8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sabiq icra başçısının Yevlax Gömrük İdarəsinin rəis müavini olan qaynı vəzifəsini itirdi
Prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad etməsi Yevlax şəhərinin, eləcə də Bərdə və Tərtər rayonlarının icra başçılarını ciddi narahat edib. Bu da səbəbsiz deyil. Çünki Yevlax şəhərinin, Bərdə və Tərtər rayonlarının icra başçıları Qoca Səmədov, Vidadi İsayev və Müstəqim Məmmədov məhz Elmar Vəliyevin kadrları sayılırlar. Bu kadrların arasında hazırda ən çətin durumda olan isə Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevdir. Çünki Vidadi İsayev, Qoca Səmədov və Müstəqim Məmmədovdan fərqli olaraq Elmar Vəliyevin daha yaxın qohumudur. Belə ki, Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev Gəncə şəhər icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin həyat yoldaşının doğma əmisi oğlu, qaynı Nazim İsayevin qaynatasıdır. Məlumatlarda iddia olunur ki, bu icra başçıları arasında ilk vəzifəsini itirən də məhz Vidadi İsayev olacaq. Bu məlumatın əsassız olmadığını Vidadi İsayevin əmisi oğlu və kürəkəni Nazim İsayevin son günlərə kimi gömrükdə tutduğu yüksək vəzifədən azad olunmasıdır. Nazim İsayev son günlərə kimi Dövlət Gömrük Komitəsinin regional strukturlarından olan Yevlax Gömrük İdarəsinin rəis müavini vəzifəsini tutub. Gömrük xidməti polkovniki olan Nazim İsayevin vəzifədən azad olunmasına formal səbəb Tovuz, Gəncə, Balakən və Yevlax Gömrük İdarələrinin birləşdirilməsindən sonra son günlərə kimi tutduğu vəzifənin ixtisara düşməsi olub. Məlumatlı mənbə bildirir ki, əgər Dövlət Gömrük Komitəsinin rəhbərliyi istəsəydi bu birləşmədən sonra da Nazim İsayevə vəzifə verə bilərdi. Belə ki, onun statusu Yevlax Gömrük İdarəsindən Yevlax Gömrük Postu səviyyəsinə endirilən qurumun rəhbərliyinə təyin edə bilərdi. Ancaq bu təyinat olmayıb. Məlumata görə, Nazim İsayevin, hətta sıravi müffətiş kimi gömrük orqanlarında qalması da mümkünsüz görünür. Belə ki, bu günə kimi onun haqqında belə bir təyinat yoxdur və Nazim İsayev hazırda sərəncamdadır.
Nazim İsayevlə bağlı məqam Elmar Vəliyevin kadrlarının yarpaq tökümünün başladığını göstərir. Nazim İsayevin ardınca isə Elmar Vəliyevin kadrlarının arasında vəzifəsini itirən növbəti məmurun məhz Vidadi İsayev olacağı gözlənilir. Bərdə rayon icra hakimiyyətinin başçısının istefasına səbəb ola biləcək başqa səbəblər də var. Həmin məlumatları dəqiqləşdirdikdən sonra ictimaiyyətə təqdim edəcəyik. Hələlik isə onu qeyd edək ki, Elmar Vəliyevin icra başçısı postuna gətirdiyi ilk kadr olan Vidadi İsayevin oktyabr ayının sonuna kimi istefaya göndəriləcəyi gözlənilir. Onun yerinə isə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin kadrı təyin olunacağı iddia olunur. Məlumata görə SOCAR prezidenti artıq bununla bağlı dövlət rəsmiləri ilə ilkin danışıqlar apardığı da verilən məlumatlar sırasındadır.
Elmar Vəliyevin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsindən sonra Gəncə şəhərinin iki rayonun, Nizami və Kəpəz rayonlarının icra başçılarının da kürsülərini laxladıb. Məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilən Niyazi Bayramov yaxın günlərdə Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin və Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyevlə yollarını ayıracaq. Bundan başqa Elmar Vəliyevin Gəncə şəhərində yüksək vəzifələrə təyin etdiyi, ancaq əslən Gəncədən olmayan kadrlarla da yollarını ayıracaq. Məlumata görə, Elmar Vəliyevə qarşı narazılığın səbəblərindən biri də bu olub. Sabiq icra başçıları bir çox rəhbər vəzifələrə əslən Gəncəədn olmayan şəxsləri təyin edib. Onların isə yerli kadrlarla münasibətləri həmişə gərgin olub. Məlumata görə, Prezident Adminstarsiyası yeni icra başçısının qarşısında qoyduğu vəzifələrdən biri də məhz Gəncədə yerli məmur təbəqəsinin narazılığını aradan qaldırmaqdır. İddialara görə, Elmar Vəliyevin Yunis Səfərov tərəfindən güllələnməsindən sonra bu olaylanın əleyhinə olan çağrışlar sosial şəbəkələrdə çox cüzi baxış qazanmasını, Yunis Səfərova həsr edilmiş video roliklərin isə əksinə inanılmaz sayda baxış qazanmasını analiz edən strukturlar dövlət rəsmiləri üçün hazırladıqları hesabatlarda Gəncə şəhərinin məmur təbəqəsinin icra başçısına və onun kadrlarına münasibətinin çox pis olduğunu qeyd ediblər. Məlumata görə bu məlumatlar Gəncə şəhərinin məmur təbəqəsinin narazılığının qismən aradan qaldırılması zərurətini yaradıb və bununla bağlı Gəncənin yeni icra başçısının qarşısında konkret vəzifələr qoyulub. Ona görə də yaxın günlərdə Gəncə şəhərinin bir çox qurumlarının rəhbərlərinin yerli kadrlarla əvəzlənəcəyi gözlənilir. Bununla bağlı redaksiaymıza daxil olan məlumatları dəqiqləşdirməyə çalışılırıq və oxucularımıza təqdim edəcəyik.
Azad Aydın,
"Yeni Sözçü” qəzeti