8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tezliklə üçüncü devalvasiya olacaq
Azərbaycan manatının dünyanın aparıcı valyutaları, xüsusilə də ABŞ dolları ilə müqayisədə öz dəyərini qoruyub saxlaması zamanla daha çətin vəzifəyə çevrilir. Məsələ ondan ibarətdir ki, manatın məzənnəsinə təsir edən, iki dəfə onun devalvasiaysına səbəb olan məqamlar aradan qaldırılmayıb. İqtisadiyyatdan azacıq anlayışı olan hər kəsə aydındır ki, Azərbaycan manatının məzənnəsi neftin qiymətindən, ölkənin neft gəlirlərindən kəskin şəkildə asılıdır. Neft bazarında baş verən dalğalanmalar da manatın məzənnəsinin yerindən oynamasına səbəb olur. Son iki ayda neftin qiyməti kəskin ucuzlaşması manata təzyiqləri kəskin artırıb.
Dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon azaldılması ilə bağlı razılıq əldə olunması neftin son günlər bahalaşmasına səbəb olub. Ancaq bu halın uzun zaman davam etməyəcəyi gözlənilir. Dekabrın 11-də neftin qiymətinin cəmi 0.03 faiz bahalaşması deməyə əsas verir ki, neftin kəskin bahalaşması inandırıcı deyil. Ekspertlər hesab edir ki, Liviyadakı qeyri-stabillik bu ölkədən neft ixracını ötən gün dayandırsa da, neft bazarlarında qiymətə faktiki olaraq ciddi təsir etməyib. Neftin bir qədər bahalaşması isə Azərbaycanın gəlirlərini ciddi artırmayacaq. Çünki, Vyanada əldə olunan razılaşmaya görə 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Qeyd edək ki, noyabr ayı üzrə gündəlik neft hasilatı 801 min barrel olub. Bunun 733 min barrelini xam neft, 68 min barrelini kondensat təşkil edib. Hasil edilən 733 min barrel xam neftin 605 min bareli ixrac edilib. İstehsal edilən 68 min barrel kondensat da bütövlükdə ixrac olunub. Yeri gəlmişkən qeyd edək ki, noyabr ayı ilə müqayisədə son iki ayda, sentyabr və oktybarda neft istehsalı daha yüksək idi. Belə ki, sentyabr ayında 796 min barrel, oktyabr ayında isə 783 min barrel neft istehsal olunub. Bu rəqəmlər son üç ayda neft istehsalının 60 min barel azaldığını göstərir. İndi isə Azərbaycan gündəlik hasilatın daha 20 min barrel azaltmalıdır. Neftin qiymətinin son iki ayda kəskin uculaşması və hasilatın azalması ölkənin neft gəlirlərini azaldır.
Maliyyə naziri Samir Şərifovun çox güclü manatın Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir etməsi haqqında fikiri isə cəmiyyətdə hökumətin manataın yeni devalvasiyasına hazırlaşması kimi qəbul olunub. Baxmayaraq nazir Samir Şərifovun fikirlərinin yaratdığı ajitojdan sonra Maliyyə Nazirliyi açıqlama ilə çıxış edib, nazirin fikirlərinin düzgün anlaşılmadığını qeyd edib. Aydın məsələdir ki, hökumət cəmiyyətdə vaxtından əvvəl bu mövzu ətrafında narahatlıq yaranmasını istəmir. Buna görə nazirin fikirləri təkzib edilir. Ancaq nazirin fikirlərin təkzib edilməsi reallıqların dəyişməsi demək deyil.
Manatın məzənnəsinə təzyiq edən amillər isə yalnız neftin qiymətinin ucuzlaşması və istehsalın azalması sayəsində neft gəlirlərimizin azalmasından ibarət deyil. Manatın məzənnəsinə təsir edən səbəblərin arasında region ölkələrinin valyutalarının kəskin infilyasiyasıdır. Azərbaycanın əsas iqtisadi tərəfdaşları olan Rusiya, Türkiyə,İranın milli valyutaları ucuzlaşır. Bu ölkələrin iqtisadi tənəzülü də Azərbaycan iqtisadiyyatına mənfi təsir edir.
Ən nəhayəti ölkədə siyasi gərginlik artmaqdadır və bu da manatın məzənnəsinə ciddi təsir edir. Məlum olduğu kimi bəzi oliqarxlar sərvətlərini ölkədən çıxarmağa, bir hissəsi daha əlverişli zaman gözləməyə üstünlük verirlər. Bu isə iqtisadi fəallığı aşağı salır. İqtisadi fəallığın aşağı düşməsi isə manatın məzənnəsinə mənfi təsir edir. Bütün bu faktorların altında manat yavaş-yavaş üçüncü devalvasiayaya doğru gedir. Bizim ehtimalımıza görə, iki həftədən sonra üçüncü devalvasiya baş verə bilər. Hökumət manatın kursunu nəyin bahasına olursa olsun saxlamaq istəsə isə, üçüncü devalvasiya bir neçə aydan sonra olacaq. Ancaq manatın üçüncü devalvasiyasının qaçılmaz olması hər kəsə aydın olmalıdır.
"Yeni Sözçü” qəzeti