8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı şəhər sakini Müzəffər Qasımov məhkəmələrin ədalətsiz qərarından şikayətçidir...
Bakı şəhəri, Əliyar Əliyev küçəsi ev 79, mənzil 1 ünvanında yaşayan Qasımov Müzəffər Əzim oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Konstitusiya Məhkəməsinin rəhbərliyinə müraciət edən şikayətçi tanıdığı şəxs tərəfindən şərləndiyini və məhkəmələrin bu faktı düzgün araşdırmadığını, ədalətsiz qərar çıxardığını bildirir.
“Cənab Prezident!
Hörmətli Birinci vitse-prezident!
Bildirirəm ki, tanışım Əmirov Süleyman vasitəsilə tanıdığım Lötfi Cəbrayıl mənə şər ataraq guya mənim ona 64000 manat borcum olduğunu iddia edib. O, bununla bağlı öncə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ), sonradan isə Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmiş, müstəntiqlər Məmmədov Rauf və başqası tərəfindən istintaq araşdırılması aparılmış və qeyd olunan iddia öz təsdiqini tapmamışdır.
Sonradan Nərimanov rayon Prokurorluğu tərəfindən qərar ləğv olunaraq Nərimanov RPİ-nin müstəntiqi, polis mayoru Xosrov Şükürov tərəfindən cinayət işinin başlanması üçün araşdırma aparılmışdır. Burada da məlum iddia öz təsdiqini tapmadığına görə mülki qaydada Nəsimi rayon Məhkəməsində iddia qaldırılmışdır.
Nəsimi rayon Məhkəməsində hakim Rəşid Səmodov iddiaçı Lötfi Cəbrayılın qanunsuz olaraq, gizli yazılmış və montaj olunmuş disk yazılarına baxdıqdan və məni dinlədikdən sonra onun bizə şər atdığını sübuta yetirmiş və haqlı olaraq iddianı təmin etməmişdir. Çünki Lötfi Cəbrayılın başqasının əmlakını ələ keçirmək üçün əvvəlcə öz iddiasında Novruzov Nazimi və Əliyev Sərdarı şahid qismində göstərmişdir. Məhkəmədə isə onlara da şər ataraq, hər birini “cavabdeh” kimi təqdim etmişdir. Nəticədə, məhkəmədə də Lötfi Cəbrayıl hakim Rəşid Səmədovun suallarına cavab verə bilmədiyindən, iddiası təmin olunmamışdır”.
Şikayətçinin sözlərindən belə aydın olur ki, Nəsimi rayon Məhkəməsinin qətnaməsini qəbul etməyən iddiaçı Bakı şəhər Prokurorluğuna müraciət edərək, müstəntiq Xosrov Şükürovun qərarını ləğv etdirib. Bundan sonra iş Nərimanov rayon Polis İdarəsinin müstəntiqi Elnur Məmmədov tərəfindən araşdırılıb. Lakin bu dəfə də Lötfi Cəbrayılın ona qarşı guya 64 min manat borclu olduğu haqda iddiası öz təsdiqini tapmamışdır. Bu zaman aydın olmuşdur ki, L.Cəbrayıl vaxtilə ona sələmə verdiyini iddia etdiyi pula yüksək faiz, hətta faizin də faizini hesablamaqla, M.Qasımovun 64 min manat borclu olduğunu bildirib. Lakin müstəntiqin araşdırması nəticəsində ortaya çıxıb ki, Müzəffər Qasımovun iddiaçı şəxsə, özününd ediyi kimi, faizlərin faizi də hesablanmaqla cəmi 13500 manat borcu olub.
“Mən ifadəmdə də qeyd etdiyim kimi, onda hissə-hissə ümumilikdə 59500 manat pul almışdım. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cəbrayılın dostları olan iki vəkilin və müstəntiq Şöhrət Hüseynovun iştirakı ilə o, borclu olduğum pulun 31 000 manatını Bilgəh qəsəbəsindəki evində, 15000 manatını isə Xaşa-Xuna bağ evində qaytardığımı etiraf etdi. Qalan 15000 manatı isə şahidim Xəlil Astanovun yanında veridiyimi etiraf etməmişdir. Nəticədə, müstəntiq Elnur Məmmədovun araşdırmasında da mənim ona borclu olduğum öz təsdiqini tapmamışdır”, - deyə Müzəffər Qasımov bildirir.Bütün bunlara baxmayaraq, qarşı tərəf - Lötfi Cəbrayıl Bakı Şəhəri Apellyasiya Məhkəməsinə şikayəti etmişdir. Məlum mülki işə hakim Şərafət Məmmədovanın sədrliyi ilə baxılmışdır. Proses zamanı hakim elan edib ki, guya, M.Qasımov ayrı-ayrı vaxtlarda L.Cəbrayıldan 36000 manat, 28500 manat, 10000 manat olmaqla, toplam 74 500 manat pul alıb. Bu səbədən, cavabdeh şəxs haqlı olaraq qeyd edir: “Necə olur ki, Cəbrayıl bütün dövlət orqanlarında istintaq gedərkən 64500 manat, məhkəmədə isə 95977 manat pul tələb edir?! Hakim isə qeyd edir ki, mən guya Cəbrayıldan 74500 manat aldığımı etiraf etmişəm. Mən Bakı Apellyasiya Məhkəməsində iştirak etməmişəm. Bu halda necə onun dediyini etiraf edə bilərəm?! Mən bütün istintaq araşdırmalarında da qeyd etmişəm ki, Cəbrayıla faizlərin faizi olmaqla, sələmə götürdüyüm puldan cəmi 13500 manat borcum qalmışdır. Şərafət Məmmədova Lötfi Cəbrayılın təqdim etdiyi hansı dövlət sənədinə və ya hansı sübuta əsaslanaraq belə qərar qəbul etmişdir? Halbuki Lötfi Cəbrayıl məhkəmədə heç bir sübut təqdim etməyib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lötfi Cəbrayıl isə, qeyd etdiyim kimi, məhkəməyə heç bir hüquqi sənəd təqdim etməmişdir”.
