Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Azərbaycan Mərkəzi Bankının qəbul etdiyi qərarla pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılıb. Pul siyasətindəki dəyişikliklər beynəlxalq təcrübənin və ölkənin yerli xüsusiyyətlərinin təhlili əsasında həyata keçirilib. Yeni dəyişikliklər perspektivdə inflyasiyanın və məzənnə risklərinin faiz dərəcələri vasitəsilə effektiv idarə edilməsinə imkan verəcək.
Qeyd edilib ki, Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi ölkədə qiymət sabitliyini, başqa sözlə inflyasiyanın aşağı səviyyədə qorunmasını təmin etməkdir. Aşağı inflyasiya istehlakçılar və biznes üçün əlverişli iqtisadi mühit deməkdir.
Hurriyyet.az xəbər verir ki, iqtisadçılar Mərkəzi Bankın pul siyasətindəki dəyişiklikləri Sputnik Azərbaycan-a şərh ediblər.Dövriyyədə pul vəsaiti çoxdursa, bu, inflyasiyaya aparır
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, Mərkəzi Bank inflyasiya ilə mübarizə aparır: "Yeniliyə görə, banklarda artıq, istifadə edilməyən vəsait varsa, Mərkəzi Bank ən yüksək faiz dərəcəsi ilə onları depozit kimi götürməyə ya da həmin banklara qiymətli kağız satmağa hazırdır. Yəni bu prosesi Mərkəzi Bank daha çevik, daha yüksək faizlə həyata keçirmək istəyir. Çünki dövriyyədə nə qədər pul vəsaiti çoxdursa, bu, inflyasiyaya aparır, qiymətlər artır. Buna qədər Mərkəzi Bank bankların artıq vəsaitini yığmaqda o qədər də aktiv deyildi. Bu da onu göstərir ki, inflyasiya Mərkəzi Bankı narahat edir. Yəqin ilin sonunda bu siyasətə daha dəqiq qiymət verə biləcəyik".
Faiz dəhlizinin aşağı həddinin 4 faizə endirilməsinə münasibət bildirən ekspert qeyd edib ki, Mərkəzi Bank banklardan vəsaiti 4 faizlə cəlb edəcək: "Məsələn, bankın bu gün artıq pulu qalıbsa, onu kredit kimi verməyibsə, Mərkəzi Bank 4 faizlə onu qəbul edəcək. İndiyədək bu, banklar üçün cəlbedici deyildi".Bankın 1 günlük likvidlik problemi varsa, Mərkəzi Bank ona 1 günlük kredit verəcək
O bildirib ki, sterilizasiya məqsədilə 1 günlük depozit əməliyyatlarının, likvidliyin verilməsi məqsədilə isə 1 günlük əks-repo əməliyyatlarının aparılmasına başlanılıb: "Yəni bankda 1 günlük artıq pul qalıbsa, Mərkəzi Bank 1 günlük onu alacaq və ya bankın 1 günlük likvidlik problemi varsa, Mərkəzi Bank ona 1 günlük kredit verəcək. Banklar üçün 1 günlük əməliyyatlar çox vacibdir. Çünki banklarda 1 günlük də problem ola bilər. Məsələn, bir vətəndaş bankdakı əmanətini geri istəyir, amma bu bankın verdiyi krediti digər vətəndaş sabah geri qaytaracaq. Yəni banka 1 gün üçün pul lazımdır. Bu zaman həmin bank pulu Mərkəzi Bankdan 1 günlük götürə bilər".
Əsas məqsəd əlavə manat kütləsinin valyuta bazarına axmamasıdır
İqtisadçı Natiq Cəfərli də Sputnik Azərbaycan-a açıqlamasında, Mərkəzi Bankın yeni addımlarını müsbət hesab edib: "Mərkəzi Bankın yeni addımları pul-kredit siyasətinin daha da liberallaşmasına, günlük, həftəlik kreditləşmə siyasətinin daha da yumşaldılmasına və bununla da banklarda olan əlavə likvidliyin cəlb edilməsinə hesablanıb. Mərkəzi Bank artıq qalan pul kütləsinin valyuta bazarına yox, daha çox iqtisadiyyata yönəlməsi üçün addımlar atıb. Burada əsas məqsəd əlavə manat kütləsinin valyuta bazarına axmaması üçün yeni alətlərin dövriyyəyə buraxılmasıdır. Hazırda əlavə pul vəsaitlərinin real iqtisadiyyata yönəldilməsi üçün yeni stimullaşdırıcı mexanizmlərə ehtiyac var".Pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi istiqamətində işlər intensivləşdirilib
Mərkəzi Bankın məlumatına görə, Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanın 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" rəhbər tutulmaqla pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi istiqamətində işlər intensivləşdirilib.
Mərkəzi Bankın İdarə Heyətinin cari ilin avqust ayında qəbul etdiyi müvafiq qərarlarla 01.09.2022-ci il tarixindən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılıb. Belə ki, daimi imkanlar (bankların təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) alətləri işə salınıb və açıq bazar əməliyyatlarının (Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) çeşidi genişləndirilib.
Daimi imkan alətləri olaraq sterilizasiya məqsədilə 1 günlük depozit əməliyyatlarının, likvidliyin verilməsi məqsədilə isə 1 günlük əks-repo əməliyyatlarının aparılmasına başlanılıb. Sterilizasiya məqsədilə 1 günlük depozit əməliyyatları üzrə faiz dərəcəsi faiz dəhlizinin aşağı həddinə, likvidliyin verilməsi məqsədilə 1 günlük əks-repo əməliyyatları üzrə faiz dərəcəsi isə faiz dəhlizinin yuxarı həddinə bərabərdir.Açıq bazar əməliyyatlarının təkmilləşdirilməsi çərçivəsində sterilizasiya məqsədilə zəruri halda 1,3,6 və 9 aylıq notlarla yanaşı 7 günlük repo hərraclarının keçirilməsi nəzərdə tutulur. Likvidliyin verilməsi yönümlü açıq bazar əməliyyatları olaraq zəruri hallarda 7 günlük əks-repo hərraclarının keçirilməsi planlaşdırılır. 7 günlük repo əməliyyatları üzrə faizlərin faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasındakı intervalda tənzimlənməsi nəzərdə tutulur. 7 günlük əks-repo əməliyyatlarına görə faizlər uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasındakı intervalda müəyyənləşəcək. 1,3,6 və 9 aylıq notların gəlirliyi isə bazarda tələb-təklif nisbətindən asılı olaraq formalaşacaq. Pul bazarı, xüsusilə də banklararası bazardakı vəziyyətdən asılı olaraq digər açıq bazar əməliyyatları da tətbiq oluna bilər.Mərkəzi Bankın faiz dəhlizinin eni daraldılacaq
Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi faiz dəhlizi parametrlərinə də baxmağı zəruri edib. Qiymətləndirmələr göstərib ki, faiz dəhlizi parametrlərinə dəyişiklik etmədən yeni alətlərin tətbiqi pul bazarındakı faizlərdə kəskin dəyişkənliyə səbəb ola bilər. Bank sektorunda mövcud olan struktur profisiti şəraitində banklararası bazarda qısamüddətli faizlər, eləcə də bəzi müddətlər üzrə notlar və dövlət qiymətli kağızlarının gəlirliyi Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddindən əhəmiyyətli aşağıdır. Ona görə də pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddinin 01.09.2022-ci il tarixindən 4 faiz səviyyəsində müəyyən edilməsi qərara alınıb. Bu bank sektorundakı izafi likvidliyin əlverişli şərtlərlə sterilizasiyası və banklararası pul bazarında tarazlı faizlərin formalaşması imkanlarının yaranması baxımından məqsədəuyğun sayılıb. Mərkəzi Bank qısamüddətli pul bazarının müxtəlif seqmentlərində faizlərin kəskin dəyişkənliyinə yol vermədən banklararası faizləri mərhələlərlə faiz dəhlizinə yaxınlaşdırmaq hədəfini qarşıya qoyub. Makroiqtisadi durum və banaklararası bazardakı vəziyyətdən, eləcə də yeni alətlərin tətbiqinin maliyyə bazarının müxtəlif seqmentlərinə təsirlərindən asılı olaraq Mərkəzi Bankın faiz dəhlizinin eni daraldılacaq.
Yeni alət arsenalının tətbiqi sterilizasiya əməliyyatlarının aktivləşməsilə müşayət olunacaq ki, bu da pul bazarında faizlərin Mərkəzi Bankın uçot dərəcəsinə yaxınlaşmasına və beləliklə faiz dəhlizinin pul bazarının müxtəlif seqmentlərində faizlərə transmissiya effektinin yüksəlməsinə gətirib çıxaracaq. Eyni zamanda sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi inflyasiya təzyiqlərinin artması şəraitində kredit qoyuluşlarının balanslı artımının təmin edilməsi və ortamüddətli perspektivdə ölkədə makroiqtisadi sabitliyin qorunması, o cümlədən valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından vacibdir.
Yeni əməliyyat çərçivəsinin effektiv tətbiqinə şərait yaratmaq üçün banklararası pul bazarının aktivləşdirilməsi istiqamətində də işlər görülüb. Banklararası pul bazarının aktivləşməsi məqsədilə alternativ əməliyyat platforması təklif olunub. Belə ki, manatla banklararası təminatsız kredit əməliyyatlarının "Blumberq" ticarət sistemi vasitəsilə bağlanmasına dair yeni kollektiv saziş qüvvəyə minib.
Mərkəzi Bank tərəfindən pul siyasəti üzrə yeni alət konfiqurasiyasının tətbiqi və banklararası bazarda əməliyyatların aktivləşməsi imkan verəcək ki, banklar zərurət yarandığı təqdirdə qısamüddətli dövrə vəsait cəlb etsinlər. Bu da eyni zamanda banklarda hesablaşmaların fasiləsizliyini və dayanıqlığını dəstəkləməklə onlarda müxtəlif likvidlik normativlərinin vaxtlı-vaxtında təmin olunmasına şərait yaradacaq.Yeni əməliyyat çərçivəsinin tətbiqi istiqamətində görülən tədbirlər pul siyasətinin alternativ lövbərinin formalaşmasına, pul siyasətinin transmissiyasında faiz kanalının gücləndirilməsinə xidmət edir. Yeni əməliyyat çərçivəsi perspektivdə inflyasiya proseslərinin və məzənnə risklərinin faiz dərəcələri vasitəsilə effektiv idarə edilməsinə imkan verəcək.
Pul siyasətinin əməliyyat çərçivəsinə dair izahedici sənəd
Qeyd edək ki, Pul siyasətinin əməliyyat çərçivəsinə dair izahedici sənəddə deyilir ki, Mərkəzi Bankın faiz dəhlizi üç parametr olan uçot dərəcəsi, yuxarı hədd və aşağı həddən ibarətdir. Faiz dəhlizinin aşağı həddi sterilizasiya yönümlü daimi imkanlar alətlərindən olan 1 günlük depozit əməliyyatının faizidir. Faiz dəhlizinin yuxarı həddi isə 1 günlük likvidliyin verilməsi üzrə daimi imkanlar alətlərindən olan əks-repo əməliyyatının faizidir. Uçot faiz dərəcəsi faiz dəhlizinin mərkəzi parametridir. Bu faiz dərəcəsini elan etməklə Mərkəzi Bank banklararası bazarda qısamüddətli faizləri bu parametrə yaxınlaşdırmağa çalışır.
Xatırladaq ki, repo qiymətli kağızların satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatıdır. Bu əməliyyat Mərkəzi Bank tərəfindən pul təklifinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir.
Əks-repo isə qiymətli kağızların alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra geri qaytarılmasını nəzərdə tutan əməliyyatdır. Mərkəzi Bank tərəfindən əks-repo-nun tətbiq olunmasında məqsəd pul təklifinin qısamüddətli artırılmasıdır.