Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur – ŞƏKƏRLİ DİABET XƏSTLƏRİNƏ AYRILAN DƏRMANLAR YETƏRLİ MİQDARDA VERİLMİR / FOTO


Bakı şəhəri, Nərimanov rayon sakini Həsənov Əliməmməd Əliağa oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, dövlət tərəfindən şəkər xəstələrinə ayrılan iynə və dərmanı ala bilmir:

“Hörmətli redaksiya!

Bildirim ki, 2003-cü ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkirəm. TƏBB-in Nərimanov Tibb Mərkəzinin tabeliyində olan 1 nömrəli poliklinikanın endokrinoloji kabinetində 2-ci tip şəkərli diabet xəstəsi kimi qeydiyyatdayam. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 saylı qərarında şəkərli diabet xəstələrinə dövlət tərəfindən pulsuz verilməli olan şəkərsalıcı dərman preparatlarının, özünə nəzarət vasitələrinin və tibbi xidmətin siyahısı qeyd edilmişdir. Qeydiyyatda olduğum Nərimanov rayon Tibb Mərkəzinin tərkibində olan 1 nömrəli poliklinika Nazirlər Kabinetinin qeyd edilən qərarından irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün 18.12.2023-cü il tarixində iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etdim. İşə baxan hakim Aytən Novruzova iddiamın təmin edilməməsi ilə bağlı qətnamə qəbul etdi.

Hələlik qətnaməni əldə edə bilmədiyim üçün iddiamın təmin edilməməsinin səbəbi haqqında dəqiq heç nə deyə bilmərəm. Baxmayaraq ki, məsələnin mənim xeyrimə həll olunması üçün məhkəməyə kifayət qədər dəlillər təqdim edilmişdir.

Mənim iddia tələbimlə başlanılmış 2(005) -909 /2024- nömrəli mülki iş üzrə məhkəmə 12.03.2024-cü il tarixdə qərardad qəbul edilmişdir. Mənə qlukometr üçün test çubuqlarının (qanda və sidikdə şəkərin miqdarını müəyyən etmək üçün) verilməsinin zəruriliyi qeyd edilsə də, onların aylıq miqdarı barədə tibbi ekspertiza təyin edilmişdir. Halbuki Nazirlər Kabinetinin 13.05.2005-ci il tarixli 87 nömrəli qərarında şəkərli diabet xəstələrinin qanda şəkərinin miqdarına nəzarət etmək üçün (ayda 25 test çubuğu) pulsuz test çubuqlarının verilməsini zəruriliyi, eləcə də miqdarı göstərilmişdir.

Ekpertizanın təyin edilməsi barədə məhkəməyə etiraz ünvanladım. Çünki “normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları normativ hüquqi aktlar hesab olunur. Konustisiyanın 149-cu, həmçinin yuxarıda qeyd edilən qanunu 88-1-ci maddəsinə də uyğun olaraq ölkə ərazisində icrası bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.

Məhkəmə qərardadı ilə ekspert qismində Patoloji Anatomiya Birliyinə bu məsələ ilə bağlı ekspertizanın təyin edilməsinin qanunsuz olması barədə məktub göndərilmişdir. Buna baxmayaraq ekspertiza idarəsi səlahiyyət həddini aşaraq, yanlış rəy vermişdir.

Ədliyyə Nazirliyinə göndərdiyim sorğuya cavab olaraq nazirliyin qanunvericilik baş idarəsindən aldığım cavab Nazirlər Kabinetinin qərarı ilə bağlı ekspertizanın təyin edilməsinin qanunsuzluğunu təsdiq edir.

Müşahidələrim göstərir ki, şəkərli diabet xəstələrinin böyük əksəriyyəti Nazirlər Kabinetinin qeyd edilən qərarından məlumatsız olduğunu nəzərə alaraq, həmin şəxslərin məlumatlandırılması məqsədilə Nazirlər Kabinetinin 13.05.2005-ci il tarixli 87 nömrəli qərarını surətini sizə göndərməklə, saytınızda və qəzetinizdə yayılmasına yardımçı olmağınız xahiş edirəm”.

Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti