“Naxçıvanda taxıl məhsulları ancaq heyvanlara verilir” - ŞİKAYƏT


Samiq Osmanov: “Vasuf Talıbovun vaxtında belə deyildi”

Naxçıvan şəhəri, Kəngərli rayon sakini Osmanov Samiq Abdulla oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət ərizəsi daxil olub. Şikayətçi narazılıq edir ki, “Naxçıvan” dəyirmanı onun şəxsi təsərrüfatında əkib-biçdiyi taxılları götürmür. Laboratoriyada analiz edildikdən sonra məhsulun  uyğun olmadığı, yalnız heyvanlar üçün yem olaraq istifadə edilə biləcəyi qeyd olunur. O, əziyyətinin qarşılığını ala bilmədiyini vurğulayır.

“Mən, Osmanov Samiq Abdulla oğlu, yazaraq nəzərinizə çatdırıram ki, Naxçıvanda taxılları biçirik, lakin məhsulumuzu qəbul etmirlər. Axırı necə olacaq, heç bilmirəm.

30-40 tona yaxın taxılım- arpam, buğdam var, dəyirman götürmür. Dəyirmana gedirsən, deyir ki, bura özəl müəssisədir. Vasif Talıbovun vaxtında belə deyildi, əkdiyimiz taxılları aparırdıq, kilosu 40 qəpikdən pulumuzu nəğd verib gəlirdik. İndi 7-8 ton prob üçün taxıl aparmışam, analiz götürülür, 5 saat çəkir, daha sonra gəlib deyirlər ki, uyğun deyil.

Yem kimi ora tökdü, 27 qəpikdən hesab getdi. Onu da zorla götürürlər. Pulu da vermirlər, deyirlər, 3 ay sonra gəl.

Naxçıvanı kimə satıblar? Bu qədər zülm çəkirik, axırı da belə olur”. 

Osmanov Samiq Abdulla oğlu izah edir ki, taxıl məhsulu götürülmür deyə maddi cəhətdən vəziyyəti yaxşı deyil. Sahibkar rəsmi qurumların bu işə baxmamasından gileylənir:

“Kənd Təsərrüfatı Nazirliyinə deyirsən, cavab verir ki, dəyirmanın işinə qarışa bilmək səlahiyyətimiz yoxdur. Gedirsən, gəlirsən, bir də müraciət edirsən, nəhayət cavab verir ki, deyəcəyəm.

Naxçıvanda əməlli-başlı özbaşınalıq var. Kimi dindirirsən, deyir, hamısı özəldir. Bəs biz nə edək? Məhsulumuz qalsın? Açıq-açıq deyirlər ki, Naxçıvan məhsulunu götürmürlər”.

Cəmilə ƏZİMOVA

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti