13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
Hər bir millətin inkişafında, onun informasiya təhlükəsizliyində və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu əvəzsizdir. Azərbaycan mediası da bu istiqamətdə üzərinə düşən vəzifəni daim layiqincə yerinə yetirib. Xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan jurnalistlərinin cəbhə bölgələrində həyatlarını riskə ataraq fəaliyyət göstərməsi, xalqımıza və dünyaya gerçək informasiyaların çatdırılması yolunda göstərdiyi fədakarlıq heç vaxt unudulmayacaq.
Azərbaycan mediası təkcə müharibə dövründə deyil, həm də postmüharibə mərhələsində işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərini, vətənə qayıdış prosesini və dövlətimizin informasiya siyasətini ardıcıl şəkildə izləyərək ictimaiyyətə çatdırmağa davam edir. Bu baxımdan, jurnalistlərimiz yalnız informasiya daşıyıcısı deyil, həm də həqiqətlərin təbliğatçısı, milli maraqlarımızın qoruyucusudur.
Ölkəmiz bu sahədə beynəlxalq əməkdaşlığa da xüsusi önəm verir. Azərbaycan və Türkiyə arasında media sahəsində imzalanmış strateji əməkdaşlıq memorandumu, iki qardaş ölkənin informasiya mübarizəsində birgə fəaliyyətini təmin edir. “Birgə Media Platforması” çərçivəsində təcrübə və məlumat mübadiləsi aparılır, dezinformasiyaya qarşı mübarizə gücləndirilir və rəqəmsal media imkanları inkişaf etdirilir.
Bununla yanaşı, 2023 və 2024-cü illərdə Şuşada keçirilmiş Qlobal Media Forumu həm yerli, həm də beynəlxalq jurnalistləri bir araya gətirərək “Yeni media”, “Yalan məlumatların ifşası”, “Dezinformasiyaya qarşı mübarizə” kimi mühüm mövzuların müzakirəsinə imkan yaratdı. Bu tədbirlər Azərbaycanı qlobal informasiya mübarizəsinin fəal iştirakçısı kimi tanıdır və ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır.
Bu gün hər bir media təmsilçisinin üzərinə düşən vəzifə daha məsuliyyətlidir: informasiya axınının sürətləndiyi bir dövrdə cəmiyyətin doğru məlumatlandırılması, milli maraqların qorunması və həqiqətlərin təbliği istiqamətində daim ayıq, diqqətli və peşəkar olmaq zəruridir. Çünki müasir dövrdə informasiya artıq strateji gücdür.
Aygün Məlikova
Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Sozcu.info