İSRAİL TÜRKİYƏYƏ VETO QOYDU, BAKI DƏVƏTİ RƏDD ETDİ – “Rəsmi Bakı Qəzza zolağına sülhməramlı kontingent göndərməyi düşünmür


Qətərin Doha şəhərində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) dəstəyi ilə Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi ilə bağlı beynəlxalq konfrans keçirilib. Tədbirdə 45-dən çox ölkədən olan nümayəndələrin iştirakı gözlənilirdi, lakin dəvət siyahısı tərtib edilərkən ciddi siyasi fikir ayrılıqları yaranıb.

Sozcu.info xəbər verir ki, İsrailin "Haaretz" qəzetinin diplomatik mənbələrə istinadla verdiyi məlumata görə, Türkiyənin konfransda iştirakı İsrail tərəfindən bloklanıb. ABŞ isə İsrailin vetosunu nəzərə alaraq Ankaraya dəvət göndərməyib. Bundan sonra rəsmi dəvət alan Azərbaycan tədbirə qatılmaqdan imtina edib. Qəzetin mənbələrinə görə, Türkiyənin iştirak etməməsi prosedur deyil, sırf siyasi xarakter daşıyıb.

Adı açıqlanmayan Qərb diplomatı və Türkiyə hökumətinə yaxın mənbə Ankaranın Vaşinqton və Doha ilə sıx əlaqələrinə baxmayaraq, iştirakçılar siyahısına daxil edilmədiyini təsdiqləyib.

Ərəb diplomatik dairələrindəki mənbə Türkiyənin oktyabr ayında Şarm əl-Şeyx sülh sammitinə dəvət olunduğunu və Qəzza zolağı ilə bağlı beynəlxalq təşəbbüsləri açıq şəkildə dəstəklədiyini vurğulayıb. Onun sözlərinə görə, Ankaranın Doha görüşünə qatılmasına qarşı çıxan yeganə ölkə İsrail olub. Eyni zamanda, nəşrin məlumatına görə, Türkiyə və Qətər Amerika rəsmilərinə təzyiq göstərməyə davam edir və onları qərarlarını yenidən nəzərdən keçirməyə çağırırlar.

Qeyd etmək lazımdır ki, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi Prezident Trampın Qəzza sülh planının ikinci mərhələsinin əsas elementi hesab olunur. İsrail də öz növbəsində, xüsusən də Qəzza müharibəsinin başlanğıcından bəri ikitərəfli münasibətlərin kəskin şəkildə pisləşməsi nəzərə alınmaqla, Türkiyənin müharibədən sonrakı nizamlamada iştirakına qarşı olduğunu dəfələrlə bildirib.

“Haaretz” qəzetinin əldə etdiyi siyahıya görə, Doha görüşünə Misir, İordaniya, Azərbaycan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İtaliya, eləcə də bir sıra Avropa, Asiya və Asiya-Sakit Okean dövlətləri dəvət olunub. Qəzet qeyd edir ki, Azərbaycan dəvət olunsa da, Dohaya nümayəndə heyəti göndərməyib və ümumiyyətlə, rəsmi Bakı Qəzza zolağına sülhməramlı kontingent göndərməyi düşünmür.

İsrail qəzetinin yazdığına görə, ABŞ ilə bəzi məsləhətləşmələrə baxmayaraq, Azərbaycan yaxın gələcəkdə İbrahim Sazişlərinə qoşulmağa da hazır deyil. Qəzet vurğulayır ki, "İsraillə uzun müddətdir mövcud olan yaxın münasibətlərinə baxmayaraq, Azərbaycan bu sazişə yalnız təbliğat məqsədi ilə qoşulmağa ehtiyac görmür".

“Haaretz” qəzeti Doha konfransına dəvət olunmuş, lakin nəticədə iştirak etməyənlər arasında Belçika, Rumıniya, Estoniya, Cənubi Koreya, Nepal və təxminən 15 digər ölkəni sadalayır.

Qəzetin istinad etdiyi Qərb diplomatına görə, Doha görüşü aralıq xarakter daşıyıb və orada heç bir məcburi qərar gözlənilmirdi.

Bu arada, İsrailin digər qəzeti olan "The Jerusalem Post" beynəlxalq sabitləşdirmə qüvvələrinin elan edilmiş sayının 20.000 əsgər olduğunu, əslində isə yalnız 5.000 şəxsi heyətin toplana biləcəyini yazıb. Hətta o da bu şərtlə baş tutacaq ki, Fransa və İtaliyadan sonra bir neçə digər Avropa ölkəsi də missiyada iştiraklarını təsdiqləsinlər.

Ümumiyyətlə, Beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılması, Fələstin Muxtariyyətinin iştirakı olmadan missiyada iştirak etmək istəməyən ərəb və müsəlman ölkələrinin mövqeyi səbəbindən faktiki olaraq çıxılmaz vəziyyətə düşüb.

Türkiyəyə veto qoyulması da daxil olmaqla, bütün bu və digər səbəblər Azərbaycanın sözügedən prosesdə iştirakını hələlik qeyri-məqbul edir. Bu baxımdan rəsmi Bakının atdığı addım kifayət qədər diplomatik baxımdan düşünülmüş və rassional sayıla bilər.

AzPolitika.info



Oxşar Xəbərlər

Xəbər lenti