8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Fövqəladə Hallar Nazirliyində ciddi dəyişikliklərə ehtiyac var
Bu ilin aprelində rezin qayıqla Sumqayıtdan dənizə çıxan 2 nəfər yeniyetmənin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun bir aydan da çox vaxt keçdikdən sonra meyitləri dənizdə üzən həmin rezin qayığın içində tapıldı. Həlak olan yeniyetmələrdən birinin, Adil Cəbiyevin atası Müşfiq Cəbiyev iki yeniyetmənin həyatının xilas edilməsi üçün Fövqəladə Hallar Nazirliyinin effektli fəaliyyət göstərmədiyini, buna görə də yeniyetmələrin xilas etmək mümkün olmadığını açıq ifadə edib.
Fövqəladə Hallar Nazirliyinin effektli fəaliyyət göstərmədiyi ölkədə baş verən yanğınlar zamanı daha qabarıq görünür. Məsələn, Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxnlığında biçənək sahəsində başlayan yanğın vaxtında söndürlmdiyi üçün yanğın Altıağac Milli parkının ərazisinə keçmişdi. Belə faktlar çox sadalamaq olar. Ancaq bütün bunlar Kəmaləddin Heydərova özünə səkkiz müavin götürməsinə mane olmur. Üstəlik bu müavinlərin hansı prinsiplər əsasında təyin edildikləri də məlum deyil.
Bir ay əvvəl Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilən Nazim Məmmədovun fövqəladə hallar nazirinə müavin təyin edilməsinin hansı zərurətdən doğması məlum deyil. Qeyd edək ki, bu təyinata kimi Kəmaləddin Heydərovun bir birinci müavini, altı müavini vardı. İndi isə, Kəmaləddin Heydərovun bir birinci müavini ilə yeddi müavini oldu ki, ümumillikdə fövqəladə hallar nazirinin müavininlərinin sayı səkkizə çatdı. Rəfail Mirzəyev uzun illərdir ki, fövqəladə hallar nazirinin birinci müavini vəzifəsini tutur və general-leytenant rütbəsi daşıyır. Bu şəxsi Fövqəladə Hallar Nazirliyinin "boz kardinalı” hesab edənlər də var. İxtisasca müəllim olan Rəfail Mirzəyev Gürcüstanın Marneuli rayonunda anadan olub. Kəmaləddin Heydərovun müavinləri sırasında Rəfail Mirzəyevlə yanaşı Gürcüstanda doğulmuş başqa bir şəxs də, Teymur Mehdiyev də var. Ancaq fövqəladə hallar nazirinin müavinləri əsasən nazirin həmyerliləridir. Belə ki, nazir müavinləri Etibar Mirzəyev, Orucəli Hacıyev və Nazim Məmmədov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həmyerliləridir. Nazirin başqa bir müavini Ragim Lətifov isə Qəbələ şəhərində anadan olub. Məlum olduğu kimi Kəmaləddin Heydərovun həyat yoldaşı da məhz bu rayonundandır. Kəmaləddin Heydərovun müavinlərinin sırasında Tapdıq Əmiraslanov və Faiq Tağı-zadənin də adları var. Tapdıq Əmiraslanov uzun illər Azərbaycan Tibb Universitetinin rektoru olmuş deputat Əhliman Əmiraslanovun oğludur.
Fövqəladə hallar naziri müavinlərinin regional mənsubiyyəti kimi ixtisasları ilə də diqqətləri də cəlb edir. Belə ki, fövqəladə hallar nazirinin müavinlərinin əksəriyyəti ixtisasça pedoqoq və hüquqşunasdır. Ancaq onların bəzilərinin ali təhsili qanuni yolla alması ilə bağlı şübhələr var. Məsələn, yenicə fövqəladə hallar nazirinin müavini təyin olunan Nazim Məmmədovun ali təhsili qanuni yolla alması ilə bağlı şübhələr var. Çünki, rəsmi məlumatlarda 1951-ci il təvəllüdlü Nazim Məmmədovun ali təhsili 1999-cu ildə aldığı əksini tapıb. Bu şəxs 48 yaşında Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin hüquq fakültəsini bitirib. Artıq fəaliyyəti dayandırılmış bu ali məktəbə qəbulun hansı prinsiplər əsasında aparıldığı, burada tədrisin və təhsilin hansı keyfiyyətdə olması hər kəsə məlumdur. Bu şəxsin Azərbaycanda fövqəaldə halların baş verməsinin qarşısının alınmasında, baş vermiş fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasına hansı tövhəni verəcəyini məlum deyil.
Bu kimi kadr təyinatlarının nəticəsidir ki, "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də baş vermiş qəzanın qarşısını almaq mümkün olmamış, bütün ölkə qaranlığa bürünmüşdü. Prezident İlham Əliyevin "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də baş vermiş qəza ilə ilə bağlı keçirdiyi müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov gözlənilən təhlükə ilə bağlı dəfələrlə "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə xəbərdarlıq məktubu göndərdiklərini bildirərək rəhbərlik etdiyi qurumun bu qəza ilə bağlı məsuliyyət daşımadığı görüntüsünü yaratmağa çalışmışdı.
Bu zaman ortaya sual çıxır ki, Fövqəladə Hallar Nazirliyinin işi məktub göndərib xəbərdarlıq etməklə bitirsə, səkkiz müavin Kəmaləddin Heydərovun nəyinə lazımdır. Və ümumiyyətlə, bir nazirin səkkiz müavinin olması hansı zərurətdən doğur?
Ölkədə cinayətkarlıqla mübarizə də daxil ictimai asayişi təmin edən Daxili İşlər Nazirliyində nazirin beş müavini var. İqtisadiyyat naziri Şahin Mustafayevin beş, Maliyyə naziri Samir Şərifovun isə üç müavini var. Ümumiyyətlə hökumət üzvüləri arasında Kəmaləddin Heydərov qədər müavini olan ikinci bir nazir yoxdur. Ancaq onun başçılıq etdiyi nazirliyin fəaliyyətini üç müavini olan Samir Şərifovun başçılıq etdiyi nazirliyin işindən effektli hesab etmək olmaz. Bu isə Fövəqladə Hallar Nazirliyinin fəaliyyətinin doğru qurulmadığından xəbər verir ki, bu da Azərbaycana çox baha başa gəlir. Bütün bunlar Fövqəladə Hallar Nazirliyində ciddi dəyişikliklərə olan ehtiyac qabarıq göstərir. Bu dəyişikliklər həyata keçirilənə qədər isə Azərbaycanda fövqəladə halları önləmək də, baş verən fövqəladə hallar zamanı itgilərin miqyasını da azaltmaq mümkün olmayacaq.
Azad Aydın,
"Yeni Sözçü” qəzeti