yalnız özünün ərazi bütövlüyünü qəbul etdirməyə çalışır. 

Nikol Paşinyanın Ermənistanda hökm sürən böhrandan və siyasi qarşıdurmalardan əhalinin diqqətini yayındırmaq üçün Azərbaycana qarşı informasiya təbliğatı aparmaqla nəyəsə nail olması qeyri-mümkündür. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir. Daxili siyasi qarşıdurmalar, ağır sosial-iqtisadi problemlər, ermənilərin hərbi cəbhədəki uğursuzluqları Ermənistandakı mənəvi-psixoloji böhranı daha da dərinləşdirir. 

Milli Ordumuzun qarşısında Ermənistan çox gücsüzdür, buna görə də Nikol Paşinyan hakimiyyəti hərbi cəbhədəki məğlubiyyətini ört-basdır etmək məqsədilə Azərbaycanı dünya ictimaiyyətinə təcavüzkar dövlət kimi tanıtmağa çalışır. Lakin bu gülünc iddialar uğursuzluğa düçar olur. Ermənistan hakimiyyəti nə qədər ki, gec deyil revanşist siyasətindən əl çəkməli və Azərbaycanın irəli sürdüyü şərtləri yerinə yetirməlidir. Ermənistan tərəfi, o cümlədən revanşist qüvvələr hələ də anlamırlar ki, törətdikləri təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Onların qarşısında güclü və yenilməz, iki il öncə təcavüzkar ordularını məhv etmiş Müzəffər Ordu dayanır. Ona görə də reallıqlarla barışmalı, bu kimi təxribatlardan əl çəkməli, Azərbaycanın sülh səylərinə qarşılıq verməlidirlər. Yalnız bu, onların yeganə xilas yoludur.


Bəhram Bağırov,

Salyan şəhər 1 saylı humanitar təmayüllü məktəb-liseyin müəllimi. 




Oxşar Xəbərlər

Xəbər lenti