Manatın məzənnəsi nədən asılıdır?

Manatın məzənnəsi nədən asılıdır?

 


Rüfət Aslanlı bu məsələyə aydınlıq gətirmir

Ötən gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib. Mərkəzi Bankdan mediaya verilən məlumatda hərracda manatın orta çəkili məzənnəsi 1,7514 səviyyəsində müəyyən edildiyi öz əksini tapıb. Bu isə əvvəlki hərraca nisbətən dolların bahalaşması deməkdir. Qeyd edək ki, bundan əvvəlki hərracda dolların məzənnəsi 1,7475 olmuşdu. Mərkəzi Bank tələb-təkliflə bağlı məlumat vermədiyi üçün hərrəca nə qədər valyuta çıxarıldığı və bankların dollar almaq üçün hansı təklifi verdiyi məlum deyil. Buna görə də manatın dollara nisbətən məzənnəsinin hansı prinsiplər əsasında formalaşması bəlli deyil. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlıya görə, manatın dollara nisbətən məzənnəsi neftin qiymətindən asılı olmayaraq formalaşır. Mətbuata açıqlamasında Rüfət Aslanlı deyib ki, "Jurnalistlər və bizim bəzi deputatlarımız məzənnə ilə neft qiymətləri arasında əlaqə axtarırlar. Axtarmayın, tapa bilməyəcəksiniz. Çünki məzənnə ilə neft qiymətləri arasında əlaqə yoxdur”.

Bu halda manatın dollara olan məzənnəsinin necə müəyyən olunması qaranlıq qalır. Məlum olduğu kimi iki cür məzənnə var və onlar bir-birindən fərqləndirilir. Nominal valyuta məzənnəsi və real valyuta məzənnəsi.

Bir ölkənin valyutasının digər bir ölkənin valyutasına dəyişdirilə bilən məzənnəyə nominal valyuta məzənnəsi deyilir. Məsələn, siz dollar almaq məqsədi ilə banka getsəniz 1 dolları -1.78 manata alırsınız.

Real valyuta məzənnəsi dedikdə hər hansı bir şəxsin bir ölkənin əmtəə və xidmətlərini digər ölkənin əmtəə və xidmətlərinə dəyişə biləcəyi məzənnədir. Real valyuta məzənnəsi ölkələrin idxal və ixrac həcmini müəyyən edən əsas göstəricidir. Əgər real valyuta məzənnəsi tarazlıq səviyyəsindən aşağı olarsa, manatın təklif həcmi tələb həcmindən az olar. Nəticədə manatın qıtlığı manatın dəyərini qaldırar. Azərbaycan Mərkəzi Bankı da məhz bu siyasəti aparır. Yəni manat qıtlığı yaratmaqla süni şəkildə dolları ucuzlaşdırır. Ancaq manatın məzənnəsinin cilovlanmasına xidmət edən bu siyasət bütövlükdə iqtisadiyyatın boğulmasına səbəb olur. Sonda bu manat üçün daha riskli vəziyyət yaradır. Ancaq belə görünür ki, Mərkəzi Bankın rəhbərliyi gələcək, həm də uzaq olmayan bir gələcək haqqında düşünmək əvəzinə bu gün haqqında düşünməyi məqbul hesab edir. Sanki, Mərkəzi Bank hansısa möcüzəyə ümid edir. Bu möcüzənin nədən ibarət olduğunu bilmirik. Amma onun neftin qiyməti ilə birbaşa əlaqəsə olduğuna şübhə yoxdur. Dünya bazarlarında neftin qiymətinin bir qədər sabitləşməsi prosesi Azərbaycan hökumətini ürəkləndirb. Belə görünür ki, onlar vəziyyətin tədricən yaxşılığa doğru dəyişəcəyinə ümid edirlər. Buna görə də manatın kursunu bu gün sabit saxlamağa çalışırlar.

Hakimiyyəti manatın kursunu sabit saxlamağa, hətta manatın məzənnəsini bir qədər yüksəltməyə vadar edən siyasi məqamdır. Heç şübhəsiz ki, hakimiyyət manatın kəskin ucuzlaşmasının xalqın əksər hissəsinin həyat tərzinə mənfi təsir etdiyinin fərqindədir. Həyat şəraiti ağırlaşan təbəqənin hakimiyyətə münasibəti də dəyişib. İqtidar manatın ucuzlaşmasının davam edəcəyi tərzdə hakimiyyətlə cəmiyyət arasındakı ictimai razılığın pozulacağından ehtiyat edir. Yalnız bir məsələnin, məcburi köçkünlərin komunal xərclərinin ödənməsi qaydasının dəyişdirilməsinin ölkəni necə çalxalaması yaxın günlərin hadisəsidir. Hakimiyyət bunun fərqindədir və kəskin dəyişikliklərin baş verə biləcəyini nəzərə alır.

Manatın məzənnəsi bütün ölkəyə təsir edir. Buna görə, hakimiyyət onu sabitləşdirməklə sosial sabitliyi təmin etməyə çalışır. Əlbətdə, bu iqtisadiyyatın qanunlarının əleyhinədir və uzun müddət belə davam edə bilməz. Məlumata görə, iqtidar yaya kimi manatın kursunu sabit saxlamağa, insanların idxal mallarından ən az asılı olduğu dövrdə manatın məzənnəsinə dəyişiklik etmək istəyir. Bu müəyyən mənada doğru qərardır. Ancaq yeni iş yerlərinin açılması, iqtisadiyyatın böyüməsi baxımından vaxt itgisi deməkdir. Əlbətdə, daha ciddi sosial-siyasi katalizmlərdənsə, müəyyən itgilər daha üstün hesab olunur. Hətta bu yanaşmanın alternativsiz olduğu da iddia oluna bilər. Ümumilikdə isə Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Maliyyə Nazirliyinin ölkənin maliyyə siyasəti ilə bağlı vahid və uzun müddətli siyasəti olmadığına görə manatın məzənnəsi siyasi səbəblərdən asılı qalır. Bu isə istər iqtsadi baxımdan, istərsə də siyasi nöqteyi-nəzərdən effektli siyasət hesab oluna bilməz. İqtidar iqtisadiyyatı, maliyyə siyasətini və manatın kursunu inzibati qaydada idarə etmək siyasətindən imtina edib, tam azad bazar iqtisadiyyatına keçməsə manatın kursu Mərkəzi Bankın rəhbərliyinin subyektiv fikirlərindən asılı olaraq qalacaq.

Nicat Ayxan,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti