8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şahin Mustafayev nazir olduqca, heç nə dəyişməyəcək
İyulun 30-da Bakıda və Azərbaycanın bütün bölgələrində çörəyin pərakəndə satış qiymətini 10 qəpik artması haqqında məlumatlar ölkənin gündəminə bomba kimi düşdü. Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti dərhal bildirib ki, vəziyyətə nəzarət edir və artım gözləmədiyini bəyan etsə də, hələ bu xəbərdən əvvəl 40-50 kiloqramlıq un kisəsinin qiymətinin 1-2 manat civarında artması məlumatı yayılmışdı. Məlumatda o da qeyd olunurdu ki, bununla əlaqədar bir sıra çörək istehsalçısı qiyməti artırmaq niyyətindədir. Çörəyin bahalaşması hər kəsdə, xüsusilə hökumət nümayəndələrində narahatlıq doğursa da, bu çox təbii prosesdir. Məsələ ondan ibarətdir ki, Azərbaycan çörək istehsalı üçün taxıl və unu əsasən idxal edir. Qeyd etmək istərdik ki, Azərbaycan buğdanı əsasən Rusiyadan idxal edir. Rəsmi qurumların məlumatına görə, 2015-ci ildə Azərbaycan 1,35 mln. ton taxıl idxal edib ki, bunun da 1,24 mln.-u Rusiyanın payına düşüb. Orta ixrac qiyməti bir tona görə $220 təşkil edib. Əgər əvvələr 220 dollar təxminən 180 manat edirdisə, indi az qala iki dəfə artaraq 360 manata çatıb. Yəni idxal olunan məhsulun qiymətində manatla iki dəfə bahalaşma baş verib. İki devalvasiyadan sonra həmin taxıl və unun qiymətinin bahalaşmayacağını, ancaq İqtisadiyyat Nazirliyində düşünə bilərlər. Digər tərəfdən son zamanlar su və elektrik enerjinin qiymətlərinin bahalaşması da təsirsiz qalmır. Ancaq hər dəfə olduğu kimi məmurlar ticarətçiləri və istehsalçıları hədəf almağı, ictimai rəyi onlara qarşı yönəltməyi vəziyyətdən çıxş yolu hesab edir. Bu mənada Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun mətbuata açıqlamasında çörəyin qiymətində müşahidə olunan artımla bağlı söylədikləri çox diqqət çəkicidir. "İstehlak zəminində 36-dan çox malın hər birinin qiymətinin bahalaşdığı halda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları 9 mərtəbəli binada oturub tək zavod çörəyinin 10 qəpik bahalaşmaması üçün mübarizə aparır. Bu, səhv siyasətdir. Çörək dövlət tərəfindən qiyməti tənzimlənməyən məhsuldur. İstəyən istehsalçı onu istədiyi qiymətə sata bilər. Ancaq sözügedən qurum bazar iqtisadiyyatına düz gəlməyən bir siyasət aparır. Çörəyin qiymətinin aşağı düşməsini istəyirlərsə, gömrük rüsumlarını aşağı salmalıdırlar, azad və liberal bazar şəraiti yaratmalıdırlar. Belə olarsa bolluq olar, qiymətlər aşağı düşər. Onsuz da çörəyin qiymətinin bu şəkildə qalması liberal bazar siyasətinə ziddir. Dövlət qiyməti aşağı salmaq üçün ayrı tədbirlər görməlidir”. Beləliklə, bizim fikirlərimizi ekspert də təsdiq edir ki, Azərbaycanın məmur aparatı sovet mübarizə üsulundan başqa bir şey bilmir. Ancaq bununla çox uzağa getmək olmaz. Adının açıqlanmasını istəməyən ekspert isə bildirir ki, nə qədər ki Şahin Mustafayev iqtisadiyyat naziri olacaq, vəziyyət pisləşməkdə davam edəcək. Çünki, bu adamın bu günə kimi böhrandan çıxmaq üçün hansısa fikirlərə sahib olduğu bilinmir. Nazir bir dəfə də olsun bir fikir səsləndirməyib ki, iqtisadiyyat nazirinin böhrandan çıxışla bağlı fikirlərə sahib olduğunu görən olsun. Ümumiyyətlə, Şahin Mustafayev bu günə kimi iqtisadiyyata cavabdeh nazirlərin içərisndə ən zəifi hesab olunur. Fərhad Əliyev və Heydər Babayevin müəyyən təşəbbüsləri vardı, ancaq Şahin Mustafayev sanki mövcudluğunu gizləmək istəyir. Bu isə təbii ki, yaxşı heç nə vəd etmir. İndi aydın görünür ki, hökumətin əksər üzvü kimi iqtisadiyyat naziri də proseslərin ardınca sürünməyi daha müqabil yol hesab edirlər. Onlar hansısa təşəbbüsün sonda öz əleylərinə çevriləcəyindn qorxurlar. Bu isə batmaqda olan adamın xilas olmaq üçün qorxusundan köməyə adam belə çağırmamasına bənzəyir. Bu qorxu indi əksər məmurların fəaliyyətini dondurub. Onlar özlərindən yüksəkdə olanın nə deyəcəyini gözləməklə vaxtlarını keçirirlər. Bu isə böhranın günü-gündən dərinləşdiyi ölkəni daha pis hadisələrə doğru aparır. Bizim və ya başqa bir yazarın, ekspertin həyəcan təbili isə hökumətin qulaqlarına çatmır. Hündür binalarda, səs keçirməz şüşələr arxasında hər şey eşidilməzdir. Ancaq bu kücədəki narazılığın yox olması anlamına gəlmir. Hökumətin isə həmin narazılığı nə zamana kimi görməzdən gələcəyini zaman göstərəcək.
Yeni Sözçü