8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
ReAL bu ilin dövlət büdcəsinə dəyişiklər və "Paytaxt haqqında” hazırladığı qanun layihələrinə 40 mindən çox imza toplayıb. Konstitusiyaya görə, seçki hüququ olan 40 min vətəndaş qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər.
Azərbaycanda ilk dəfədir ki, bir siyasi qurum kimi Respublikaçı Alternativ (ReAL) partiyası iki qanun layihəsinə 40 mindən çox imza topladığını və bunun ona parlamentdə qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ qazandırdığını bəyan edib.
ReAL təklif etdiyi yeni dəyişiklərlə problemli kreditlərin həllində islahatlar və Bakı şəhərinin statusu ilə bağlı fərqli mexanizm istəyir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə əvvəlcə imzaların yoxlanmasını, problem olmadığı təqdirdə təklif olunan qanun layihələrinin parlamentdə müzakirə edilə biləcəyini deyir.
"ReAL Partiyasının məclis başqanı Azər Qasımlı "BBC News Azərbaycanca”ya bildirib ki, gələn həftə imzalar yoxlanacaq, sonra da hər iki qanun layihəsi parlamentə təqdim olunacaq. Azər Qasımlı deyir ki, problemli kreditlərin həlli yolu ilə bağlı müvafiq qanuna dəyişik təklifi hazırlayıblar.
"Azərbaycanda devalvasiyadan sonra insanların (sadə vətəndaşların və iş adamlarının) banklardan götürdükləri kreditlərin faizinin artımı, vətəndaşlara dəyən ziyanın dövlət tərəfindən ödənilməsi və bu problemin həllini nəzərdə tutmuşuq. Digər təklifimiz dövlət müəssisələrində pulsuz təhsillə bağlıdır”.
REAL-ın digər təklifi Bakının statusu ilə bağlıdır və onlar paytaxta mer seçilməsi mexanizmini hazırlayıblar. "Bakının statusu müəyyənləşdirilərkən, uyğun olaraq, Bakı Böyük Şəhər Bələdiyyəsi yaradıla bilər, paytaxt meri də seçkili ola bilər”, Azər Qasımlı vurğulayır.
Onun sözlərinə görə, 40 min imzanın arasında müxtəlif siyasi, ictimai təşkilatların üzvləri ilə yanaşı minlərlə adi vətəndaş da var. Partiya təmsilçisi bildirib ki, kampaniya çərçivəsində toplanmış 40 mindən artıq imza Azərbaycanın bütün bölgələrini əhatə edib.
"Bircə Naxçıvandan imzalar az olub. Sadəcə orada təmsilçiliyimiz zəif olduğu üçün geniş kampaniya apara bilmədik”, A. Qasımlı vurğulayıb. Azər Qasımlı deyir ki, qanunla Milli Məclis iki ay ərzində müraciətə cavab verməlidir: "Bizə imzalar saxtadır deyə də bilərlər. Bu məsələ Konstitusiyanın 96-cı bəndində göstərilsə də, ilk dəfə olduğuna görə, bunun mexanizmi yoxdur da deyə bilərlər”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə deyir ki, "Konstitusiyada 40 min aktiv seçicinin imzası ilə qanun layihəsi irəli sürmək haqqı var, vətəndaşlarımızın da bir hissəsi bundan istifadə etmək qərarına gəliblər”.
Ancaq o əlavə edir ki, imzalar yoxlanmalıdır, ondan sonra Milli Məclisdə adi qanun layihəsi kimi müzakirə edilə bilər.