Gürcüstanda 20, Azərbaycanda 120 manata... - Avtomobil ehtiyat hissələri niyə bahadır?


“Ölkədə satılan avtomobil ehtiyat hissələrinin qiyməti bəzi ölkələrlə müqayisədə çox bahadır. Bu,gömrük rüsumlarının yüksək olması ilə əlaqədardır. Ehtiyat hissələri ölkəyə münasib qiymətə gətirilsə də, üzərinə rüsumu gələndə qiymət artır. Üstəlik avtomobil üçün bir detalı almaq istəyəndə satıcılar bildirirlər ki, bu detal tək deyil, digər detallarla birlikdə, komplekt halda satılır. Bu zaman qiymət daha da baha olur. Belə olan halda da alıcılıq qabiliyyəti aşağı düşür”.

Bunu nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakupost.az -a bildirib.

Onun dediyinə görə, Gürcüstanda 20 manata satılan detalı Azərbaycanda təqribən 120 manata almaq mümkündür: "Burada gömrük rüsumlarının yuxarı olması ciddi rol oynayır. Nəyə görə bir çox iqtisadi parametrlərinə əsasən, Azərbaycandan geri qalan Gürcüstan bu sahədə bizi özündən asılı vəziyyətə salmalıdır? Bunun qarşısını almaq üçün gömrük rüsumları aşağı salınmalıdır".

Ekspert qeyd edib ki, baha ehtiyat hissələrini almağa gücü çatmayan insanlar ucuz məhsullara üstünlük verirlər. Buna görə də bəzi şirkətlər ölkəyə keyfiyyətsiz ehtiyat hissələri gətirir: “Bu hal Azərbaycanda geniş yayılıb. Ölkəyə keyfiyyətsiz işıq cihazları, avtomobilin digər kiçik və böyük detalları gətirilir və alıcılar da onları alır. Nəticədə bu, həm yol-nəqliyyat hadisələrinə səbəb olur, həm də avtomobilin digər detallarını sıradan cıxarıb sürücüyə iki-üç qat ziyan vurur. Çox istərdim ki, bu hallara son qoyulsun. Çünki insanlar keyfiyyətli ehtiyat hissələri aldıqda avtomobilin ömrü uzanır”.



Oxşar Xəbərlər

Xəbər lenti