27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.
Mərkəzi Bankdan verilən məlumata görə, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib. Proqnozlaşdırılan inflyasiyanın hədəfdə qalmasını nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyənləşdirilərkən onların banklararası pul bazarındakı faizlərə təsir miqyası da nəzərə alınıb.
Tənzimləyici bildirir ki, İdarə Heyətinin uçot dərəcəsinə həsr olunmuş yanvarın 31-də keçirilən ötən iclasından bəri illik inflyasiya tempi azalmaqda davam edib: 2024-cü ilin fevralında 12 aylıq inflyasiya 0.8 faiz, 12 aylıq baza inflyasiya isə 1.4 faiz təşkil edib. İllik ərzaq deflyasiyası 0.3 faiz, qeyri-ərzaq inflyasiyası 1.4 faiz, xidmətlər inflyasiyası isə 2.3 faiz olub.
Mərkəzi Bankın açıqlamasına görə, illik inflyasiyada azalma xarici və daxili amillərin təsirləri ilə baş verir: “Dünya Bankının məlumatına əsasən, əmtəə qiymətləri indeksi 2024-cü ilin fevralında illik əsasda 7.3 faiz, o cümlədən enerji qiymətləri üzrə 7.5 faiz enib. ABŞ-ın Enerji İnformasiya Agentliyinin (EİA) məlumatına görə, 2024-cü ilin II rübündən neft ehtiyatlarının artması proqnozu qiymətlərə təsir edən əsas amillərdən biri olacaq. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi fevralda illik əsasda 10.5 faiz azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19.3 faiz və 2024-cü ilin ilk 2 ayında 1.8 faiz) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib”.
2024-cü ilin əvvəlindən bəri Azərbaycanın valyuta bazarında tarazlıq qorunub. Belə ki, ilin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir neçəsində valyutaya tələb artıb. Buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir: “2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.1 faiz artıb ki, bunun da əhəmiyyətli hissəsi daxili mənbələr hesabına maliyyələşib. Bu, qeyri-neft idxalı üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub. Qeyd olunanlar idxal mənşəli valyuta tələbinin artımını təsdiqləyir. Ümumilikdə, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. 2023-cü ilin
yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 11.5 faizi səviyyəsində profisit olub. Ticarət balansında 2024-cü ilin ilk 2 ayında 2.3 milyard ABŞ dolları məbləğində profisit formalaşıb. Proqnozlara əsasən, mövcud meyllərin davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı (yanvar proqnozu: 7-8 milyard ABŞ dolları) gözlənilir. Bununla yanaşı, fevralda depozit dollarlaşmasının azalmaqda davam etməsi yığım vasitəsi kimi manata inamın qorunduğunu göstərir. Belə ki, fevralda maliyyə sektoru çıxılmaqla hüquqi və fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi yanvar ayına nəzərən 1.3 faiz bəndi, ötən ilin fevral ayı ilə müqayisədə isə 9 faiz bəndi azalıb”.
Tənzimləyici bildirir ki, pul siyasəti alətləri avtonom amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına xidmət edir: “Açıq bazar əməliyyatları və daimi imkan alətlərindən aktiv istifadə pul bazarında milli valyutada banklar arasında həm təminatsız, həm də təminatlı bağlanan əqdlərin orta çəkili faiz dərəcələrinin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətini təmin edib. Mart ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.52 faiz (fevralda 6.29 faiz) olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Pul bazarındakı faizlərin digər faizlərə, o cümlədən depozit və kredit faizlərinə təsirinin gücləndirilməsi istiqamətində islahatlar davam etdirilir”.
Mərkəzi Bankın İdarə Heyətinin ötən iclasından bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik baş verməyib. Qurum geosiyasi gərginliklərin davam etməsi, mühüm beynəlxalq ticarət yollarında yaranan maneələr, eləcə də iqlim dəyişikliklərinin dünya bazarında əmtəə qiymətlərini və tərəfdaş ölkələrdə inflyasiyanın dəyişkənliyini yüksəldə bilməsi ehtimalını xarici mənşəli başlıca inflyasiya riskləri hesab edir. Bundan əlavə, inflyasiyanı artıra biləcək başlıca daxili risk xərc amillərinin aktivləşməsi də mümkündür. Bura həmçinin fiskal əməliyyatların pul təklifinə cari ildə də artırıcı təsiri də daxildir: “Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. 2024-cü ilə inflyasiya proqnozu (yanvar proqnozu: 5.3 faiz) dəyişməz saxlanılıb. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı var”.
