“Türk axını”nın dəniz hissəsinin tikintisinin 48%-i tamamlanıb

 

"Türk axını” qaz boru kəmərinin ("TurkStream”) dəniz hissəsinin tikintisinin 48 faizi tamamlanıb.

Bu barədə "TürkAkım” şirkəti məlumat yayıb. Bildirilir ki, indiyədək layihə çərçivəsində boru kəmərinin Qara dənizin altında inşa edilən qoşa xəttinin ümumi uzunluğu 884 kilometrə çatıb.

Boru kəmərini dəniz yatağına döşəyən "Pioneering Spirit” gəmisi ilk xəttə üzrə bu vaxtadək 660 kilometr boru inşa edib. Bu da o deməkdir ki, boru kəməri üzrə Türkiyə təbii qazı çatdıracaq ilk xəttin təxminən 70 faizinin inşası yekunlaşıb.

Qeyd edək ki, boru kəmərinin 930 kilometr uzunluğundakı ilk xətti ilə Türkiyəyə ilk qazın 2019-cu ildə çatdırılması nəzərdə tutulur. Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq "Türk axını”nın əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. "Türk axını”nın ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyə biləcək. Boru kəmərinin ikinci xəttinin Türkiyə sularında inşası üçün bütün lazımi icazələr alınıb. Türkiyə "Türk axını”nın dəniz hissəsini tikən şirkətdən vergi almayacaq.

Boru kəmərinin dəniz hissəsinin tikintisini həyata keçirən "South Stream Transport B.V.” şirkətinin məlumatına görə, Türkiyədəki təbii qaz qəbulu terminal İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində tikilir. Buraya gələn qaz Türkiyənin "Botaş” şirkəti tərəfindən inşa ediləcək xətt ilə Lüleburgazdan beynəlxalq qaz şəbəkəsinə veriləcək.

"Türk axını” layihəsi üzrə Avropa bazarı üçün nəzərdə tutulan ikinci xəttin quru hissəsinin inşası isə "Botaş” və "Gazprom”un quracağı birgə şirkət tərəfindən inşa ediləcək. İkinci xətlə təbii qazın Türkiyə-Yunanıstan sərhədində, İpsala yaxınlarında Avropaya göndərilməsi planlaşdırılır. Lakin bu marşrut hələ ki müzakirə edilir, təbii qazı alacaq və daşıyacaq ölkələrlə danışıqlar aparılır.

Yeni Urenqoyda 12 trilyon kubmetrlik təbii qaz ehtiyatı "Gazprom”un yataqlarındakı ümumi ehtiyatların 70 faizini təşkil edir. "Gazprom” cari ildə "Türk axını” layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək. Boru kəməri iki xətdən ibarət olacaq və hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. "Türk axını” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 930 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin dəyəri 7 milyard ABŞ dolları qiymətləndirilir.



Oxşar Xəbərlər

Xəbər lenti