M.Qasımov deyir ki, iddiaçı L.Cəbrayıl Bilgəhdəki evində ona 31 min manat verdiyimi etiraf etsə də, onu “ümumi borcdan” çıxmır: “O, araşdırma zamanı məndən ancaq 31000 manat aldığını etiraf etmişdir. Çünki Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin müstəntiqi Şöhrət Hüseynov 2 dəfə Cəbrayıla sual verdi ki, Müzəffər sənə Bilgəh qəsəbəsində 31000 manat pul verib? Cavab verdi ki, bəli. Soruşdu ki, bəs, 64000 manatdan 31000 manat qaytaranda neçə qalır? Yenə də Cəbrayıl cavab verdi ki, 64000 manat. Müstəntiq soruşur ki, sən Müzəffərə 100000 manat vermisən? Cavab verir ki, xeyr! Odur ki, müstəntiq Şöhrət Hüseynov Cəbrayılı başa sala bilmədiyinə görə araşdırmanı bitirdi”.
Şərafət Məmmədova
Şikayətçi bildirir ki, Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədova onun məhkəmədə olmadığından istifadə edərək, heç bir hüquqi sənədə istinad etmədən və hər hansı sübut olmadan ədalətsiz qətnamə qəbul etmişdir: “Görünür, hakim Şərafət Məmmədova Cəbrayılın dediklərinə əsasən qətnamə çıxarmışdır. Belə olan halda ya Şərafət Məmmədova qərarı oxuyub düzgün nəticəyə gəlməyib, ya da bilərəkdən, müəmmalı səbəblərdən ədalətsiz qətnamə qəbul etmişdir. Hakim qərarında qeyd edir ki, “açıq məhkəmə iclasında baxaraq...”. Əgər məhkəmə açıq olsaydı, mən də iştirak etməli idim”.
Onu da qeyd edək ki, məhkəmə zamanı iddiaçı Lötfi Cəbrayıl Müzəffər Qasımovun ondan aldığı pulu dostuna məxsus iaşə obyektinin təmirinə xərclədiyini bildirib. Cavabdeh isə bu fikirdədir ki, L.Cəbrayıl onu məqsədli şəkildə borclandırmaqla, sonda onun işlətdiyi dosyuna məxsus obyekti ələ keçirmək niyyətində olub: “Cəbrayıl iddia edir ki, mən ondan iaşə obyektinin təmiri, istilik sisteminin quraşdırılması, kanalizasiya sistemi xətlərinin çəkilməsi üçün hissə-hissə 64350 manat və 300 ABŞ dolları almışam. Hamısı yalandır, çünki həmin iaşə obeykti tamamən hazır və təmirli olub. Digər tərəfdən, 64000 manata orada yeni bir iaşə obyekti almaq olar. Cəbrayıl mənə zorla divarı sökdürmək istəyib ki, burdan qapı aç, zorla kafeyə 2000 manatlıq kondisioner, 2 ədəd paltar qurudan almaq istəyib. Lakin nə qədər turist gəlib yaşayır ki, paltarqurudan lazım olsun?! Mən ondan 10000 manat pul istəmişəm, mənə 2000 pul gətirib verib və deyib ki, 6000 manat faizini götürdüm. İranlı rəssamla fars dilində danışdıqdan sonra, 2000 manat da ona verəcəyini dedi. Çünki o, divara rəsm çəkirdi. Əgər mən onu aldadıb, pul alıb obyekti onun adına keçirəcəyimi deyib, sonradan keçirməmişəmsə, bəs nə üçün o, mənə yenidən pul verirdi?!”
(Ardı var)
Hazırladı: KƏNAN
ANONS! ANONS! ANONS!
Növbəti sayımızda biləcəksiniz:
- İddiaçı Lötfi Cəbrayıl kimdir və onun ermənilərlə nə kimi bağlantısı var?
- Qeyd olunan iaşə obyektini ələ keçirmək istəməkdə onun nə kimi niyyəti olub?
- Lötfi Cəbrayıl Müzəffər Qasımovu hansı kriminal ünsürlərlə qorxutmağa və obyekti ələ keçirməyə cəhd edib?
- Məlum obyektin satışı ilə bağlı hərrac keçirilsə də, sonradan Lötfi Cəbrayıl saxta sənədlərlə təkrar hərracın keçirilməsinə necə nail olub?
- Ümumiyyətlə, bu saxtakarlıqlarda daha hansı rəsmi şəxslərin əli olub?
- Ali Məhkəmə bu məsələ ilə bağlı hansı qərarı verib?
Bu və digər sualların cavabını növbəti yazılarımızda biləcəksiniz. Bizi izləyin.