8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd sakini, birinci qrup hərbi əlil Səmədov Məhəmmədəli Azər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Yazaraq bildirmək istəyirəm ki, barəmdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə cinayət işinin Göyçay Rayon Məhkəməsinin icraatında baxılmasına etiraz edirəm. Belə ki, öncəki ərizələrimdə bildirdiyim kimi, "Facebook" sosial şəbəkəsində açdığım "Göyçay Operativ Xəbər Fərid" adlı profilimlə Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev haqqında tənqidi paylaşımlar etmişdim. Bundan sonra Göyçay Rayon Prokurorluğu barəmdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə cinayət işi açdı. Hansı ki, həmin maddəyə əsasən, istifadəçi özü ilə bağlı olan məlumatları gizlətmiş sayılır. Lakin, mən sözügedən profildə öz foto və videolarımı paylaşmışam, mətnlərin sonunda "Mətni paylaşdı Məhəmmədəli Səmədov" qeyd etmişəm. Deməli, Göyçay Rayon Prokurorluğunda istintaq zamanı ibtidai araşdırma prosesi düzgün və obyektiv şəkildə həyata keçirilməmişdir.
Göyçay Rayon Məhkəməsinin hakimi Gülnaz Qurbanovaya bu haqda yazıb məlumat vermişəm. Ancaq o, təqdim etdiyim faktlara baxmayaraq, süründürməçilik edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Göyçay Rayon Məhkəməsinin hakimi Gülnaz Qurbanova həm "Göyçay Operativ Xəbər Fərid" adlı profilin mənə məxsus olduğunu, həm də qanunun tələblərini bilə-bilə icraatında olan cinayət işinə xitam verməyərək, məhkəməni boş yerə yubadır. Həqiqi hərbi xidmət dövründə sağlamlığını itirmiş 1-ci qrup hərbi əlil olaraq mənə maddi və mənəvi zərər vurur. Həmçinin, Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev tərəfindən Göyçay Bayraq Muzeyinə direktor təyin edilmiş Qasımova Fatimə Mövsüm qızını məhkəmə zalına buraxır. Mənim məhkəməmdə onun əyləşməsinə qarşı olan narazılığımı hakim nəzərə almır. Məhkəmə prosesi zamanı hakimdən icazəsiz zalı tərk etməsinə rəğmən, təxribat törətməyə gələn Qasımova Fatimə Mövsüm qızına “gözün üstə qaşın var” deyən yoxdur.
Hətta "Göyçay Operativ Xəbər Fərid" profilinin mənim tərəfimdən istifadə olunduğunu bilən şahidlərin dindirilməsi üçün qaldırdığım vəsatəti hakim Gülnaz Qurbanova rədd etdi. Səbəb kimi məhkəmənin yekunlaşmaq üzrə olduğunu əsas gətirdi. Məgər o, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin VIII-ci hissəsində "Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur" yazıldığından xəbərsizdirmi? Doğrusu, hakimin bu cür yanaşmasında qeyri-adi heç nə yoxdur. Ona görə ki, bir tərəfdə 120 000 (yüz iyirmi min) əhalisi olan rayona rəhbərik edən icra başçısı, digər tərəfdə isə həqiqətləri yazdığı üçün haqq səsi boğulmağa çalışılan sadə vətəndaş dayanıb.
Daha öncə Göyçay Rayon İcra Hakimiyyəti Arxitektura və Memarlıq Şöbəsinin müdiri səlahiyyətlərini icra edən Ayaz Səfərəliyevin qanunsuz əməllərindən yuxarı instansiyalara yazılı ərizələr ünvanlamışdım. Göyçay Rayon Məhkəməsinin sədri Elçin Qurbanov Ayaz Səfərəliyevin iddiasını təmin edərək 300 (üç yüz) manat məbləğində sabit pulun (simvolik) məndən alınaraq ona verilməsi və sosial şəbəkələrdə Ayaz Səfərəliyevdən üzrxahlıq etməyim haqqında qərar qəbul etmişdi. Bildiyiniz kimi, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Göyçay Rayon Məhkəməsində Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsindəki "Bərabərlik hüququ"na riayət olunmur. Hazırda məhkəmə gedişatı onu göstərir ki, Natiq Ağayev əlində olan vəzifədən və müəyyən çərçivəli nüfuzundan sui-istifadə edərək Göyçay Rayon Məhkəməsinə təsir göstərir. Görünür, nəyin bahasına olursa olsun, Natiq Ağayev əlində olanda bütün imkanlardan istifadə edir ki, təki məni həbs etdirsin.
Cənab Prezident!
"İctimai nəzarəti gücləndirin!" göstərişinizə əməl edən ictimai fəal olaraq mətbuat vasitəsilə Sizdən çox xahiş edirəm, barəmdə olan cinayət işinə xitam verilməsi və ya başqa məhkəmədə baxılması üçün təcili tapşırıq verəsiniz. Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsinə əsasən, "Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır." Sizə öncədən təşəkkürlərimi bildirirəm”.
Hazırladı: Jalə FAMİLQIZI
Hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.