Deputat Elşən Musayevdən SENSASİON AÇIQLAMALAR: "Əli İnsanov hələ 14 il böyüsün, bəlkə ondan sonra..."

 

Son zamanlar daxili və xarici siyasətdə baş verən çox mühüm hadisələrlə bağlı millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev "Yeni Müsavat”ın suallarını cavablandırıb.

Sozcu.info  müsahibəni oxucularına təqdim edir.

- Elşən bəy, əvvəlcə qardaş Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə bağlı fikirlərinizi almaq istəyirəm. Son durum, böyük şəhərlərdə itirilən mövqelər AKP-nin məğlubiyyəti kimi dəyələndirilə bilərmi?

- Tam olaraq deməzdim. Çünki Türkiyə böyük dövlətdir. Ümumi nəticələr üzərindən də qiymətləndirmə aparsaq, AKP qalibdir. Yəni, bu gün qardaş ölkədə prezident, parlament seçkiləri keçirilsə, çoxluq yenə Ərdoğanın tərəfində olacaq. Sadəcə söhbət müəyyən itkilərdən gedir. Fəqət, ciddi itkilərdən... İstanbul Türkiyənin canıdır, şah damarıdır. Dəyərli Ərdoğanın özünün siyasi triumfu da məhz İstanbul bələdiyyə başqanlığından başlayıb. Həm strateji, həm psixoloji baxımdan İstanbulun əldən getməsi yaxşı əlamət deyil. Amma paralel səmtdə son da deyil. Düşünürəm, AKP İstanbul və Ankarada itirdiyi möqeləri növbəti seçkilərdə geri qaytara biləcək. Ayrıca, məlum kontekstdə bir nüansa məxsusi diqqət çəkmək istəyirəm - Ərdoğanın misilsiz demokratiyasına... Daha dəqiqi, onun əsrarəngiz demokratiya fəlsəfəsinə... Əgər diqqət etdinizsə, adamın prosesə ani müdaxiləsi belə sezilmədi, tərəfindən xalqın iradəsinə zidd yarımca addım belə, atılmadı. Səslər dəqiq sayıldı. Yekun da olduğu kimi təsbitinə vardı. Budur, Ərdoğanın böyüklüyü və necə möhtəşəm dövlət adamı olmasının sübutu... Təbii, səhvlər incələnəcək və heç şübhə etmirəm, aradan qaldırılacaq. Hətta mənim nəzərimdən qaçmayan və yanlış hesab etdiyim bəzi məqamları indi də qeyd edə bilərəm. Hərçənd artıq müzakirə predmeti deyil. Amma yenə də deyim. Əvvəla, CHP bu seçkiyə fərqli taktika ilə girdi və əsas toplarını, silahlarını o insanlar arasından seçdi ki, ciddi seçki təcrübələri olsun. Əsas faktor budur. Misal kimi E.İmamoğludan savayı Ankara qalibi Mansur Yavaşı da göstərmək olar. Digər bir nüans CHP-nin az qala bütün təmsilçilərinin yerli adamlardan, yəni region psixologiyasını mükəmməl mənimsəyənlərdən ibarət olmasıdır. Ən nəhayət, CHP bu dəfə modern simaları önə çıxardı. Məhz işıqlı, zadəgan və modern simaları... Təfsilatına varmayacam, amma anlayanlar anladı ki, nə demək istəyirəm.

- Binəli Yıldırımın nəticə barədə tələskənliyi narahatlıqdanmı irəli gəlirdi? Təşəkkür elanından sonra belə bir durumun yaşanacağı gözlənilən idimi?

- Binəli Yıldırım Türkiyə dövlətinin, hökümətinin ən təmiz reputasiyalı kadrlarındandır. Sədaqəti, siyasi əqidəsi də illər boyunca sınaqdan keçib. Əsl vəzifə adamıdır, məmur tipajıdır. Fəqət, onun vəzifə təcrübəsi olsa da, seçki təcrübəsi yox idi. Məsələ budur. Bilirəm, deyəcəksiniz ki, adam baş nazir, parlament sədri olub. Mən razı... Amma millət vəkilliyi istisna olmaqla, nəqliyyat naziri postu da daxil digər vəzifələrin yolu seçki marafonundan keçməyib axı... Bələdiyyə seçkiləri çox ağır seçkilərdir. Bu seçkilər manevr qloballığına görə Türkiyədə birinciliyi heç vaxt bir başqa siyasi yarışa təslim etməyib. Konkret olaraq İstanbul elə bir oturuşmuş məkandır ki, burada seçkinin taleyini tam formada nə ideoloji xətt, nə şəxsiyyət, nə də maliyyə həll eləmir. Burada kompleks fəaliyyətdən söhbət gedir. Davamlı olaraq! Bütün marafonlarda! Diqqət edin, Ərdoğan hər zaman məhz İstanbul seçkilərinə böyük nüfuz sahiblərini yönəldib ki, partiya ideologiyası 35 faiz kömək edəcəksə, şəxsin öz nüfuzu da bir o qədər səsi üstünə gətirsin. Ötən seçkidəki qalibiyyət də bu hikmətdən doğmuşdu. Müxalifət isə bu günə qədər düşünürdü ki, AKP-nin nüfuzu qarşısında yalnız oliqarx rəqib tab gətirə bilər. Ona görə də son seçkiyə qədər Mustafa Sarıgül formatına üstünlük verildi. Nəticə də olmadı. İndi sual edə bilərsiz, o zaman nə dəyişib, Binəli Yıldırım da təmiz simalardandır axı. Bəli, AKP taktikası ənənəvi idi. Yəqin, öz prizmalarından həm də düz idi. Amma məsələ burasındadır ki, İstanbul həmin İstanbul deyil. Əyalət camaatından fərqli olaraq mərkəzdə qərarlaşan qismin bəyənmədiyi bir çox ideoloji xətlər var. Əsas da miqrasiya xətti… İstanbullular İstanbulun köhnə simasını istəyirlər. Ərəbsiz, suriyalısız, təmiz türklərdən ibarət simasını... Məncə dirənişin, narazılığın, hasil olan nəticənin əsas səbəbi məhz budur. Binəli Yıldırımın tələskənliyinə gəlincə, düşünürəm ki, hörmətli B.Yıldırım tələskənliyi təşəkkür nitqindən 3 saat daha öncə etdi. Sosial şəbəkədə şəkil paylaşmaqla... Hansı ki, həmin rəsmdə özünün şəksiz qalibiyyətinə eyham vururdu. Oysa, böyük siyasətçilər son ana qədər səbrli olmalıdırlar. Bu, aksiomdur. Seçkinin 1 faiz belə açılmamış qutusu qalıbsa, demək ixtiyari şansı da, şanssızlığı da hər an göz önünə almalısan. Buna məhkumsan. Binəli Yıldırım isə bunu etmədi.

- Güman ki, məlum seçkidən sonra artıq Türkiyədə də islahatlar qaçılmaz olacaq...

- İslahatlar mütləqdir. Hər yerdə... Dünya dəyişir, ahəngi, nəbzi tutmaq lazımdır. Slovakiyanın yeni seçilmiş prezidentinə, Ukraynanın irəlidə olan namizədinə diqqət yetirin. Üzlərindən nur yağır. Tam modern tipajlardır. 21 əsr bunu tələb edir. Başqa yol yoxdur. Türkiyə iki qitəni ayırır, Avropa və Asiyanın kəsişdiyi məkandır, strateji coğrafi mövqeyə sahibdir, sivilizasiyanın az qala episentrlərindən biridir. Ona görə də islahat baxımından tələsmək lazımdır. Şəxsən mən Ərdoğansız Türkiyəni ağlımın ən uc nöqtəsində belə, təsvir edə bilmirəm. Bu adam nəhəngdir. Sözün gerçək anlamında nəhəngdir və üstəlik, Türkiyənin bu gün məlum gücdə olmasının, dünya siyasətində söz sahibinə çevrilməsinin yeganə səbəbkarıdır. Amma artıq paralel fonda dünya psixologiyasının axarına da düşmək, ölkəni şüur baxımdan daha irəliyə inteqrasiya etmək lazımdır. Yoxsa vətəndaşlar özləri özlərini inteqrasiya edəcəklər. Hakimiyyətsiz-filansız... İstanbulda 10 adamdan 10-u da siyasətdən danışır, siyasi müzakirələr aparır. Metroda, taksidə, avtobusda, kafedə... Belə məmləkətdə modern, dünyavi siyasəti ön plana çıxarmaqdan savayı çarə yoxdur. Ərdoğana sonsuz rəğbətim var, o, mənim nəzərimdə ən böyük türk sərkərdələrindən biridir, türk adına qürur duyduğum liderdir. Heç şübhə etmirəm ki, bu ləyaqətli türk oğlu daim güclü olacaq və xalqını da hələ uzun illər öz ardınca aparacaq.

- İslahatdan söz düşmüşkən, öz ölkəmizdə də ciddi islahatlar vüsət alıb və həmin islahatların davamı haqda ciddi anonslar verilir. Amma məlum kontekstdə fikirlər də kifayət qədər haçalanmış vəziyyətdədir. Bu addımların təzyiq ucbatından atıldığını da iddia edənlər var, rəhbərin, siyasi hakimiyyətin öz iradəsi ilə reallaşdığını söyləyənlər də... Sizcə hansı qrup mövzuya münasibətdə daha daha səmimi, doğru mövqe sərgiləyir?

Prezident İlham Əliyevin tipi islahatçı tipidir. İlham Əliyev bütünlüklə modern psixologiyaya, dünyagörüşünə sahib insandır. Təbii, görülən bütün müsbət işlər, sosial və iqtisadi sferada imzalanan sərəncamlar, fərmanlar onun öz təşəbbüsüdür. Ölkə rəhbərinin elə bir qətiyyəti, şəxsiyyəti var ki, ona kimsə hansısa addımı zorla atdıra bilməz. Bu, mümkün deyil. Bu islahatlar əvvəldən planlanıb və bu gün icraya yönəlib. Nəticəsi və insanlara faydası da göz önündədir. Üstəlik, bu islahatlar maksimum dəstəyi haqq edir.

- Bir neçə gün öncə 3 həmkarınız Vaşinqtondan sensasiya dolu bəyənat verdilər. Sovet təfəkkürünə sahib məmurlardan xilas olmaqla bağlı... Sizcə bu, sıradanmı bir bəyənat idi, yoxsa hakimiyyətin açıq mövqeyimi ifadə olunurdu?

- Bu mövzu ətrafında şərh vermək istəmirəm.

- Belə məmurların mövcudlu fikri ilə razısınızmı?

- Azərbaycanın məmur elitası çoxluq etibarilə dövlətinə və prezidentinə sədaqətlilərdən ibarətdir.

- O zaman narazılıqlar haradan qaynaqlanır?

- Əksərən aşağıdan. Aşağı məmur təbəqəsindən. Məhz aşağı. Yuxarı yox. Niyəsə insanlarda belə bir kütləvi düşüncə tərzimi deyim, halımı deyim, formalaşıb ki, mənfi nə baş verirsə, tapşırıq yuxarıdan gəlir. Xeyr! Bu fikri qətiyyətlə inkar edirəm. Azərbaycanın məmur elitasında, üst eşalonda elə ləyaqətli insanlar var ki, onlar 100 yaşına qədər də vəzifə başında qalsalar, xalq və dövlət bundan yalnız fayda görəcək. Təbii, bəzi istisnalarla... Amma aşağı məmur təbəqəsinin timsalında mən zaman-zaman açıq təkəbbür nümunələri görmüşəm və bunun əsl səbəbini anlaya bilmirəm. Əksər nazirlərin köməkçisi, müavini, müşaviri özünü nazirdən daha yuxarı tutur. Niyə? Səbəbini anlamıram. İstənilən icra hakimiyyətinin 5-ci, 6-cı dərəcəli vəzifəlisi özünü icra başçısından daha ədalı aparır. Niyə? Yenə, anlamıram. Amma tənqid edəndə hamı rəhbərlikdən yapışır.

Allah qəni-qəni rəhmət eləsin, Ulu Öndər müşavirələrin birində demişdi ki: "Problem olan kimi hamı barmağı ilə yuxarını göstərir, amma bilin, istənilən neqativ məsələdə bizim təşəbbüsümüz yoxdur. Əksinə, bu cür məqamlarda ictimai qınağı təşkil edərək mənə yardım göstərin, vətəndaş mövqeyi sərgiləyin”.

