Ölkə vətəndaşlarının acizləşməsində iqtidarla müxalifətin payı...

Ölkə vətəndaşlarının acizləşməsində iqtidarla müxalifətin payı...

 

Əlini əlinin üstünə qoyub, ətrafda olub-bitənlərə biganə qalmaq səbrli olmaq deyil

Azərbaycan xalqı həqiqətən də olduqca dözümlü və səbrli xalqdır. Elə bu səbəbədən də ölkədə olub-bitən hadisələrə, əhalinin narazılığına səbəb olan bir sıra siyasi proseslərə, eləcə də sadə vətəndaşın belini qıran "islahatlar"a səssiz qalır, səbrlə nəyinsə dəyişəcəyini gözləyirik.

Hələ bu harasıdır. Bizlər məmur özbaşınalığına, bəzi siyasətçilərin boğazdanyuxarı vədlərinə, təhsil və səhiyyə sisteminin bərbad vəziyyətdə olmasına, işsizlər ordusunun sırasının hər ötən gün daha da genişlənməsinə, paytaxt da daxil olmaqla ölkənin regionlarını da ağuşuna almış səfalətə, ayrı-ayrı dövlət qurumlarında hökm sürən rəzalətə, rüşvət və korrupsiyaya, hətta Qarabağın itkisinə və ATƏT-in Minsk Qrupunun boş, mənasız, standart bəyanatlarına dözürük.

Kim bilir, bəlkə də səbrli olmaq və dözə-dözə başımıza gələn müsibətlərə qatlanmaq bizim alnımıza yazılıb. Başqa çıxış yolumuz olmadığından, Cənubi Azərbaycanın, Borçalının, Qərbi Azərbaycanın itirilməsinə və Qarabağın erməni vandalları tərəfindən işğalına, oradakı tarixi memarlıq abidələrimizin məhv edilməsinə, ibadət yerlərimizin təhqir olunmasına, qəbir daşlarının dağıdılmasına göz yumuruq. Avtobus və metrodakı basabasa, "JEK"lərdə, xəstəxana və poliklinikalarda, həmçinin digər dövlət qurumlarında adi bir arayışı almaq üçün yaradılan süni növbələrə, bürokratik əngəllərə, məmur balalarının ən son model bahalı avtomobillərlə yol hərəkəti qaydalarını kobud surətdə pozub piyadaların və maşınını normal şəkildə idarə edən digər sürücülərin həyatını təhlükə altına atmasına, soyuq qış aylarında işıq, su və qazın ərşə çəkilməsinə, birinci Qarabağ savaşı zamanı fərarilik edənlərin bir qisminin indi saxta veteran vəsiqəsi gəzdirməsinə, xristian aləminin ikili standartlarına, demokratiya adı altında öz maraqlarını diqtə etdirməsinə, ölkəmizə düşmən kəsilən güclərin yaranmış hər fürsətdə Azərbaycanı hədəfə alaraq qurşaqdan aşağı zərbə vurmağa çalışmasına, iki cümləni ard-arda yaza, deyə bilməyənlərin jurnalistikadan, media dəyərlərindən dəm vurmasına, ölkədə hələ də rüşvət və korrupsiyanın kökünün kəsilməməsinə, bəzi bankların soyğunçuluğuna, bir sıra iş adamlarının keyfiyyətsiz məhsullarla istehlakçılara qənim kəsilmələrinə, "halal” adı altında vaxtı keçmiş və halallıqdan bir xeyli uzaq olan malların bazarı ağuşuna almasına, imkansızlıq ucbatından ali təhsilli insanların bazar və yarmarkalarda araba daşımasına, işsizlik, dolanışıq ucbatından qadınların yüngül həyat tərzinə meyllənməsinə, dini bilikləri yetərincə olmayanların dindən, İslamdan dəm vurmasına, dədə-babamızdan bizə miras qalmış adət-ənənələrimizin gün keçdikcə deformasiyaya məruz qalmasına, toylarımızın, hətta yas mərasimlərimizin belə, "müasirləşərək" qəribə hal almasına, 30 mindən artıq erməninin ölkəmizdə əlini-qolunu sallayıb rahat şəkildə gəzməsinə, onların bir qisminin müxtəlif önəmli vəzifələrdə çalışmasına hələ də hədsiz səbrlə dözürük.

Özüm dindar olmasam da, ətrafımda olan mömin insanların daim işlətdikləri bir şüar var: Səbr etmək dinimizin tələbidir. Mən bununla tam şəkildə razı olmasam da, inkar da etmirəm. Çünki bəzi məqamlarda səbr etmək, hadisələrə soyuqqanlı yanaşmaq lazımdır. Ancaq "Məndən ötdü qardaşıma dəydi, elə bildim saman çuvalına dəydi" prinsipi ilə çıxış edərək əlini əlinin üstünə qoyub, ətrafda olub-bitənlərə biganə qalmaq səbrli olmaq deyil. Hansı prizmadan baxırsınızsa baxın, bu, məhz acizlikdir.

Təəssüf ki, bu gün ölkə vətəndaşlarının böyük bir hissəsi acizləşib. Burada iqtidarın payı olduğu qədər, müxalifətin də payı var. Hakimiyyətlə bağlı olan məsələ aydındır. Yəni bu gün ona həvalə edilən postun imkanlarından, vəzifə səlahiyyətlərindən sui-istifadə edib sadə vətəndaşa gün verib işıq verməyən məmurun hələ də cəzalandırılmaması məhz iqtidarın günahıdır. Müxalifəti isə mövcud duruma seyrçi qalmaqda, hadisələrə dərhal reaksiya verməməkdə, əhalinin narazı kütləsini ətrafına toplaya bilməməkdə və ən sonda hakimiyyətə gəlmək naminə aktiv çəkildə mübarizə aparmamaqda ittiham etmək olar.

İnanıram ki, fikirlərimlə razılaşanların sayı, razılaşmayanlardan daha çoxdur. Odur ki, son nəticə belədir: İqtidarda təmsil olunan bəzi məmurların fəaliyyətinin, müxalifətin isə yetərincə fəallıq nümayiş etdirməməsinin cəzasını sadə azərbaycanlılar çəkir.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti