Zəngəzurun qapısı-qədim Qubadlı

1885-ci ildə ermənilərin Vyanada “Armenakan”, 1886-cı ildə Cenevrədə “Hnçaq”, 1890-cı ildə Tiflisdə yaratdıqları “Daşnaksütyun” terrorçu təşkilatlarının qarşılarına qoyduqları başlıca məqsəd 3 dövlətin-Rusiya, Türkiyə, İranın ərazisində yaşayan bütün erməniləri öz bayraqları altında birləşdirərək “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq ideyası idi. İlk gündən radikal terrorçuluq ideyasını əsas tutan bu partiyaların XIX əsrin axırlarından başlayaraq, türk soyundan olan xalqlara qarşı törətdikləri qanlı cinayətlər öz dəst-xəttinə, coğrafi arealına və qəddarlıq dərəcəsinə görə tarixdə bu qəbildən olan hadisələr sırasında daha çox seçilir.
2020-ci il oktyabrın 26-sı yeni Azərbaycan tarixinin növbəti şanlı səhifəsinə çevrildi. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciəti yenə də işğaldan azad olunan ərazilərimizin xoş müjdəsi ilə bitdi: ”Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!”
Prezident öz növbəsində onu da qeyd edir ki, Zəngilan,Qubadlı, Cəbrayıl rayonlarının sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir. Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur,bərpa edəcəyik .Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın.
“Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq,sona qədər qovacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”,-İlham Əliyev.
Cənab Prezidentin xalqa bu müraciəti, döyüşlərin sonrakı taleyi və azad edilmiş müqəddəs torpaqların Azərbaycan xalqı və Azərbaycan dövləti üçün misilsiz dəyərini özündə ehtiva edir.
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. 1930-cu ildə yaradılan rayonun ərazisi 802 min kvadrat kilometrdir. İşğal olunan zaman əhalisi 30323 nəfər olub.
Qubadlının işğalı ərəfəsində Hacılı kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar və tapılan numizmatik materiallar, o cümlədən Mesopotamiya mixi yazılarında rast gəlinən “Qubadlı” toponimləri rayonun qədim tarixinə işıq salır.
Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati vahidinə daxil idi. Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzur qəzasının tərkibinə daxil olmuşdur.
Əzəli Azərbaycan torpaqları olan Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi sonralar Qubadlı rayonunun iqtisadi inkişafını zəiflədib və Azərbaycan əhalisinin bir hissəsini Zəngəzur yaylaqlarından da məhrum edib.
1988-ci ilin fevral ayından Dağlıq Qarabağda başlanmış separatçılıq hərəkatı nəticəsində Ermənistanla həmsərhəd olan digər rayonlarımız kimi Qubadlı torpağına da təcavüzün əsası qoyuldu. Məqsəd Qubadlı əhalisini köçürmək, ərazisini Ermənistana birləşdirmək idi. 1993-cü il avqust ayının 31-i işğalınadək rayon 238 sakinini şəhid vermiş, 78 nəfər itkin düşmüşdür. 10 nəfər döyüşçü göstərdiyi şücaətə görə,Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Qubadlının işğalının acısını yaşayan Ulu Öndər Heydər Əliyev Azərbaycanın bu bölgəsinə və buranın sakinlərinə münasibətini belə ifadə edirdi: ”O torpaqlar əməksevər insanların qeyrət, bərəkət ünvanı idi. Qubadlılar Qarabağa,Laçına, Kəlbəcərə Ermənistandan gələn yolun üstündə möhtəşəm qala kimi dayanmışdı. ”O, qubadlılara deyirdi: ”Bu mülkün, bu varın sahibləri qaçqın vəziyyətində respublikanın cürbəcür bölgələrində çadırlarda yaşayırlar. Bu şübhəsiz ki, sizi də incidir, amma bilin ki, məni də həddən artıq incidir.”
Ermənilər işğaldan sonra “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının maddələrindən irəli gələn tələbləri pozduqları kimi, Qubadlı rayonunun Xanlq kəndində də xaricdən gətirilmiş ermənilərin qeyri-qanuni məskunlaşdırılmasını apararaq Ermənistan Cenevrə Konvensiyalarını heçə sayaraq cinayət törətmişdir. İlham Əliyevin də qeyd etdiyi kimi, xaricdə yaşayan erməniləri, xaricdə yaşayan ermənilərin vəsaiti ilə salınmış qanunsuz qəsəbələrdə məskunlaşdırmaqla növbəti saxtakarlıq nümunəsi göstərmişlər.
Qubadlının işğaldan azad olunması əməliyyatı 44 Günlük Vətən Müharibəsinin şanlı səhifəsidir. Zəngilan şəhəri 20 oktyabr 2020-ci ildə azad olunandan sonra sıranın Qubadlıda olduğu aydın idi. Ancaq rayon ərazisində ermənilər tərəfindən istehkamlar və əməliyyatların çətin olacağı gerçəkliyi hərbçilərimizdən xüsusi fədakarlıq tələb edirdi. Azərbaycan silahlı qüvvələrinin bütün mənsubları peşəkarlığını yüksək səviyyədə nümayiş etdirdi. Nəhayət, oktyabrın 25-də Şanlı Ordumuz Qubadlı şəhərini düşməndən təmizləyib Ali Baş Komandana raport verdi!
Azərbaycan Ordusu tərəfindən Qubadlının azad edildiyi gün Zəngəzura acılan qapı oldu. Qubadlının işğaldan azad olunması ölkəmizin iqtisadi qüdrətinə də müsbət təsir göstərəcək. Rayon ərazisində mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daş (əqiq) və şirin yeraltı su ehtiyatları mövcuddur.Qeyd edilən ehtiyatların hər biri Kəlbəcər-Laçın iqtisadi rayonunu digər iqtisadi rayonlardan fərqləndirən əsas cəhətlərdəndir.
Rayon ərazisində Bərgüşad, Həkəri çayları və onların qolları(Ağaçay, Kiçik Həkəri və Meydan dərəsi və s.) axır. Erməni işğalçılıq siyasətinin tərkib hissəsi olan iqtisadi cinayətkarlıq bu çayların istismarı ilə də bağlıdır. Belə ki, 2009-cu ildə inşasına başlanılan 3 su elektrik stansiyası 2011-ci ildə fəaliyyətə başlamışdı. Daha 3 stansiyanın tikintisinə başlamaq istəyən Ermənistanın arzusunu Azərbaycan ordusu xülyaya çevirdi.
Bütün yollar Qarabağa aparır. Bu yollar İlham Əliyev tərəfindən təsdiq edilmiş işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və layihəsi çərçivəsində tikilir. Qarabağ və Şərqi Zəngəzur ərazisində icra olunan mühüm yol infrastrukturu layihələrindən olan Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının inşası sürətlə davam edir və qan damarlarımıza çevrilir. Yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından götürür.
Qubadlı işğaldan azad olunandan sonra Ali Baş Komandan dəfələrlə bölgəyə səfər etmişdir. 25 oktyabr 2021-ci il tarixli səfərində İlham Əliyev Qubadlı rayon sakinlərini Qubadlıya dəvət etmiş və Qubadlı Zəfərinin ildönümünü onlarla birlikdə qeyd etmişdir. Cənab Prezident Milli Qəhrəman Şükür Həmidovun əziz xatirəsini qeyd etmiş, Qubadlı şəhərinin Baş planının hazırlanması, Qarabağ ərazisində 7-ci olan yeni yarımstansiyanın açılışı haqqında məlumatlar vermişdir. Qeyd olunmuşdur ki, bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır.
Nəhayət, 19 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin əsasını qoyublar.
Zəfərinin ikinci ildönümü ərəfəsində Qubadlı yüksələn xətlə inkişaf edir.
Tarixin məğlub dövləti Ermənistan isə hələ də revanşist duyğulardan qurtara bilmir. Amma unutmamaq lazımdır ki,Dəmir Yumruq həmişə öz yerindədir!
Şəlalə Əsgərova

Suraxanı rayonu 196 nömrəli tam orta məktəbin tarix müəllimi



Oxşar Xəbərlər

Xəbər lenti