Ölkədə müəmmalı çalxalanma - Qazi intiharı, AMEA-ya “ölüm hökmü” və Əli Nağıyevin SOS siqnalı


Bu günlərdə AzTV-nin AMEA-dan hazırladığı ala-çiy bir süjet ölkə gündəmində böyük tozanaq qopardı. Bu süjetdən sonra iqtidarlı-müxalifətli hamı yenə "bir həsir, bir Məmmədməsir" olan AMEA-nın üstünə düşdü.

Kimi dedi ki, AMEA çox "qocalıb", müasir elmi proseslərdən, yaradıcılıqdan geridə qalır, kimi dedi, bu qurumda kadr islahatları davam etməlidir, kimi də baltanı kökündən vurdu: AMEA ləğv edilməlidir!

O biri tərəfdən, AMEA-ya qahmar çıxanlar, AzTV-ni “topa tutanlar” da oldu: "süjet qərəzlidir", AzTV özü yaman gündədir, hər il ayrılan 30 milyon manat havaya sovrulur, material sifariş əsasında hazırlanıb və s.

Bununla da AzTV-nin ala-yarımçıq süjetinin qopardığı tozanaq yatdı.

Fəqət...

Fəqət, doğrudanmı, məsələ AMEA-da işçilərin işə vaxtı-vaxtında gəlməməsi və ya bir az da geniş götürsək, bu qurumun faydalı iş əmsalının, səmərəlilik, keyfiyyət və məhsuldarlığının aşağı olması ilə bağlı idi? Axı, AMEA neçə illərdir bu vəziyyətdədir. Ramiz Mehdiyevə qədər də belə idi, onun vaxtında da, ondan sonra da... Deməli, söhbət heç də AMEA akademiklərinin iş qrafiki və ya iş əmsalı ilə bağlı deyildi!

Bəs, o zaman bu tozanaq niyə qoparıldı? Bu, qısa süjetlə kimlərə və hansı mesaj verildi?

Paralel düz xətlər kəsişmir deyirlər, amma hər halda AMEA tozanağına paralel baş verən hadisələrə nəzər salmaqda fayda var. Özü də bu hadisələrin sırası xeyli zəngindir.

Başlayaq elə qazi Elvin Cəfərovun intiharından... Bu hadisənin bir çox təfərrüatları hər kəsə bəllidir. Bu məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və yəqin ki, sonda məsələyə lazımi hüquqi qiymət veriləcək. Ancaq gəlin etiraf edək ki, bu hadisənin baş verdiyi günlərdə ondan yalnız hakimiyyətə deyil, Azərbaycan dövlətinə qarşı da istifadəyə cəhdlər olurdu və bunu görməmək mümkün deyildi... Ancaq məsələ kontrola alındı... Sonra nə baş verdi?

Sonra İsrailin Bakıdakı səfiri Corc Dikin qalmaqallı Təbriz paylaşımı gündəm oldu... Bu cavan diplomat 2014-cü ildə nəşr edilən "Təbrizin sehrli nağılları" adlı kitabı əlinə alıb şəkil çəkdirdi və Tvitterdə paylaşdı. 8 il əvvəl nəşr olunan bu kitab demək olar ki, ölkədə heç kimin yadına düşmürdü. Səfirin bu paylaşımı isə İsrail və İran arasında növbəti diplomatik gərginliyə səbəb oldu. Onu da qeyd edək ki, buna qədər İran rəsmiləri yenə də Azərbaycanı təhdid edən bəyanatlar səsləndirir, "Ermənistanın İran üçün qırmısı cizgi olduğunu vurğulayır", heç bir farsın yaşamadığı Qafanda konsulluq açmağa hazırlaşdığını bəyan edirdi.

Səfirin paylaşımının yalnız Azərbaycanının o tayı və bu tayında deyil, bütün dünyada rezonans doğurduğu, ABŞ, İtaliya və digər ölkələrdən olan nüfuzlu şəxslərin Təbriz paylaşımına dəstək verdiyi günlərdə o qədər əhəmiyyət verilməsə də, Azərbaycan gündəmində başqa bir xəbər də dolaşırdı: Azərbaycanda sabitliyi pozmaq üçün Rusiya və İranda bəzi təxribat qrupları hazırlanır. Azərbaycandan olan keçmiş yüksək rütbəli hərbçilər bu işə cəlb olunub, onlara İranda təlimlər keçilib və s.

Belə xəbərlərin yayıldığı və narahatlığın artdığı bir dönəmdə İsrailin ardıca Türkiyə də İranla Azərbaycan arasında gedən əsəb müharibəsinə növbəti dəfə reaksiya verdi. Türkiyə Prezidenti Ərdoğan "Azərbaycan bizim qırmızı cizgimizdir" dedi!

Başqa bir çox hadisə və məqamların üzərində də dayanmaq olar, lakin qısaca olaraq, onlardan 2-ni qeyd edəcəyik. Bu, tam açıq şəkildə olmasa da, qonşu dövlətlər tərəfindən Azərbaycana qarşı təxribatlar hazırlandığının rəsmi etirafı idi.

Əvvəlcə parlamentin vitse-spikeri Adil Əliyev Azərbaycanda "5-ci kolon"un fəallaşdığından danışdı və hətta hazırda onun hakimiyyətdə təmsilçilərinin olduğunu da vurğuladı. İki gün əvvəl - iyulun 26-da isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasında çıxışında bildirdi ki, bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələr regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyəti mütəmadi davam etdirirlər.

Beləliklə, baş verənlər doğrudan da Azərbaycan əleyhdarlarının - Rusiya, İran və Ermənistanın işbirliyində olduğunu, onların dəstəyi ilə Azərbaycanda "5-ci kolon"un fəallaşdığını deməyə əsas verir.

İndi deyəcəksiniz ki, bütün bunların AzTV-nin məlum süjeti, AMEA ilə nə əlaqəsi? Başqa bir qaranlıq məsələ də var: Azərbaycanda hamı "5-ci kolon"un varlığından danışır, lakin heç kim onun təmsilçilərinin adını çəkmir. Hətta bir çoxları Ramiz Mehdiyev "vurulduqdan" sonra "5-ci kolon"un varlığına da inanmır...

Bakupost.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}