8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naxçıvan Muxtar Respublikası (MR), Babək şəhər, Nehrəm qəsəbəsinin sakini, 1-ci qrup əlil Ələkbərov Elnur Hüseyn oğlu tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi çarəsiz vəziyyətdə olduğunu və dövlətdən yardım istədiyini qeyd edir:
“Mən, Ələkbərov Elnur Hüseyn oğlu, Babək şəhəri, Nehrəm qəsəbə sakiniyəm. 1-ci qrup müharibə veteranıyam. 2010-cu il may ayının 17-də hərbi xidməti yerinə yetirərkən Ermənistan tərəfindən atılan snayper gülləsi ilə başımdan vurulmuşam. 20 gün Naxçıvanda hospitalda komada olmuşam. Vəziyyətimin ağır olma səbəbilə əlaqədar məni Bakıya göndərmişdilər. Oradada vəziyyətimdə dəyişkənlik olmadığına görə, dövlət tərəfindən Türkiyəyə - “GÜLHANE EĞİTİM VE ARAŞTIRMA HASTANESİ”nə göndərdilər.
Hazırda hələ də tam yeriyə bilmirəm. Mənə əlilliyimə görə dövlət tərəfindən avtomobil verilmişdi. 2012-cil il 9 noyabr tarixində - Qələbə günü sevincli olduğuma görə, idarəetməni itirdim və qəzaya düşdüm. Avtomobilim yararsız vəziyyətə düşdü.
Həmin gündən etibarən evdən çıxa bilmirəm. Vasif Talıbovun vaxtında da müraciət etdim ki, mənə yardım edilsin. Xahiş etdim ki, mənə işlənmiş də olsa bir maşın versinlər. Çox təəssüf ki, müraciətimə baxan olmadı.
Ailəliyəm, 3 övladım var, anam isə xəstədir. Dövlət Sosial Müdafiə Fondu mənə deyir ki, sənə maşın verə bilmərik, bir dəfə verilib.
Gəlir sahəm yoxdur, səhhətim isə ağırdır. Amma mənə köməklik göstərən yoxdur. Türkiyədə yenidən əməliyyat olunmalıyam, başıma sümük qoyulmalıdır. Çox çətin bir əməliyyat olmalıdır. Bu yaxınlarda mənə zəng vurub dedilər ki, Bakıda sizi əməliyyat edə bilərik, amma mən qorxuram, risk edə bilmirəm.
Sizin redaksiyadan xahiş edirəm, mənim bu problemimi işıqlandırın, bəlkə mənə kömək etmək istəyən olar”.
Jalə FAMİLQIZI