8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Göyçay rayonu, Həbibi küçəsi, ev 50 sakini Azadov Seymur Əlibala oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçi yazır:
“Cənab Baş prokuror!
Mən, Azadov Seymur Əlibala oğlu, yazaraq bildirirəm ki, sizin tapşırığınızdan sonra da mənim müraciətimə baxılmadı.
03 avqust 2022-ci il tarixdə Ucar rayonunda məni qəbul etdiniz. Həmin vaxt Sizə Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməlləri barədə konkret subutlarla məlumat verdim. Siz Göyçay rayon prokuroru Ramil Hüseynova obyektiv araşdırma aparıb, qanuni tədbir görməyə tapşırıq verdiniz. Ancaq üzərindən 7 ay keçsə də, heç bir tədbir görülmədiyini görüb, 10 fevral 2023-cü ildə Kürdəmir rayonunda təkrar sizin qəbulunuzda oldum. Həmin vaxt Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov haqqında heç bir tədbir görülməməsi barədə Sizə məlumat verdikdə, siz Göyçay rayon prokuroru Ramil Hüseynova irad tutdunuz və bu məsələnin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırlmasına tapşırıq verdiniz.
Bundan sonra məlumat aldım ki, Şakir Əhmədovu və idarənin bir neçə əməkdaşını Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırıb dindiriblər. Hətta rayonda söz yayıldı ki, Şakir Əhmədovu tutduğu vəzifədən azad ediblər. Ancaq indiyə qədər məni araşdırmaya çağırmayıblar. Hansı ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməlləri barədə məndə konkret və mötəbər subutlar var ki, araşdırmaya təqdim edə bilərəm. Həmin subutların araşdırılmasına zərurət var.
Həmçinin Şakir Əhmədov tutuduğu vəzifədən azad olunsa da, yenə işə gedib, öz kabinetində əyləşib göstərişlər verir.
Qeyd edim ki, Şakir Əhmədov uzun illər boyu dövlətin ayırdığı külli miqdarda vəsaiti talan edib, adı işdə gedib, özləri başqa-başqa yerdə olanların maaş kartlarını mənimsəyib. İdarədə işləməyən texnikalara ehtiyat hissələri, yanacaq yazılaraq mənimsənilir. Yaxın qohumlarının adını tabeliyində işə yazdırıb, ancaq işə gəlmirlər.
Şakir Əhmədov təkcə Göyçay şəhərində özünə 5 böyük mənzil alıb, özünə məxsus bir neçə böyük obyekti icarəyə verib. Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov talançılıq yolu ilə dövlətə külli miqdarda ziyan vurub.
Cənab Kamran Əliyev!Sizdən xahiş edirəm, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmada mənim də dindirilməyimi təmin edib, ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.