Qubad İbadoğlu:“Hökumət ya “yumşaq” ucuzlaşmanı davam etməli, ya da 3-cü devalvasiyaya getməlidir"

Qubad İbadoğlu:“Hökumət ya “yumşaq” ucuzlaşmanı davam etməli, ya da 3-cü devalvasiyaya getməlidir"

 

İqtisadçı Qubad İbadoğlu milli manatın taleyi ilə bağlı öz təxminlərini yazıb.

Q.İbadoğlunun bildirməsinə görə, bu günlər prezidentin təsdiqlədiyi Strateji Yol Xəritəsində qeyd edilir ki, tam üzən məzənnə rejimi istehlak səbətində idxal məhsullarının payı azalacağı halda mümkün olacaq:

"Son statistik məlumatlar onu göstərir ki, hətta ötən il tam üzən məzənnə rejiminə keçid üçün şərait bu illə müqayisədə daha əlverişli olub. Bu ilin 11 aylıq gömrük məlumatlarına görə, Azərbaycanda xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən ilin eyni dövrünə nisbətən 1 milyard 824 milyon 200 min dollar və ya 75 faizə qədər azalıb”.

Q.İbadoğlu yazır ki, müqayisə olunan dövrdə ixracat 2 milyard 304 milyon 300 min dollar və ya 30 faizdən çox azalıb. İdxal əməliyyatları da 479.4 milyon dollar və ya 6 faizə qədər azalıb: "Göründüyü kimi, ixracatın azalması tempi idxalı 6 dəfə üstələyib. Bu isə o deməkdir ki, istehlak səbətində idxal məhsullarının payının azalması ilə bağlı gözləntilər özünü doğrultmayıb. Əksinə, bu ilin 11 ayında qeyri-neft ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 20.6 faiz və ya 488 milyon dollar azalıb”.

Bu səbəbdən də gələn il tam üzən məzənnə siyasətinə keçiləcəyinə iqtisadçı bir qədər şübhə ilə yanaşır: "Çünki hazırkı şərtlər daxilində manatın ABŞ dollarına nəzərən kursu tam üzən məzənnə rejimində sürətli sıçrayışa məruz qala bilər”.

İKİ SSENARİ…

Q.İbadoğlu belə olan halda hadisələrin iki ssenari üzrə inkişafını istisna etmir: "Əgər hökumət tam üzən məzənnə rejiminə keçiddə israrlıdırsa, onda ya yumşaq devalvasiyanı daha sürətlə davam etdirməli, ya da kəskin 3-cü devalvasiyaya qərar verməlidir. Sonrakı mərhələdə tarazlaşdırılmış məzənnə indiki kursdan çox fərqlənməsin deyə”.

Q.İbadoğlunun fikrincə, əgər hökumət üzən tənzimlənən məzənnə siyasətini davam etdirəcəksə, onda manat gələn ildə də, bu ildə olduğu kimi, kiçik templə olsa da, dəyər itirməkdə davam edəcək: "Bu halda Mərkəzi Bank toplanmış strateji valyuta ehtiyatlarını «tonqalda yandırmaqla», Dövlət Neft Fondu isə izafi manat ehtiyatı hesabına anbarlarını milli valyuta ilə doldurmaqla məşğul olacaq. Hər iki ssenaridə manat ABŞ dollarına nəzərən ucuzlaşacaq, onlar arasında yeganə fərq ucuzlaşmanın tempində olacaq. Birinci ssenaridə ucuzlaşma tempi indikindən daha sürətli, ikinci variantda isə hazırkı səviyyədə olacaq”.



Oxşar Xəbərlər

Xəbər lenti