Hacı İbrahim Hacıbala Abutalıbovu niyə tərifləyir?

Hacı İbrahim Hacıbala Abutalıbovu niyə tərifləyir?

"Xəzər Adaları”nın tikintisi üçün torpaq sahəsinin qanunsuz ayrıldığı təsdiq olunur

"Yeni Müsavat” qəzetinə müsahibəsində "Avesta” Konsernin rəhbəri Hacı İbrahim Nehrəmli bir neçə məmuru, o cümlədən də Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu tərifə layiq görüb. Ümumiyyətlə, Azərbaycan Beynəlxalq Bankından yüz milyonlarla kredit görütüb qaytarmadığına görə ötən il Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılmış, bu gün də ölkədən çıxmasına yasaq qoyulmuş birinin tərifə layiq gördüyü məmurun özünün fəaliyyəti haqqında şübhələr yaradır. Hələ bir neçə ay bundan əvvəl redaksiyamıza daxil olan məlumatda Hacı İbrahim Nehrəmlinin həyata keçirdiyi "Xəzər Adaları” layihəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müfaviq rəy verilmədiyi qeyd olunurdu. Bu məlumatı araşdırmaq üçün "Yeni Sözçü” 22 iyul 2015-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığı 07/43 saylı sorğuya Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru X.Hüseynovun imzası ilə verilmiş 1701/1765 saylı məktubunda birmənalı olaraq qeyd edilir ki, Xəzər dənizinin yeni yaradılmış adalarında tikintinin aparılması ilə əlaqədar nəzərdə tutulmuş layihə və texniki sənədlər təqdim edilmədiyi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəy verilməmişdir. Hacı İbrahim Nehrəmlinin Hacıbala Abutalıbovun bir əsassız və belə görünür ki, qanunsuz sərəncamı ilə həyata keçirmək üçün yaratdığı süni, quyuların altında isə qaz anbarlarına məxsus 29 quyu qalıb ki, onlardan 8-də yenidən ləğvetmə işlərinin aparılması zərurəti var. Qeyd edək, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin "Avesta Konserni” MMC-nin prezidenti Hacı İbrahim Nehrəmliyə ünvanladığı məktubda belə quyuların sayı on olaraq göstərilmişdi. Ancaq burada əsas məsələ hansı rəqəmin doğru olması deyil. Əsas məsələ ondan ibarətdir ki, bu quyular böyük fəlakətə səbəb ola bilər. Ancaq bunlar nə Hacı İbrahim Nehrəmlini, nə də Hacıbala Abutalıbovu narahat etmir. Əksinə, Hacı İbrahim Nehrəmli "Xəzər Adaları” layihəsi ilə bağlı yanlış informasiyalar verməkdən çəkinmir. Həmin yanlış informasiyalardan biri də guya "Xəzər Adaları” layihəsində beş min adamın işləməsi ilə bağlı məlumatdır. Bu məlumata "Avesta Konserni” MMCinin sabiq müsahibi Məmməd Hacıyev və xəzinədarı olmuş Vüqar Babayev aydınlıq gətirirlər. Bu iki şəxs "Avesta Konserni” MMC-də, o cümlədən də "Xəzər Adaları” layihəsində neçə nəfərin işləməsi ilə bağlı ən məlumatlı adamlar olublar. Onların məlumatına görə, Hacı İbrahim Nehrəmlinin "Yeni Müsavat” qəzetinə müsahibəsində guya "Xəzər Adaları” layihəsində beş min nəfərin işləməsi haqqında məlumatı tamamilə yanlışdır və burada heç vaxt, hətta beş yüz nəfər də işləməyib. Hacı İbrahim Nehrəmli ötən ilin may ayının 12-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılana kimi onun prezident olduğu şirkətdə çalışmalarına rəğmən bu günə kimi əmək haqqlarını ala bilməyən Məmməd Hacıyev və Vüqar Babayev qanuni hüquqlarının bərpasına bu günə kimi nail ola bilmədiklərini qeyd edirlər. Onların fikirincə dövlət orqanlarının Hacı İbrahim qarşısında belə aciz duruma düşməsi çox acınacaqlıdır.

Hacı İbrahim Kəmaləddin Heydərovu niyə əsl məmur hesab edir?

"Yeni Müsavat” qəzetinə müsahibəsində Hacı İbrahim Nehrəmli Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu da tərifləməkdən qalmır və onu yaxşı məmurların sırasına aid edir. Necə ki, qardaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu sadə həyat tərzi sürən, əsl məmur kimi təqdim edir. Qardaşının İtaliyadan olan dərzilərinə, gözəlçələrinə və futzalçılarına Diasporla İş üzrə Dövlət Komitəsinin qonağı kimi təcili viza verilməsi kimi işlər görməkdən çəkinməmək Hacı İbrahimə görə əsl məmur olmaqdır. Görünür, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun da Hacı İbrahimdən əsl məmur tərifi alması səbəbsiz deyil. Əgər, Fövəladə Hallar Nazirliyinin qaz quyularının üzərində hündür mərtəbəli binalar, otel və iaşə obyektləri tikməsinə mane olmayıbsa, deməli Kəmaləddin Heydərov əsl məmurdur. Əslində, həmin qaz quyularının üzərində tikililərin aparılmasına görə Hacıbala Abutalıbovla yanaşı Kəmaləddin Heydərov da məsuliyyət daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Xəzər Adaları” layihəsinin tikintisinə rəy vermədiyi məlum olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin bu işlərə icazə verib, vermədiyini araşdırmağa çalışacağıq. Hələlik isə onu qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "Xəzər Adaları” layihəsindən xəbərsiz olması mümkün görünmür. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mövcuddur ki, bu qurum ölkədəki bütün tikinti işlərini sərt nəzarət altında saxlayır. Bu Agentliyin əməkdaşları əgər bu günə kimi bir dəfə də olsun "Xəzər Adaları” layihəsinə baş çəkib, bu qanunsuz tikintiləri dayandırmaq istəməyiblərsə, deməli Kəmaləddin Heydərov əsl məmurdur. Hacı İbrahim Nehrəmlinin Quba rayonunda Qaraçay və Qudyalçay, Daşkəsən rayon Qızılça kəndində və İmişli rayon Xubyarlı kəndində qum-çınqıl karxanalarından qanunsuz istifadə etməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyyatları Agentliyinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin hansı səbəbdən göz yumması da görünür Kəmaləddin Heydərovun əsl məmur olması ilə bağlıdır.

"Avesta Konserni” MMC-nin sabiq əməkdaşları isə Hacı İbrahim Nehrəmlinin daha bir yalanını ifşa ediblər. Qeyd edək ki, Hacı İbrahim Nehrəmli "Yeni Müsavat” qəzetinə müsahibəsində on min iş yeri aça biləcəyindən, İmişli rayonunda isə artıq 120 iş yeri açdığından fəxarətlə danışır. Ancaq Məmməd Hacıyevin və Vüqar Babayevin əmək haqqını verə bilmir. "Yeni Sözçü” qəzeti olaraq Fövqəladə Hallar Nazirliyi "Xəzər Adaları” layihəsinin və Quba, İmişli, Daşkəsəndəki qum-çınqıl karxanalarında qanunsuz şəkildə həyata keçirilən işlərlə bağlı bu günə kimi heç bir tədbir görməməsinə aydınlıq gətirməyə çalışacağıq.

 

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti