Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Yeni minilliyin ilk yüzilliyi tarixə bəşər cəmiyyətinin əmtəə məhsul istehsalından əqli məhsul istehsalına keçid dövrü kimi düşəcək. Əmtəə məhsul istehsalından əqli məhsul istehsalına keçid şüurlu insanın (Homo sapiens) tarixin səhnəsinə çıxdığı zamandan günümüzə qədərki bir dövrün bitməsi və yeni dövrün başlanması deməkdir. Tarixçilər şüurlu insanın tarixin səhnəsinə çıxdığı gündən məruz qaldığı təkamül dövrlərini mərhələlərə bölürlər. Ancaq istehsalın dəyərləndirilməsi baxımından həmin dövrü bütövlükdə əmtəə məhsul istehsalı dövrü adlandırmaq olar. Artıq bəşər tarixinin yeni mərhələsi başlayır. Bu dövr özünün sürətlə dəyişməsi ilə əmtəə məhsul istehsalı dövründən fantastik dərəcədə sürətli olması ilə fərqlənir. Bu gün bəşər övladının inanılmaz uğuru sayılan kəşflər çox qısa zamandan sonra yenisi ilə müqayisədə ibtidai məhsul kimi görünür. Bəşəriyyət icad olunanı tam qavramamış gündəmə yenisi gəlir. Əqli məhsul istehsalı prosesində yaşanan kosmik sürətli yeniləşməni Azərbaycandan və ümumiyyətlə postsovet məkanından izləmək çox çətin, hətta bəzən mümkünsüz olur. Rusiyanın ən bahalı şirkətinin - "Sberbank”ın prezidenti German Qref 2016-cı ildə Moskvadakı elitar "Skolkovo” biznes məktəbindəki çıxışında dünyada baş verən dəyişikliklərdən danışıb. O, ABŞ-a səfəri çərçivəsində "Netflix” şirkətində gördüklərindən heyrətə gəldiyini deyib: "Yaxşı olardı ki, mən heç oraya getməyim. Çünki, orada özümü mamont (Buzlaq dövrünün başa çatması ilə nəsli kəsilmiş canlı) kimi hiss etdim”. "Sberbank”ı Rusiyanın ən bahalı şirkətinə və modern bankına çevirməyi bacarmış, rəhbərlik etdiyi şirkətdə müasir texnologiyaları uğurla tətbiq etmiş sabiq nazir German Qrefi dediklərində haqlı saymamaq olmaz. Azərbayanda isə nə yeni yüzilliyin, nə də yeni minilliyin siyasi-iqtisadi münasibətlər sisteminin işartırlarını görmək mümkün deyil. Neft istehsalı üzərində qurulmuş iqtisadiyyatdan pambıq və barama istehsalı üzərində qurulacaq istehsal prosesinə keçid edirik. Yeni iqtisadi modellər və dünyada baş verən texnoloji inqilab barədə, əmtəə məhsul istehsalından əqli məhsul istehsalına keçid haqqında akademik Rafiq Əliyev, sabiq millət vəkili Gültəkin Hacıbəyli və Ratqers Universitetinin azərbaycanlı professoru Qubad İbadoğlu tərəfindən Azərbaycan cəmiyyətinə ünvanlanmış mesajların isə toplum tərəfindən dərk edildiyini söyləmək mümkünsüzdür. Ancaq bu mesajların tam təsirsiz qaldığını da düşünmək olmaz. Qubad İbadoğlunun gəncləri seçdikləri ixtisası dərindən mənimsəmək, ali təhsilin növbəti pilləsini xaricdə oxumaq və əcnəbi dillərdən birini mükəmməl öyrənməyin zəruri olması ilə bağlı tövsiyəsi isə artıq Azərbaycan cəmiyyətində yeni bir mərhələ başlatmaq ərəfəsindədir. "Qubad İbadoğlunun tövsiyələrinə sözardı” başlıqlı məqaləmdə hansı əcnəbi dilin öyrənilməsi, "Azərbaycan gənci ali təhsili harada almalıdır?”, - başlıqlı məqaləmdə gəncliyin ali təhsil almaq istərkən seçim etməli olduğu istiqamət üzrə doğru hesab etdiyim fikirlərimi bölüşmüşdüm. Bu məqaləmdə gəncliyin hansı ixtisası seçməsinin daha doğru ola biləcəyi ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Azərbaycanda gənclərin əksəriyyəti, həm də daha savadlılar çox böyük həvəslə hüquq təhsili almağa can atır. Ali məktəblərə qəbul zamanı rəqabətin ən çox müşahidə olunduğu sahə də məhz hüquqşunaslıq ixtisasıdır. Amma Azərbaycandakı bu mənzərə dünyada baş verən proseslərlə ziddiyyət təşkil edir. Hələ 2017-ci ildə İ. Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxış edən G. Qref üzünü gələcəyin hüquqşünaslarına tutaraq demişdir: "Cənab hüquqşünaslar, siz daha mənə lazım deyilsiniz. Neyroşəbəkə məhkəməyə sizdən daha daha yaxşı iddia ərizəsi hazırlayır. "Sberbank”da ötən il (2016-cı il nəzərdə tutulur-red.) 450 hüquqşünas ixtisar etmişik”. Bu yalnız Rusiyada, "Sberbank”da baş verənlər deyil. Qərbdə hələ əsrin ilk illərində başlayan, Rusiyaya isə 2015-ci ildən çatan bu proses tələb olunan ixtisaslarla bağlı siyahıda əhəmiyyətli dərəcədə dəyişikliyə səbəb olub. İndi kompüter və informasiya texnologiyaları üzrə ixtisaslar cədvəlin ön sırasında yer alır. Bu proses informasiya texnologiyalarının tətbiqinin genişlənməsi ilə daha da artacaq. German Qref hesab edir ki, çox yaxın zamanlarda bankların indiki formasından əsər-əlamət qalmayacaq. Strukturunun tamamilə dəyişərək kiçiləcəyinə görə banklarda çox ciddi ixtisarların gözlənildiyini pronozlaşdıran G. Qref gəncləri ənənəvi bank mütəxəssisi təhsili almaqdan çəkinməyə çağırır. Azərbaycanda belə çağrışlara rast gələ bilməzsiniz. Amma bu, həmin proseslərin Azərbaycanda da yaşanmayacağı anlamına gəlmir. Bankomatların tətbiqi müştərilərin banka müraciətlərini azaltdığı kimi, bankların maliyyə əməliyyatları üzrə mütəxəssislərə tələbatını da azaldıb. Rəqəmsal iqtisadiyyatın dərinləşməsi isə həmin bankomatlara ehtiyacı aradan qaldıracaq. Bu gün Qərbdə insanların banka getməsi nadir hadisəyə çevrilməkdədir. Eyni tale bütün dünya ölkələrini gözləyir. Buna görə də, gənclər bank işçisi olmaqla bağlı arzularını yenidən götür-qoy etməlidirlər. Nüfuzlu mərkəzlərdən birinin dünya üzrə apardığı araşdırmaya görə, on il sonra kompüter elmləri və informasiya texnologiyaları üzrə mütəxəssisə tələbat o qədər artacaq ki, hazırda bu ixtisas üzrə təhsil alanlar yaranmış ehtiyacı ödəyə bilməyəcəklər. Ona gərə də Azərbaycanın Təhsil Nazirliyi dövlətin digər qurumları ilə birlikdə beş, on, onbeş, iyirmi il sonra hansı ixtisaslara tələbatın olacağı ilə bağlı ciddi araşdırmalar aparmalı, böyüməkdə olan nəslin doğru seçim etməsinə istiqamət verməlidir. Əks halda gənclər ali məktəbə qəbul ərəfəsində hansısa ixtisasların ləğv olunacağından xəbər tutmaqla başqa ixtisas seçmək məcburiyyətində qalacaqlar. Necə ki, Nazirlər Kabineti 11 fevral 2019-cu il tarixli, 45 saylı qərarı ilə bu zamana kimi qüvvədə olan "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibbtəhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”na dəyişiklik edərək mövcud ixtisasların sayını 175-dən 148-ə endirdi. Mütəxəssislər isə bu qərarı gecikmiş və yarımçıq addım kimi qiymətləndirirlər. Belə görünür ki, bu sahədə fundamental işlər görülməlidir. Amma Təhsil Nazirliyi bu vəzifənin öhdəsindən gəlmək potensialına malik deyil. Bu isə böyüməkdə olan Azərbaycan gəncliyinin dövrün çağrışlarına hazır olmayacağını indidən proqnozlaşdırmağa imkan verir. Dövlət orqanlarının öz üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirə bilmədiyi bir zamanda, Azərbaycan ziyalısının üzərinə daha çox vəzifə düşür. Böyüməkdə olan nəsli doğru yönləndirmək bu gün Azərbaycan ziyalısının üzərinə düşən əsas vəzifədir. Professor Qubad İbadoğlu gənclərə tövsiyəsində öz üzərinə düşən vəzifəni yerinə yetirməklə cəmiyyətin, xüsusilə də onun ziyalı təbəqəsinin diqqətini bu məsələyə yönəltdi. Bundan əvvəl tanış olduğunuz "Qubad İbadoğlunun tövsiyələrinə sözardı” və "Azərbaycan gənci ali təhsili harada almalıdır?”,- məqalələrim və oxuduğunuz bu məqalə də prosesə öz töhvəmi vermək niyyətindən yarandı. Əlbəttə, bu məqalələr də böyüməkdə olan yeni nəsli dövrün tələblərinə cavab verəcək şəkildə hazırlamaqla bağlı görülməli olan işlərin hamısını əhatə etmir və edə də bilməz. Ancaq bu məqalələrin faydalı olacağını düşünür və məqalələrimin cəmiyyətə çatdırılmasına dəstək verən sayt və qəzet redaksiyalarının kollektivinə təşəkkürümü bildirirəm.
Xəqani Cəfərli,
politoloq