Bax, indi də bunu İlham Əliyev deyir. Edirikmi, kömək göstəririkmi? Xeyr. Böyük anlamda etmirik. Oysa, prezident bütün problemləri özü həll etməli olanda yüklənir, təklənir. İmkan verməməliyik buna. Hamının öz təşəbbüsü, proseslərə yaxşı mənada öz qatqısı, öz müdaxiləsi olmalıdır. Həkim bilməlidi işi nədi, polis bilməlidi işi nədi, sığortaçı bilməlidi işi nədi, iş adamı bilməlidi işi nədi. O boyda bina yandı, yük qaldı dövlətin üstündə. Niyə? Harda idi, icbari sığortaya məsul təsisatlar? Dünyanın hansı dövlətində bu məqamda kompensasiyanı dövlət ödəyir? Heç birində. İlham Əliyev isə öz kişiliyinə, öz ləyaqətinə görə bunu etdi. Baxmadı, bu, mənim vəzifəm, öhdəliyimdir, ya yox. Düşündü, vətəndaşa kömək lazımdı, vəssalam. Etdi və bir daha hər bir azərbaycanlının prezidenti olduğunu sübuta yetirdi. Bəs digərləri? Ticarət mərkəzinin sahibi ya sahibləri? Onlar neylədi? Sahibkar deyir, bu yeri mənə 4 dəfə satıblar. Üstəlik, verilən heç bir sənəddə də mülkiyyət hüququnu təsdiq edən bir cümlə, nüans, nəsnə yoxdur, göstərilmir. Ona görə də sahibkar obyekti sığortalamaq gərəyi duymayıb. Düşünüb, sabah bəlkə əlimdən alınacaq. Düz də düşünüb. Həmin ticarət mərkəzinin rəhbəri bax, bu sualın cavabını versin. Cavab versin ki, 30 minlik əmlakın bir illik sığortasının qiyməti 90 manat olduğu halda, niyə məlum hal baş verib, niyə sadə sahibkar həmin obyekti sığortalamaq marağında olmayıb? Demək, ya məsləhət belə görülüb ki, ehtiyac yoxdur, ya da icarədar statusunda olan sahibkar düşünüb ki, madam hər şey obyekt rəhbərinindir, zəhmət çəkib, sığortanı da özü elətdirsin. Amma nəticədə dövlət yükləndi. Yenə aşağı təbəqənin öz yerində olmaması səbəbindən. Və ya, o gün media xəbər yaydı ki, filan iş adamı şəhid ailəsinin mənzilini əlindən alıb. İnsan dəhşətə gəlir. Ayıb deyilmi? Həmin iş adamı bir baxsın, o ailənin keçmiş rəsminə, görsün, anlasın həmin xanımın itkisi, dərdi nədir. Qanuni deyilmiş. Qanundan məhkəmə danışsın, sən yox! Bəli, Ali Məhkəmənin borcudur ki, qanunun aliliyini qorusun və bu kontekstdə məhkəməni, hakimi ittiham etmək düz deyil. Amma iddiaçı tərəfi şiddətlə qınayıram. Güzəştə getmək lazım idi. Düşünmədən. Bu adamın həyat yoldaşı canından keçib, sən milyarder adam 8-10 minindən keçə bilmirsən? 2 ilə tikiləsi bina 10 ilə yekunlaşanda, 3 nəfərin işıq borcuna görə bütün blok zülmətə qərq olanda, liftlər aylarla çalışmayanda, mülkiyyət sənədi illərlə gecikəndə qeyri-qanuni olmur, amma şəhid ailəsini yolun düzündə qoymaq qanuni olur? Bir dəfə də qanunu xeyir işə, xoş mərama, yaxşılığa pozun da. Dünya dağılar? Niyə bu məsələ gedib Mehriban xanıma qədər çatmalı idi? Bir işi də özünüz görün. Bu ölkədə hər məsələ ilə İlham Əliyev, Mehriban Əliyeva məşğul olmalıdır? Bəs bizim öz mənəvi məsuliyyətimiz, öz insanlığımız, bəs keçilməsi mümkün olmayan qırmızı xətlər? Nə bilim, deyiləsi şeylər o qədər çoxdur ki. Tək bildiyim budur: kaş mövcud siyasi sistemdəki, ictimai sektordakı , biznes sahəsindəki hər kəs insanlarla ünsiyyətə Prezident və xanımı qədər meylli olaydılar. Onda bənzər dərdlərimiz olmazdı. Belə mövzuları da müzakirə etməzdik.

- Xalqın istədiyi də siz deyəndir - məmura öz dərdini rahat demək və həmin dərdə çarə tapmaq...

