8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin Yunis Səfərov tərəfindən güllələnməsi məmurun vətəndaşlarla münasibətinə ciddi təsir etməyib. Halbuki, Elmar Vəliyevin məhz qaba hərəkətlərinə görə Gəncə sakinlərinin nifrətini qazandığı hər kəsə məlum idi. Ancaq Elmar Vəliyevin Yunis Səfərov tərəfindən güllələnməsi də, ardınca dövlət başçısının sərəncamı ilə vəzifəsindən azad edilməsi də məmurların vətəndaşlarla münasibətini köklü şəkildə dəyişməyib. Gəncədən və ölkənin əksər ərazilərindən məmur özbaşınalığı haqqında, vəzifəli şəxslərin qaba hərəkətləri haqqında məlumatlar səngimək bilmir. Son belə məlumatlardan biri yenə Gəncədən gəldi. İnternet resurslarda Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini Mikayıl Zeynalovun şəhərin mərkəzində vətəndaşları döydüyünü əks etdirən video yayıldı.
Yayılan videoda Mikayıl Zeynalovun hüquq mühafizə orqanları əməkdaşlarının gözləri qarşısında Gəncə şəhər sakinlərinə qarşı fiziki güc tətbiq etdiyi öz əksini tapıb. Qoluzorlu məmur eyni vaxta iki vətəndaşa hücum çəkir. Birini yerə yıxandan sonra digərinin üzərinə hücüm edir. Hazırda Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini vəzifəsində çalışan Mikayıl Zakir oğlu Zeynalov 2013-ci ildən 2015-ci ilədək Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində də çalışıb. 2011-ci ildən 2013-cü ilədək Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi olmuş Mikayıl Zeynalovun polis əməkdaşlarının gözü qarşısında iki vətəndaşı döyməsi onun özünü məmur kimi deyil, qəzəblənmiş idmançı kimi aparmasından xəbər verir. Sosila şəbəkələrdə onun bu hərəkətini rusiyalı samboçu Həbib Nurməhəmmədovun Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə irlandiyalı Konor Makqreqorla çempion titulu uğrunda döyüşdən sonra döyüş meydanından çıxaraq tamaşaçılara hücum etmişdi. Ancaq sonradan idmançı hərəkətindən peşman olduğunu deyərək üzr istəyib: "Mən Las-Veqas və Nevada ştatının Atletika Komissiyası qarşısında üzr istəmək istərdim. Bu, mənim pis hərəkətim idi”.
Rusiayalı idmançıdan fərqli olaraq azərbaycanlı məmur hərəkətlərinə görə üzr istəmir. Belə görünür ki, azərbaycanlı məmur özünü istənilən hərəkətə tam hüquqlu sayır. Gəncədə baş verən son olay Gəncə Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə Niyazi Bayramovun təyin olunmasının vəziyyəti dəyişmədiyini göstərir. Hətta Gəncədə bir çoxları Niyazi Bayramovun Gəncə Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsinin uğursuz olmasından danışmağa başlayıblar.
Ümumillikdə götürdükdə isə məsələ Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayarmovla bağlı deyil. Bütün ölkə boyu məmurların vətəndaşlarla qaba davranışının artdığını göstərən məlumatlar yayılır. Həmin məlumatların bir qismi video və audio ilə də təsdiq olunmasına baxmayaraq həmin məmurlar haqqında heç bir tədbir görülmür. Bu cəzasızlıq mühiti isə məmur özbaşınalığının tüğyan etməsinə səbəb olur. Ekspertlər isə bunun qorxulu olaylara səbəb ola biləcəyi haqqında həyəcan təbili çalırlar. Bir zamanlar Elmar Vəliyevin qaba hərəkətləri ilə bağlı ziyalıların, fəal ictimaiyyət nümayəndələrinin xəbərdarlıqlarına məhəl qoyulmaması məlum hadisələrlə sonunclandı. İndi isə yenə də məmurların qaba hərəkətləri ilə bağlı ziyalı və ictimai xadimlərin xəbərdarlıqları nəticəsiz qalır.
Azərbaycanın yerləşdiyi geoçoğrafi məkanda başlayan siyasi proseslərin bütün region ölkələrinə təsir edəcəyi gözlənildiyi bir zamanda ölkə daxilində narazılığı artırmaq çox acı nəticələr verə bilər. Buna görə də vətəndaşlara qarşı qaba davranışları ilə fərqlənən məmurlarla bağlı qısa zamanda ciddi tədbirlər görülməli, cəzasızlıq mühitinə son qoyulmalıdır. Məsələn, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini Mikayıl Zeynalov tutduğu vəzifədən azad edilməli, haqqında hüquqi araşdırmalar başlamalıdır. Əgər bir neçə məmurun vətəndaşlarla qaba hərəkətinə hüquqi qiymət verilsə, cəzasızlıq mühiti yaradıla bilər. Əks halda bu proses çox ağır nəticələrə səbəb ola bilər.
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü” qəzeti