İcra başçının qardaşı oğlundan qaziyə qarşı dələduzluq! – “Bu dəfə “yaxşı oğul” əmisinə oxşayıb”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən Elvin Əliyevin Qubanın icra başçısı Ziyəddin Əliyevin qardaşı oğlu olduğu müəyyən olunub. Məlumata görə, bu onun ilk dələduzluğu deyil. Xatırladaq ki,vəzifəli şəxs adından Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq əməllərinin törədilməsi və onların maddi vəsaitlərinin ələ keçirilməsi ilə bağlı çoxsaylı faktlara dair daxil olmuş məlumatlar əsasında 25 iyul 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb.Təqsirləndirilən şəxs qismində Elvin Əliyev məsuliyyətə cəlb edilib.

O Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunub,məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İcra başçının qardaşı oğlundan qaziyə qarşı dələduzluq!

DİA.AZ-ın məlumatına görə, ictimai-siyasi fəal,şəhid qardaşı Elyar İslamoğlu bu haqda “Sherg.az”a danışarkən bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra bir çox şəhid ailəsi və qaziyə qarşı dələduzluq hallarının şahidi olub:

“Son zamanlar belə hallar daha da artıb. Bir neçə şəhid ailəsinə övladının sağ,əsirlikdə olduğu deyilib. Onlardan külli miqdarda pul alıblar. Bir çox fırıldaqçı ,vicdanın nə olduğunu bilməyən adamlar yaranmış şəraitdən istifadə edib belə ailələrin həssas dönəmində dövrəyə girib öz işlərini görürlər.Hətta bu fırıldaqçılardan ikisi özlərini qrimlə şəhidlərimizdən birinə oxşadıb ananı inandırıb ki, oğlun sağdı. Son dönəmlər isə qazilərə qarşı dələduzluq hallarının sayı artıb.Onlara ordenin, veteranlığın verilməsi məsələlərində bəzilərinə isə ev növbəsində qabağa salınmaqları ilə bağlı boş vədlər verib aldadırlar.Bunun başlıca səbəbi müharibədən sonra şəhid ailələri və qazilərlə işin düzgün aparılmamasıdır. Düzdür, müharibədən sonra bütün icra hakimiyyətlərində şəhid ailələri qazilərlə iş şöbəsi yaradılıb. Amma görünür, bunun effektivliyi o qədər də ürəkaçan olmayıb”.

E.İslamoğlu diqqətə çatdırıb ki, qazilərin fırıldaqçıların “tor”una düşməməsi üçün onlar mütəmadi olaraq məlumatlandırılmalıdır:

“Onlara hüquqları başa salınsın. Hətta təklif etmişəm ki, “İslam Həmrəylik Oyunları”nda , “Eurovision” da yaradıldığı kimi qazilərlə iş üçün də könüllü qruplar yaradılsın. Onlar hər bir rayonda qazilərə, şəhid ailələrinə yaxınlaşıb onların mövcud problemləri ilə maraqlansınlar. Hələ də bəzi qazilər hansı sənədi hara təqdim edəcəyini bilmirlər. Bir çox ailədə oğul şəhid olub, yaşlı ata və ana qalıb. Həmin adamlar sənəd məsələlərinə yaxşı bələd deyillər. Hazırda şəhid ailələrinin,qazilərin aldadılmasında başlıca səbəb budur”.

İctimai-siyasi fəal Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən Elvin Əliyevin işinə diqqət çəkib:

“Vəzifəli şəxslərin yaxın qohumlarının dələduzluq əməllərinə gəlincə isə həmin şəxslərin özləri adətən büdcə talamış olurlar. Belə adamların da qohumları çox ,vaxt elə özlərinə bənzəyir. Adətən deyirlər “yaxşı oğul”dayısına oxşayar. Bu dəfə görünür “yaxşı oğul” əmisinə oxşayıb”.



Oxşar Xəbərlər

Xəbər lenti