8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hakimiyyətin bunu görməməsi qərarların küçədə alınmasını doğuracaq
Ölkədə sosial-iqtisadi vəziyyət günü-gündən pisləşir. İyul ayının 22-də Maliyyə Bazarlarına Nəzarət Palatası 4 bankın, "Zaminbank”, "Dekabank”, "Kredobank” və "Parabank”ın lisenziyasının ləğv edilməsi ilə bağlı qərar qəbul etdi. Palata bu addımını bankların sağlamlaşdırılması kimi təqdim etsə də, bunun belə olmadığı hər kəsə aydındır. İndi isə Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta şirkətlərinin də bir neçəsinin lisenziaysını yenə sağlamlaşdırılma adı altında ləğv edəcək. Məlumata görə, "Bakı Sığorta”, "Alfa Sığorta”, "Rəvan Sığorta”, "Başak İnam” və "Azərqarant Sığorta” şirkətlərinin lisenziyasının ləğvi ilə bağlı qərar artıq hazırdır. Ekspertlər isə bank və sığorta şirkətlərinin ləğvinin yalnız indi başlandığını, zamanla sürətlənəcəyini qeyd edirlər. Xüsusilə də hökumətin əmanətlərə 3 il müddətində tam zəmanət verməsindən sonra bankların bağlanmasına 3 illik moratorium qoyulacağı ilə bağlı gözləntilər olduğu bir vaxtda, Maliyyə Bazarlarına Nəzarət Palatasının bu addımı birmənalı qarşılanmadı. Ekspertlərə görə, məcburi addım olan bankların bağlanması kəskin devalvasiyanın bank sektoruna dağıdıcı təsirinin üzə çıxan ilk nəticələridir. Ekspertlər hesab edir ki, birinci devalvasiyadan sonra bankları kiçik istisnalarla qorumaq mümkün idisə, ikinci devalvasiyadan sonra bunun mümkünsüz olduğu əslində iqtisadiyyatdan azacıq başı çıxan hər kəsə aydın idi. Bu vaxtadək 12 bank devalvasiyanın qurbanı olub. Onların 2-si 1-ci, 10-u isə 2-ci devalvasiyadan sonra bağlanıb. Bu prosesin isə davam edəcəyinə ekspertlər şübhə etmirlər. Çünki, devalvasiyalardan sonra bankların valyuta mövqeləri pozulub, aktivləri pisləşib, beynəlxalq reytinqləri aşağı düşüb. Bütün bunlar ona gətirib çıxardı ki, bankların gəlirləri kəskin azalıb, problemli kreditlərin atması nəticəsində bankların əhali və xarici qurumlar qarşısında öhdəliklərinin yerinə yetirməsi isə faktiki olaraq mümkünsüz hala gəlməkdədir. Bütün bunlar isə son nəticədə ölkənin maliyyə sabitliyi təhlükə altına qoyur. Bankların bağlanmasının cəmiyyətdə yaratdığı gərginlik ötüb-keçməmiş daha bir narahatedici xəbər gəldi. Məlum oldu ki, "Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu tamam aşağı salıb. Agentlik iyunda verdiyi proqnoza yenidən baxaraq, real Ümumi Daxili Məhsulun ( ÜDM) artımını 1 faizdən 2017-ci ilə 0 faizə qədər endirib."Moody`s” maliyyə sektorunda vəziyyətin pisləşməsini, devalvasiyanın əhalinin alıcılıq qabiliyyətinə təsirini və ikirəqəmli inflyasiyanın artmasını nəzərə alır. Ölkə iqtisadiyyatının inkişaf sürətinin azalmasına gətirib çıxara biləcək risklərin olduğunu qeyd edir.Azərbaycanın makroiqtisadi proqnozlarının pisləşməsi energetika bazarlarının dəyərləndirilməsi və neft qiymətləri ilə bağlı ümidlərin azalması ilə əlaqədardır. Bundan başqa, "Moody`s” Azərbaycanın maliyyə sisteminə təzyiqin artmasını, ödəmə balansının vəziyyətini, milli valyutaya etibarın azalmasını və bank sisteminin dollarlaşmasını qeyd edib. "Moody`s”un bu addımından sonra beynəlxalq maliyyə institutlarından kredit almağa çalışan Azərbaycan hakimiyyətinin imkanları daralacaq. İndi ona pul verən ya olmayacaq, ya da pul verənlər bunu çox yüksək faiz müqabilində verəcəklər. Bu arada isə neftin qiymətinin ucuzlaşması davam edir. Bu həftənin ilk günü dünya bazarlarında Brent nefti daha 1,7% ucuzlaşaraq 44,85 dollara, ABŞ xam nefti isə 2% ucuzlaşaraq 43,25 dollara düşüb. Neftin qiymətlərinin 50 dollara qalxdığı günlərdə bunun müvəqəti xarakter daşıdığı, iyul ayının ortalarından enməyə başlayacağını qeyd etmişdik.Çünki, təcrübə göstərir ki, iyul ayının ikinci yarsından başlayaraq benzinə və dizel yanacağına təlbat azalmağa başlayır və Qərbdə neft emalı zavodları istehsalı aşağı salırlar. Bəzi neft emalı zavodları ümumiyyətə istehsalı dayandırır. Bu isə neft bazarına kəskin təsir edir. Digər tərəfdən ABŞ-da qazılan neft quyularının sayında ardıcıl olaraq dörcüncü həftədir ki, artırm müşahidə olunur. Bu da neftin ucuzlaşmasına öz təsirini göstərir.
Azərbaycan iqtisadiyyatı isə tamamilə neftdən asılıdır və qeyri-neft sektorunun inkişafı ilə bağlı iddialar yalnız söz olaraq qalır. Həm də nəzərə almaq lazımdır ki, qeyri-neft sektorunun inkişafına qısa müddətdə nail olmaq mümkün deyil. Bunun üçün ən yaxşı halda bir neçə il, hətta bir neçə on illiklər, böyük sərmayə və yüksək texnologiyalar lazımdır. Azərbaycan isə həmin zamanı əldən verib, neft pullarını havaya sovurub və texnologiların əldə edilməsində heç bir addım atmayıb. Belə bir şəraitdə qeyri-neft sektorununinkişafı sadəcə olaraq nağıldan başqa bir şey deyil. Qeyri-neft sektorunun qısa zamanda inkişafının mümkünsüzlüyü bütün ümidləri neftə bağlamağa vadar edir ki, bu ümidlər də məhvə məhkumdur.Neftin baha qiymətə satıldığı günlər artıq tarixdir və bir daha geri qayıtmayacaq. İkincisi, Azərbaycanın neft istehsalı sürətlə azalır. Belə bir vəziyyətdə ölkənin son ümidi olan valyuta ehtiyyatları da manatın kursunu sabit saxlamaq kimi ağılsız siyasətə qurban verilir. Hər həftə Azərbaycan bir neçə yüz milyon dollarını manatın kursunu saxlamağa sərf edir. Bunun isə tükənməz olmadğı ağlı başında olan hər kəsə aydındır. İndi Azərbaycan iqtisadiyyatı fəlakətin bir addımlığındadır. Hələlik onu bu fəlakətdən yayındırmaq mümkündür. Ancaq bir azdan gec olacaq. İqtisadi böhranın dərinləşrək sosial böhrana keçməsi isə siaysi böhranı labüd edəcək. Ona görə də ləngimədən, sərt, ancaq zəruri tədbirlər görülməlidir. Bunun üçün isə artıq il deyil, bir neçə ay möhlət qalıb. Sonra bütün qərarlar küçədə qəbul oluncaq.
Yeni Sözçü