Mərkəzi Bankın pul siyasətinin yumşaldılması ilə bağlı növbəti qərarları inflyasiyanın azalma meylinin davamlılığından, xarici və daxili mənşəli təklif və tələb amillərinin dinamikasından asılı olacaq. Qeyd olunan risklərin reallaşması halında pul siyasətinin ilin qalan dövründə yumşaldılması üzrə pauzanın götürülməsi imkanlarına baxıla bilər. Qarşıdakı dövrdə də makroiqtisadi göstəricilərin və faiz dəhlizinin parametrlərinin faizlərə ötürücülüyü üzrə monitorinq aparılacaq.
Xatırladaq ki, yanvarın 31-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8 faizdən 7.75 faizə, faiz dəhlizinin aşağı həddi 6.5 faizdən 6.25 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8.75 faizə endirilmişdi.
İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, uçot dərəcəsinin endirilməsi inflyasiya səviyyəsinin azalması və bu meyillərin hədəf diapazonu daxilində formalaşması, həmçinin makroiqtisadi stabilliyin qorunması ilə bağlıdır: “2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında da əlavə 0.5 faizlik azalmaya getmişdi.
Mərkəzi Bankın son qərarında iki mühüm məsələ diqqəti çəkir: faiz dəhlizinin aşağı həddinin dəyişdirilməməsi və depozit və kredit faizlərinə təsirinin gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsi. Faiz dəhlizinin aşağı həddini dəyişdirməməklə Mərkəzi Bank öz notlarının optimal gəlirliyini qoruyub saxlamağa çalışır. Dünən də həmin notların son faiz dərəcəsi üzrə cüzi olsa da artım qeydə alınıb. Bununla baş bank qiymətli kağızlar bazarındakı mövqeyini gücləndirməyə və sektor iştirakçılarından daha çox vəsait cəlb etməyə çalışır. Bu ondan xəbər verir ki, Mərkəz Bank öz notlarının son faiz dərəcələri üzrə kəskin azalmalara getməyi hədəfləmir".
Millət vəkili bildirir ki, hələlik uçot dərəcəsinin kredit faizlərinə ciddi təsiri yoxdur: “Etiraf etmək lazımdır ki, bu təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu, heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Amma adətən digər ölkələrdə mərkəzi banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və eləcə də kredit faizlərində də enişlər müşahidə edilir. Azərbaycan Mərkəzi Bankının son dövrlər uçot faiz dərəcəsinin azaltmasına rəğmən, əksinə, depozit faizlərində artım müşahidə olunmaqdadır. Əvvəllər 5.0-6.0 faiz dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri 8.0-9.5 faiz arasında dəyişir. Depozit faizlərindəki artımlara Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşməyib. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsilə cəlb edə bilib və bu da banklarda əlavə vəsaitlərə tələb yaradıb. Bununla belə, banklardan kənarda nağd pulun həcmi də kifayət qədər böyükdür. 15 milyard manatlıq M0 bankları daha aktiv kampaniyalara sövq edir. Bütün hallarda isə Mərkəzi Bankın son qərarı kredit faizlərində ciddi dəyişikliyə səbəb olmayacaq”.
Onu da qeyd edək ki, beynəlxalq iqtisadi statistika portalı olan “Trading Economics” 2024-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 5 faiz səviyyəsində proqnozlaşdırır. Proqnozlara əsasən, birinci rübdə orta illik inflyasiya 1,8 faiz, ikinci rübün sonuna 4,4 faiz, üçüncü rübün sonuna 5,3 faiz, dördüncü rübün sonuna isə 5 faiz səviyyəsində gözlənilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 faiz təşkil edəcək, 2025-ci ildə 3,9 faizədək azalacaq.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4,7 faizə qədər azalacağını, 2025-ci ildə 5 faiz olacağını proqnozlaşdırır.
Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 5,8 faiz, 2025-ci ildə 5,2 faiz təşkil edəcək.
Niderlandın “ING Group” şirkəti 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 4,4 faiz, 2025-ci ildə 5,5 faiz olacağını proqnozlaşdırıb.
Azərbaycan İqtisadiyyat Nazirliyi isə 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 faiz, 2025-ci ildə 4,9 faiz olacağını gözləyir.
musavat.com