- Bilmirəm, son vaxtlar diqqət etmisiniz ya yox, amma artıq belə bir trend ölkəmizdə formalaşmaqdadır. Məmuru rahat tapmaq trendi. Sevinirəm, bu hala. İlk addımı dostum, əziz qardaşım, Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov atdı. Ardınca "ASAN Xidmət”in rəhbəri Ülvi müəllim. Daha sonra Korrupsiyaya qarşı Mübarizə Komissiyasının katibi Kamal Cəfərov. Sosisal şəbəkə vasitəsilə canlı yayıma çıxdılar və bunun davamlı olacağını bəyan etdilər. Hətta Kamal müəllim "Meydan TV”-nin sualına cavab olaraq bildirdi ki, yaxında elə sizin saytınızda 2 saatlıq xüsusi proqram edək, nə sualınız varsa, cavablandırım. Xalqın arzuladığı və özgüvəni olan məmur tıpajı bax budur! Ya da olsun kənd təsərrüfatı naziri İnam Kərimov. Bu adam elə təfəkkürə sahibdir ki, onun cibinə zorla da rüşvət basmaq mümkün deyil. Çünki tər-təmizdir. Ona görə də əlini çirmalayib işləyir, daim insanların içindədir, kəndlinin yanındadır, 3 saat otağında oturursa, 300 saat da bölgələri gəzir, camaatın dərdi ilə maraqlanır. Və ya, o gün baxıram. BDU-nun yeni rektoru bufetdə hansısa tələbənin ad günündə iştirak edir, tort kəsir, çay içir. Axırda da tələbə qızın alnından öpüb, təbrik edir. Belə məmuru kim sevməz? Belə insanları, iqtidar təəssübkeşlərini görən adam gedib, müxalifətçi olarmı, aqressiv olarmı, dövlətdən küsərmi, iqtidardan inciyərmi?

- Həmkarınız Qüdrət Həsənquliyev də dünən musavat.com-a verdiyi müsahibədə eynən sizin vurğuladığınız məqamlara toxunub. Demək ki, ölkədə, siyasi camiyədə, ələlxüsus deputatlar arasında islahat tərəfdarlarının sayı yetərincədir...

- Qüdrət Həsənquliyev mənim üçün əziz adamdır, tanıdığım ən ədalətli, ən mərd insanlardan biridir. O, necə ləyaqətli dostdursa, həmkardırsa eləcə də vətəndaşdır, tərəfdaşdır, siyasətçidir. Nə deyirsə düz deyir. Dəstəkləyirəm. Qüdrət bəyin də, mənim də, bizim kimi düşünənlərin də fikri odur ki, məmur ordusu qapıları, pəncərələri insanların üzünə daha geniş açmalıdır. Ən azından bu kontekstdə prezidentdən, onun xanımından örnək götürülməlidir. Zamanında Heydər Əliyevi də çox yoranlar, yükləyənlər oldu. İndi bunu İlham Əliyevə etməməliyik. Hamı öz vəzifəsinin mahiyyətini, məsuliyyətini anlamalıdır. Hamı xalqın içində olmalıdır. Hamı siyasi komanda daxilində bir amala qulluq eləməlidir. Hamı çalışmalıdır ki, ona görə, onun elədiklərinə görə iqtidarın nüfuzu artsın, iqtidarı dəstəkləyənlərin sayı çoxalsın.

- Bəy, müxalifətin bəlli qanadı hələ də bu iddiadadır ki, bütün islahatların səbəbkarı onlar və keçirdikləri 19 yanvar mitinqidir...

- Hətta yanğın və zəlzələ zamanı belə, insanların faciəsindən öz maraqları üçün istifadə etmək cəhdində bulunan kəsimin iddiası heç vaxt səmimi ola bilməz. Onlara əhəmiyyət verməyin. Danışıb, sakitləşəcəklər.

- Əli İnsanovun iddialarınadamı əhəmiyyət verilməməlidir?

- Əli İnsanov bayıra 2005-ci ilin havası ilə çıxıb. Hətta "böyük Amerika”, "böyük Qərb” frazalarının özü də 2005-ci ilin dəbi idi. O, hələ 14 il böyüsün, bəlkə ondan sonra mövcud situasiyaya adaptasiya oluna bilər.

- Amma adamın azadlığa çıxması ilə bəzi sabiq YAP-çıların dilə gəlməsi niyəsə eyni vaxta təsadüf etdi...

- Hadisələr arasında sinxronluq görmürəm.

- Sizcə Əli İnsanov hakimiyyətdən incik olanları öz ətrafına yığa biləcəkmi?

- Hakimiyyətdən incik olanlar, Əli İnsanovun özündən dünəndən incikdirlər.

- Yeni Partiya yaradacağını deyirlər...

- Deyirlər...

- Müsahibə üçün təşəkkür edirəm...

- Mən təşəkkür edirəm və saytınıza, qəzetinizə sonsuz uğurlar arzulayıram…



Oxşar Xəbərlər

Xəbər lenti