TƏRTƏR SAKİNİ DÖVLƏT MƏŞĞULLUQ İDARƏSİNDƏN ŞİKAYƏTÇİDİR – “Ailəmi dolandıra bilmirəm, imkanım çox zəifdir, bu heyvanlara çox ehtiyacım var…”


Tərtər rayonu, Cəmilli kənd sakini Məmmədov Fərid Müzadil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, 5 ildir müraciət etdiyi müvafiq qurumdan cavab ala bilmir:

“Mən, Məmmədov Fərid Müzadil oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

5 ildir ki, müraciət etdiyim qurumdan mənə cavab gəlmir. Bütün sənədlərimin düz olmasına baxmayaraq, dövlət tərəfindən kasıblara ayrılan mal-qara mənə verilmir.

Ailəliyəm, 2 uşaq sahibiyəm, maddi cəhətdən çox sıxıntı çəkirik. Cənab prezident tapşırıq verib ki, kasıb ailələlərə mal-heyvan verilsin, amma vermirlər. Tək mənə yox, bir neçə ailəyə vermirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tərtər rayonunun Kolanı kənd üzrə səlahiyyətli nümayəndəsi Ağamoğlan müəllim (Ağamoğlan İsmayılov- red.) məni aldadaraq, dövlət tərəfindən ayrılan iribuynuzlu heyvanı vermir. Bu insan 5 ildir mənim başıma oyun açır. 1 həftə əvvəl yenidən qəbuluna getdim, sual verdim ki, bu heyvan mənə düşür, düşmür? Dedi ki, “düşür, gözlə”. Cavab verdim ki, “5 ildir gözləyirəm, artıq nə qədər gözləməliyəm?! Başqa yerlərə, prezidentə məktub yazıb sizdən şikayət edəcəyəm”, - dedim. Mənə dedi ki, “kimə istəyirsən, get şikayət et, vermirəm, vaxtı çatanda verəcəm”.

Tərtər rayonunun icra başçısı və ikinci müavini tapşırıq versə də, Ağamoğlan müəllim mənim və ailəmin haqqı olan iribuynuzlu heyvanları bizə vermir. Ailəmi dolandıra bilmirəm, imkanım çox zəifdir, bu heyvanlara çox ehtiyacım var. Ağamoğlan müəllim məni təhqir edərək otaqdan qovur.

Sizin redaksiyadan xahiş edirəm ki, mənim şikayətimi lazımi orqanlara çatdırasınız”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq İdarəsinin səlahiyyətli nümayəndəsi Ağamoğlan İsmayılovla əlaqə saxladıq. O bildirdi ki, şikayətçinin heç bir iddiasını qəbul etmir: “Bəli, həmin şəxs qəbulda olub, biz də ona bildirmişik ki, gözləməlisiniz. Ümumiyyətlə, hər bir vətəndaş sistemdə öz məlumatlarını görə bilər. Əgər vətəndaş portaldan istifadə qaydasını bilmirsə, o zaman bizə müraciət edir, biz də portala baxıb onun ballarını deyirik. Şikayətçinin hal-hazırda 107 balı var… Qəbulda olan zaman biz ona başa salmışıq ki, balınız tam çatmır. Növbədənkənar müraciət etmək istədiyini dəfələrlə desə də, mümkün olmadığını demişik”.



Oxşar Xəbərlər

Xəbər lenti