"Kontakt Home" nin məsuliyyətsiz xidmətinə qarşı rəsmi narazılıq


Hörmətli “Kontakt Home” rəhbərliyi.

Sizə bu müraciəti dərin narazılıq və haqlı narahatlıq hissi ilə bildiririk.


18 iyul tarixindən etibarən həm telefon, həm də birbaşa formada etdiyimiz çoxsaylı müraciətlərə baxmayaraq, problemimizə heç bir real həll yolu təqdim olunmamış, məsələ qeyri-ciddi yanaşmalarla süründürməçiliyə məruz qalmışdır. Qarşılaşdığımız bu məsuliyyətsizlik və qeyri-peşəkar münasibət, xüsusilə də Sabirabad “Kontakt Home” filialının əməkdaşlarının dəqiq olmayan ifadələri və texniki xidmət əməkdaşınızın qeyri-etik yanaşması, bir daha göstərir ki, “müştəri məmnuniyyəti” sadəcə reklam xarakterli ifadədən ibarətdir.


Bizim əsas problemimiz yeni alınmış 60 kv-lıq kondisionerin əvvəlcə çox yaxşı işləməsi, lakin az sonra tamamilə effekt verməməsi ilə bağlı olmuşdur. Usta ilkin baxış zamanı problemi elektrik enerjisi ilə əlaqələndirmiş və stabilizator alınmasını tələb etmişdir. Qeyd olunan avadanlıq əlavə xərc hesabına alınıb quraşdırılsa da, problemin mahiyyəti dəyişməyib, kondisioner yenə də effektiv işləməyib.


Bundan sonra isə texniki xidmət əməkdaşı olmadığını söyləyən Quraşdırıcı usta kimi özünü qələmə verən, özünü 20illik usta təcrübəsini ballandıraraq söyləyən ustanız problemi otaqda günəş işığının çox olması və pəncərələrin nazik pərdə ilə örtülməsi ilə əsaslandırmış, guya kondisionerin düzgün işləməsi üçün qalın pərdələrin taxılmasını “məsləhət görmüşdür.” Sual olunur: bu, texniki peşəkarlıq nümunəsidir, yoxsa məsuliyyətdən yayınmaq üçün uydurulan əsassız bəhanə?


Sizcə, müştəriyə əvvəlcə stabilizator, sonra isə pərdə aldırmaq “problemin həlli” sayılmalıdırmı? Bu yanaşma texniki analizə deyil, yarıtmazlığa və məsuliyyətsizliyə əsaslanır.


Biz artıq dərdimizi izah etməkdən yorulmuşuq, lakin görünən odur ki, bizi anlayan yoxdur və məsələni hər dəfə başqa səbəblərlə ört-basdır etməyə çalışırsınız. Belə davranış “Kontakt Home” kimi nüfuzlu hesab olunan bir brendin adına yaraşmır.


Bu səbəbdən, problemin dərhal və peşəkar şəkildə həllini, kondisionerin texniki baxışının obyektiv aparılmasını və nəticəyə uyğun qərar verilməsini qəti şəkildə TƏLƏB edirik! Əks halda, məsələni hüquqi müstəviyə daşımaq, aidiyyəti qurumlara, istehlakçı hüquqlarını müdafiə edən instansiyalara və KİV-ə müraciət etmək hüququmuzu özümüzdə saxlayırıq.


Qadir QAFAROV 

ADNSU-nun müəllimi, Peşə təhsili üzrə müstəqil tədqiqatçı, ALQ Təlim-Tədris Mərkəzinin Tədris hissə rəhbəri, Peşə təhsili üzrə Kurikulumlər və modul dərsliklər müəllifi, Respublika Təhsil Şurasının üzvü.



Oxşar Xəbərlər

Xəbər lenti