Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir

Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyona çatıb. Bu, ölkədə gedən müsbət meyillərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür".

   Güclü iqtisadiyyat, güclü sosial siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması, demokratiyanın inkişafı, siyasi islahatların aparılması və dərinləşməsi - bütün bunlar Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir. Onların hamısı Azərbaycanda vardır və bütün istiqamətlərdə islahatlar aparılır. Bizim əməlimizlə sözümüz arasında heç bir fərq yoxdur. Biz müstəqil siyasət aparırıq, öz gücümüzə arxalanırıq, öz hesabımıza yaşayırıq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

    Əhali və onun strukturu ilə bağlı kəmiyyət və keyfiyyət göstəriciləri milli gücün əsas elementləridir və təbii ki, Azərbaycan xalqının genofondunun qorunması, miqrasiya və demoqrafiya kimi məsələlər milli təhlükəsizlik baxımından olduqca mühümdür. Bu baxımdan, sosial sahələrin və insan kapitalının inkişafı “İnkişaf Konsepsiyası”nın əsas prioritetlərindən biridir. Təhsil və səhiyyədə keyfiyyətin yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin olunması və ailənin inkişafı, gənclərin  potensialının və idmanın inkişaf etdirilməsi bu prioritet çərçivəsində əsas istiqamətlərdir.  BMT- nin ekspertləri tərəfindən işlənmiş və 1990-cı ildə təqdim olunmuş insan inkişafı konsepsiyası davamlı inkişafın əsas və yeganə məqsədini – əhalinin rifahını vurğulayır. Eyni zamanda, sosial-iqtisadi inkişaf yolunda əhalinin rifahının təminatı hər bir dövlət üçün əsas məqsəd kimi hesab olunur. Beləliklə, insan inkişafı və sosial-iqtisadi inkişaf qarşılıqlı əlaqəlidir və bir-birini şərtləndirirlər.İnsan inkişafının demoqrafik aspektləri əhalinin sağlamlığı, ömür uzunluğu, əhalinin yaşlaşması, doğum, reproduktiv sağlamlıq və digər geniş sahəli məsələləri özündə cəmləşdirir.

    Azərbaycan Respublikasının müasir demoqrafik tarixi 1990-2002-ci illər və 2003-cü ildən başlanan dövrlərə bölünə bilər. 1990-cı ilin əvvəllərində Azərbaycan Respublikası Sovet İttifaqının müstəqillik yoluna qədəm qoymuş bir çox keçmiş ölkələri kimi, bazar iqtisadiyyatı və demokratiyanın inkişafı istiqamətində bir çox dəyişikliklərə məruz qalmışdır. Keçid dövrünün bir sıra iqtisadi və sosial problemlərinin qarşıya çıxması ilə yanaşı, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Belə ki, nəticədə 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4011 nəfər itkin düşmüşdür. 4 minə yaxın müəssisə və 30 min iş yeri itirilmiş, bir milyondan çox qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların sosial problemləri ağır yük kimi gənc müstəqil dövlətin üzərinə düşmüşdür. Belə şəraitdə inkişafın sosial aspekti daha çox əhəmiyyət kəsb edir. Bu dövrdə ictimai gərginliyi aradan qaldırmaq üçün yerinə yetirilən tədbirlər – mütəmadi olaraq əmək haqqının 2-3 dəfə artırılması, çoxsaylı imtiyazların tətbiqi və s. tədbirlər ölkənin real iqtisadi imkanları ilə uyğun gəlmədiyinə görə əks effekt göstərdilər və inflyasiya proseslərini sürətləndirdilər. Bütövlükdə ölkəni bürüyən böhran 90-cı illərdə  başladı və əhalinin həyat səviyyəsinin aşağı düşməsi ilə müşayiət olundu ki, bu da ölkənin demoqrafik inkişafına da mənfi təsirini göstərdi. Beləliklə, 1990-2002-ci illər dövründə Ümummillli Lider Heydər   Əliyevin bu sahədə atdığı addımlar tezliklə öz konkret nəticələrini göstərməyə başladı. Ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda  demokratiyanın, qanunvericiliyin  formalaşması  üçün geniş imkanlar yaratmışdı. 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar, əldə olunmuş davamlı makroiqtisadi sabitlik, əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi, yoxsulluğun azaldılması və əhalinin həyat səviyyəsinin yüksəlməsi demoqrafik inkişafa da müsbət təsir göstərmişdir. Bu dövr ərzində əhalinin sağlamlığının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində ölüm səviyyəsinin azalması, xüsusən körpə ölümünün, doğulanda gözlənilən ömür uzunluğu göstəricisinin artması, ölkədən miqrasiya axınının azalması və müsbət miqrasiya saldosuna tədricən keçid müşahidə olunur.

     Ümumi sosial siyasətin bir hissəsi kimi demoqrafik siyasət hazırda Azərbaycan Respublikasında xüsusi aktuallıq daşıyır. Bununla əlaqədar olaraq, demoqrafik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail olmaq və demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə 1999-cu ildə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” qəbul edilmiş və onun əsasında Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2004-cü il tarixli Sərəncamı ilə “Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqram əhalinin optimal təkrar istehsalına nail olunması, ölüm səviyyəsinin azaldılması, orta ömür uzunluğunun artırılması, ana və uşaqların müdafiəsinin gücləndirilməsi, ailənin inkişafı üçün əlverişli sosial-iqtisadi zəmin yaradılması və miqrasiya proseslərinin tənzimlənməsi üçün zəruri tədbirləri özündə əks etdirir. Əhalinin demoqrafik quruluşunda ən vacib göstəricilərdən birincisi əhalinin yaş-cins strukturudur. Əhalinin yaş-cins strukturu 3 əsas prosesin təsiri altında formalaşır:Doğum;Ölüm;Əhalinin miqrasiyası.

