Məmurlar təşəbbüskarlığa başlayırlar

Məmurlar təşəbbüskarlığa başlayırlar

Bu təşəbbüsləri həyata keçirmək çətin olacaq

Neft dollarları sel kimi axanda ciddi layihələr həyata keçirmək əvəzinə, böyük pulları özləri üçün iqamətgahlar tikməklə, bahalı avtomobillər və mebellər almaqla havaya sovuran məmurlar indi ciddi layihələr üzərində düşünməyə başlayıblar. Doğrudur, onları buna vadar edən səbəblərdən biri də neftin ucuzlaşmasından sonra ölkənin üzləşdiyi iqtisadi problemlərdir. Məmurların bu təşəbbüsləri bir yandan iqtisadi böhrandan çıxmağa kömək edə bilərsə, digər tərəfdən illərlə yığışıb qalmış problemlərin həllinə yardımçı ola bilər. Məsələn, FövqəladəHallar naziri Kəmaləddin Heydərov paytaxt Bakının doqquz mikrorayonundakı 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlanması haqqında məlumat verib. Çox maraqlıdır ki, bu məlumatı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov sahibkarlarla görüşündə səsləndirib. Fövqəladə Hallar naziri bildirib ki, konsepsiyaya əsasən bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur. Kəmaləddin Heydərov bəyan edib ki, yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə, gəlir də götürə biləcəklər. Bu işlərin həyata keçirilməsində Fövqəladə Hallar nazirliyinin də tikinti şirkətlərinə dəstək verəcəyini vəd edən nazir sahibkarları layihəni dəstəkləməyə çağırıb. Çox maraqlıdır ki, paytaxtdakı köhnə, istismar müddəti keçmiş binaların yeniləri iləəvəzlənməsi fikirləri ötən ilin 90-cı illərindən səslənir. Hətta bu layihələrin olması ilə bağlı rəsmi məlumatlar da səslənib. Lakin, sonradan məmurlar həmin binaların yenilənməsiəvəzinə köhnə binaların üzlənməsi kimi layihələr həyata keçirməyə başladılar. Doğrudur, aqlayla üzlənən həmin binaların bəziləri söküldü. Ancaq bütövlükdə köhnə binalar yerində qaldı, məmurlar isə təmir adı altında çox böyük pulları talan etdilər. Əgər Kəmaləddin Heydərov bu layihə Fövqəladə Hallar naziri təyin edildiyi zamandan başlasaydı, indi bu istiqamətdə çox böyük işlər görülmüş olacaqdı. Eyni zamanda həmin dövrdə ölkənin maliyyə imkanları da buna şərait yaradırdı. İndi həm dövlətin maliyyə imkanlarının məhdud olduğu, həm də vətəndaşların gəlirlərinin yeni evlər almağa imkan vermədiyini nəzərə alanda Kəmaləddin Heydərovun təşəbbüsünün fikir olaraq qala biləcəyini söyləyə bilərik. Əlbəttə, Kəmaləddin Heydərovun bu təşəbbüsü iqtisadi proseslərə təkan verə, işsizliyin artdığı bir zamanda minlərlə insanın iş tapmasına yardımçı ola bilər. Bundan başqa bu təşəbbüs ölkədə ticarəti, xüsusilə də tikinti məhsullarının istehsalı və ticarətini gücləndirə bilər. Kəmaləddin Heydərovun bu təşəbbüsü müəyyən problemlərin həllinə yardım etsə də, ölkənin üzləşdiyi problemləri həll edə bilməz. Bu yalnız görülə biləcək tədbirlərdən biri ola bilər. Digər tərəfdən bu işləri görmək üçün sərmayənin haradan alınacağı ilə bağlı da problemlər mövcuddur. Doğrudur, bu işdə oliqarxların pullarını cəlb etmək olar. Ancaq son zamanlar hiss oluna biləcək tendensiya bunun mümkün olacağını düşünməyə imkan verir. Son zamanlar pul sahiblərinin vəsaitlərini ölkədən çıxarmağa üstünlük verdikləri açıq hiss olunur. Əlbəttə, oliqarxları buna məcbur etməyə cəhd etmək olar, ancaq bu ölkədən maliyyə axını daha da gücləndirəcək. Digər tərəfdən büdcə vəsaitləri və yaxud da Neft Fondunun vəsaitləri bu istiqamətə yönəldilsə, həmin pulların önəmli bir hissəsinin mənimsənilməyəcəyinə də zəmanət yoxdur.Ölkədəki əksər tikinti şirkətlərinin maliyyə fəaliyyəti bunu deməyə əsas verir. Bank kreditlərini və yaxud da müştərilərinin pullarını mənimsəməyən çox az sayda tikinti şirkəti var. Əgər bankdan götürdüyü krediti mənimsəməkdən çəkinməyən iş adamlarınınbüdcə vəsaitlərini mənimsəməyəcəklərinə kim zəmanət verə bilər? Həm də biznes layihələrində keyfiyyəti gözləməyən iş adamlarının demək olar ki, biznes layihəsi olmayacaq. Bu layihələrdə keyfiyyəti gözləyəcəklərinə də zəmanət yoxdur. Buna görə də Kəmaləddin Heydərovun bu təşəbbüsünün həyata keçməyəcəyini, keçsə də paytaxtın simasını dəyişmək əvəzinə əlavə problemlər yaradacağı qaçılmazdır.

Ancaq bu məsələ Kəmaləddin Heydərovun da çətin zamanlarda effektli təşəbbüslərlə çıxış edə biləcəyini ortaya qoydu. Belə görünür ki, Kəmaləddin Heydərov yalnız inzibatçı-təşkilatçı deyil, həm də islahatçı fikirləriiləönə çıxa bilər. Təəssüf edilən hal isə bundan ibarətdir ki, məmurlar bu fikirlərlə daha əvvəl çıxış etməli idilər. O zaman indi üzləşdiyimiz problemlərlə üzləşmiş olmazdıq.

Digər bir məsələ ondan ibarətdir ki, bu təşəbbüsün Kəmaləddin Heydərovdan gəlməsini qəbul edə bilməyənlər layihənin gerçəkləşməsinə imkan vermək istəməyəcəklər. Bu isə hakimiyyət daxili mübarizəni gücləndirə bilər.

Yeni Sözçü



Oxşar Xəbərlər

Xəbər lenti