      2018-ci ildə Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Yeni hesabatda 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşan Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir.  Bütün bunlar onu göstərir ki, müasir inkişaf dövrünü yaşayan Azərbaycanın imkanları genişlənir və bu, dövlətimizin dünyada nüfuzunun ildən-ilə artmasına səbəb olur. Bu gün artıq Azərbaycan özünü dünya miqyasında müstəqil siyasət aparan ölkə kimi təqdim edir. Bunun təməlində Cənab Prezidentin və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ümummilli Lider Heydər Əliyevin ideyalarına, irsinə olan sadiqlik, güclü siyasi iradə, gərgin əmək,  yüksək şəxsi keyfiyyətlər, xalqla sıx təmas dayanır. Dünyada risklərin, təhlükələrin artdığı, qanlı münaqişələrin, hərbi qarşıdurmaların geniş vüsət aldığı bir şəraitdə Azərbaycanda insanlar üçün sabitlik, təhlükəsizlik şəraiti təmin edilmişdir. Bu gün təhlükəsizlik və ictimai asayiş baxımından Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrində biridir. Ölkə başçısının yürütdüyü siyasət Azərbaycan xalqının maraqları üzərində qurulub və  bu maraqları təmin etmək üçün  bütün imkanlar səfərbər olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd edir ki, “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır”. Biz bunu daim görürük, vətəndaşlarımız  görürlər. Ölkə başçısının imzaladığı hər bir Fərman və Sərəncam onların rifah halının yaxşılaşdırılmasına səbəb olur.  Çox önəmli faktdır ki, hər il ölkə başçısının imzaladığı fərman və sərəncamların 65 faizi məhz sosial yönümlüdür. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial  problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Gəncliyin inkişafı, onların problemlərinin həlli və perspektivdə atılacaq addımlar dövlətimizin bu təbəqəyə olan xüsusi diqqətinin nümunəsidir. Gənclərin milli mənlik şüurunun inkişafı onlarda vətənpərvərlik hirslərinin aşılanmasına öz təsirini göstərir.  

Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında Bakıda Gənclər Mərkəzinin və regionlarda “Gənclər evi”nin inşa edilməsi, Gənclər Fondunun yaradılması, gənclərin asudə vaxtının təşkili, gənclərin məşğulluğunun təmin edilməsi və s. İşlərin görülməsi nəzərdə tutulub. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövlətinin gənclərlə bağlı yeritdiyi siyasət uğurludur.    Sözügedən proqram ölkə başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Təsəadüfi deyil kiAzərbaycanda bu gün uğurlu gənclər siyasəti həyata keçirilir. Sözügedən siyasət, eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub desək, yanılmarıq. Məsələ ondadır ki, son dövrlər dövlət gənclərlə bağlı sosial dəstək, gənclərin asudə vaxtını səmərəli keçirməsi ilə bağlı layihələrə xüsusi önəm verir. Sözügedən dəstəyin mühüm istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər ölkəmizdə gənclərlə bağlı görülən bir sıra işlər və bu çərçivədə həyata keçirilən layihələr gənclərin hərtərəfli inkişafının təmin olunması üçün sosial-iqtisadi, təşkilati təminatların yaradılmasını sürətləndirib. Bununla yanaşı, onların ictimai həyatda fəallığının artmasına kömək edib. Təsadüfi deyil ki, bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sektorlarında aktiv fəaliyyəti ilə seçilir, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına, onların asudə vaxtının səmərəli təşkilinə yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını təmin etməkdədir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu da dövlət gənclər siyasətinin həyata keçirilməsində olduqca böyük rola malikdir. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə yaradılan bu fond Azərbaycanın gələcəyi, həmçinin bu gələcəyin qarantı olan gənclər üçün açılmış tarixi bir hadisədir. Fəaliyyət göstərdiyi 5 il ərzində fondun gördüyü işlərə nəzər salanda, doğrudan da, uğurlu və dinamik bir inkişafın gerçəkləşdiyinin şahidi oluruq.Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılıb.

     Artıq Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şirvan, Qazax, eləcə də Bakının Binəqədi, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı rayonlarında gənclər evləri inşa olunaraq gənclərin istifadəsinə verilib. Şəki, Bərdə, Quba və Şamaxı rayonlarında gənclər evlərinin tikintisi davam edir və ilin sonunadək onlar da hazır olacaq. Hazırda gənclər evlərinin sayı 37-yə çatıb.

     Əsas məqsəd gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi, həmçinin müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında onların fəaliyyətinə yardım göstərilməsidir.

Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələrə nümunədir. Prezident İlham Əliyev gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir. Əminliklə deyə bilərik ki, ölkəmizdə həyata keçirilən gənclər siyasəti bir çox ölkələrə nümunədir. Dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayği ildən-ilə artırılmaqdadır. Yüksək intellekti və bacarığı ilə seçilən gənclərin dövlət idarəetmə işlərinə cəlb olunmasi deyilənləri bir daha təsdiqləyir. Beləliklə, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gənclərimizin dövlət başçısının ətrafında sıx birləşməsi isə bir daha bəyan edir ki, ölkəmiz daha böyük qələbə və uğurlara imza atacaq.

Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da ulu öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi.Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.

Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da qoşuldular – könüllü olaraq, öz təşəbbüsləri ilə. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri şəbəkələrdə üstünlüyü əldə edərək paylaşılan məlumatın həqiqi və təsirliliyinə nail oldular.

Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.Bu gənclik göstərdi ki, Azərbaycanda dünya səviyyəsində rəqabət aparmaq gücündə olan gənclik formalaşıb.

Ünsiyyə Həsənzadə

Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti