8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Zeynal Əmrəliyev: "Türkiyənin Aralıq dənizində başladığı geoloji kəşfiyyat işləri İsrail, ABŞ və Rusiyaya sərf etmir"
Kamran Sultanlı: "Cənubi Kipr, Yunanıstan, Misir və İsrail Türkiyəni oyundan kənarda saxlamağa çalışır"
Kənan Paşayev: "Əgər İnvestisiya Bankının yardımları dayandırılarsa, onda Türkiyə suriyalı qaçqınların Avropaya kütləvi köçü üçün şərait yarada bilər"
Turan Rzayev: "Avropa Birliyi bu məsələdə Türkiyə və Şimali Kipr tərəfinə ikili standartlar tətbiq etməkdədir"
Bu ilin may ayında Türkiyə Aralıq dənizində neft və qaz axtarışına başlamaq barədə qərar qəbul edib. Həmin qərardan təxminən, bir ay sonra isə rəsmi Ankara Aralıq dənizinin şərq hissəsindəki milli sektorunda karbohidrogen ehtiyatlarının axtarışını davam etdirmək üçün "Yavuz" kəşfiyyat-qazma gəmisini yola salıb. Qeyd edək ki, bu münasibətlə Kocaeli vilayətinin Dilovası rayonundakı dəniz limanında rəsmi mərasim təşkil olunub. Tədbirdə çıxış edən enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib ki, "Yavuz" gəmisi kəşfiyyat-qazma əməliyyatlarına iyulun əvvəlində başlayacaq. Yeri gəlmişkən, artıq Türkiyə Silahlı Qüvvələrinə aid TCG Gür (S357) sualtı qayığı Kiprin Karpaz sahillərinə çatıb. Sualtı qayıq Aralıq dənizinidə qazıntı və araşdırma işləri aparan "Fatih" və "Yavuz" qazma gəmilərinin mühafizəsini təmin edəcək.
Avropa İttifaqı Aralıq dənizində aparılan qazma işlərinə görə Türkiyəni hədələyib
Onu da nəzərinizə çatdıraq ki, Türkiyənin Aralıq dənizində neft və qaz axtarışı bir sıra ölkələr, əsasən də Yunanıstan və Cənubi Kiprin yunan rəhbərliyi, o cümlədən Avropa Birliyi tərəfindən ciddi etirazla qarşılanıb. Söz yox ki, Yunanıstan və Cənubi Kiprin yunan rəhbərliyinin Kipr adasının su sahəsində Türkiyənin kəşfiyyat-qazma işləri aparmasına etiraz etməsi rəsmi Ankaranın ciddi müqavimətinə səbəb olub. Türkiyə tərəfi əsaslandırır ki, Kiprin karbohidrogen ehtiyatlarından bəhrələnmək adanın türk və yunan icmalarının bərabər hüququdur. Bu hüquq beynəlxalq konvensiyalar əsasında müəyyən olunub. Bununla yanaşı, Türkiyənin Xarici İşlər Nazirliyi Yunan Kipri rəhbərliyinə sərt xəbərlıq edib. Xəbərdarlıqda deyilir ki, Türkiyə Şərqi Aralıq dənizində öz qitə sahəsindəki haqlarını qoruduğu kimi, Yunan Kipri Kipr türklərini karbohidrogen qaynaqları mövzusunda gəlir paylaşması daxil, qərar vermə mexanizmlərinə daxil etmədiyi və haqlarını zəmanət altına almadığı müddətcə, adanın ətrafında Kipr türk xalqının haqq və mənfəətlərini də müdafiə etməyə davam edəcək.
Bu arada, ABŞ-ın "Bloomberg" agentliyi isə xəbər verir ki, Avropa İttifaqı Aralıq dənizində aparılan qazma işlərinə görə Türkiyəyə qarşı cavab tədbirlər görəcək. Belə ki, bir müddət öncə Avropa İttifaqı nazirləri təşkilatın icra və xarici işlər şöbəsinə "gecikmədən cavab tədbirlərin variantlarını" təqdim etməyi təklif edib. Nazirlər Kiprin sahillərində aparılan qazma işlərinin ciddi neqativ nəticələrə gətirib çıxaracağını bəyan ediblər. Mövzu ilə bağlı axar.az-da yer alan informasiyada isə deyilir ki, Avropa Birliyi Türkiyəyə Aralıq dənizinin şərqindəki qazma fəaliyyəti ilə bağlı sanksiya tətbiq edə bilər. Bildirilir ki, artıq məsələ ilə bağlı Avropa Birliyinin üzv ölkələrinin daimi nümayəndələrinin iştirak etdiyi KOREPER toplantısında sanksiya gündəmə gətirilib. Sanksiyalar arasında isə Avropa İnvestisiya Bankının Türkiyəyə yardım fondlarını və kreditləri dayandırması da var.
Məsələnin maraqlı tərəfi ondadır ki, son zamanlar bir sıra mühüm məsələlərdə Türkiyə ilə ortaq hərəkət edən, hətta rəsmi Ankara ilə strateji tərəfdaş olmağa hazır görünən Rusiya da Türkiyənin Aralıq dənizində qazma işləri aparmasından narahatlığını ifadə edib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi internet saytından yaydığı açıqlamada Kiprin suverenliyinə hörmət edilməsi lazım olduğunu vurğulayıb: "Bir başqa türk araşdırma gəmisinin də Kiprin iqtisadi bölgəsinə girdiyi xəbərlərindən sonra bölgədəki gəlişmələri narahatlıqla izləyirik. Kiprin suverenliyinin pozulmasının Kipr probleminə qalıcı, ədalətli və tətbiq oluna biləcək bir həll üçün şərtlərin təmin edilməsinə yardımçı olmayacağına inanırıq. Şərqi Aralıq dənizindəki böhranı dərinləşdirəcək addımlardan qaçınılması, ölçülü davranma və siyasi ağılla hərəkət edilməsi, problemli mövzuların həlli üçün dialoq və qarşılıqlı maraqlar diqqətə alınaraq səy göstərilməsi çağırışı edirik".
"Rusiya heç zaman sahil bölgəsində Türkiyənin güclənməsini qəbul edə bilməz"
Beləliklə, mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev hesab edir ki, Türkiyənin Aralıq dənizində başladığı geoloji kəşfiyyat işləri həm Şərq, həm də Qərb bloku ölkələrində qıcıq yaradır. Onun sözlərinə görə, Türkiyə bununla enerji məsələsində öz ağırlığını ortaya qoymaq niyyətindədir: "Bu isə regionda hegemonluq edən dövlətlərə, ilk növbədə İsrail, ABŞ və Rusiyaya sərf etmir. Bu ölkələrin məqsədi iqtisadi və enerji məsələsində Türkiyəni asılı hala salmaqdır. Avropa Birliyinin narahatlığı daha çox "Kipr məsələsi" ilə bağlıdır. Həm də bununla dəniz sahili digər ölkələrin haqqlarının əlindən alındığını düşünür. Ancaq ən başlıca məqsəd dediyim kimi, Türkiyənin güclənməsinə yol verməməkdir".
Rusiyanın qətiyyən Aralıq dənizi sahilində hansısa başqa bir dövlətin hegemonluğunu istəmədiyini deyən ekspert bildirdi ki, tarixdən də məlum olduğu kimi, Çar Rusiyasının ən çox toqquşduğu ölkə Osmanlı Türkiyəsi olub: "Rusiya heç zaman sahil bölgəsində Türkiyənin güclənməsini qəbul edə bilməz. Bu, mümkün deyil. Bu, addım-addım Pyotrun vəsiyyətini həyata keçirməyə səy göstərən Vladimir Putinin siyasətinə mane olar. Rusiya bu əməliyyatı dayandırmaq üçün əlindən gələni edəcək, bütün təzyiq vasitələrindən istifadə edəcək. Kimin qəbul edib-etməməsindən asılı olmayaraq, xristian amili də öz sözünü deyir. Enerji məsələsində heç kimə tabe olmayan, iqtisadi cəhətdən güclü bir Türkiyənin mövcudluğu regiondakı İslam ölkələrinin onun ətrafında ittifaqına səbəb olacaq. Bu mütləqdir. Hələ-hələ Türkiyədə bu dərəcədə neo-osmanlıcı bir iqtidar və Rəcəb Tayyib Ərdoğan kimi İslam dünyasında xarizmatik bir lider olduğu müddətcə, bu qorxu daha da artır".
"Aralıq dənizində geoloji yataqlardan istifadə Türkiyənin təbii haqqıdır və inanıram ki, o, bu haqqına sahib çıxaraq"
Zeynal Əmrəliyev bu qənaətdədir ki, Avropa Birliyi rəsmi Ankaraya qarşı təzyiqi artıracaq:"Türkiyədə neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlər, iş adamları, hökumətin bir neçə üzvü və hökumətə yaxın iş adamlarının əksəriyyəti bu sanksiyalardan nəsibini alacaq. Türkiyənin məsələ ilə bağlı siyasəti ona qarşı ediləcək təzyiqə görə olacaq. Əgər təzyiqin miqdarı çox olarsa və əhalinin sosial vəziyyətinə olduqca mənfi təsir göstərərsə, hökumət geri addım ata, axtarış işləri müəyyən bir dövr üçün təxirə salına bilər. Ancaq Aralıq dənizində geoloji yataqlardan istifadə Türkiyənin təbii haqqıdır və inanıram ki, Türkiyə bu haqqına sahib çıxaraq, mühüm enerji yataqlarına sahib olacaq. Bu məsələ Azərbaycanın da xeyrinə olar. Çünki bildiyimiz kimi, SOCAR Türkiyədə mühüm enerji layihələri həyata keçirir. Enerji yataqlarının istismarı zamanı Türkiyənin Azərbaycanın zəngin təcrübəsindən istifadə etmək istəyəcəyini düşünürəm".
"Türkiyə çalışır ki, həm özünün tranzit əhəmiyyətini qorusun, həm də Şimali Kiprin təhlükəsizliyini təmin etsin və regionun enerji ehtiyatlarından pay sahibi olsun"
Şərqi Aralıq dənizi hövzəsinin hazırda bütün dünyanın diqqət mərkəzində olduğunu deyən müstəqil ekspert Kamran Sultanlı isə "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, burada Cənubi Kipr, Yunanıstan, Misir və İsrail enerji axtarışı məsələsində birgə hərəkət edirlər:"Təbii ki, bu dövlətlərin hamısının Türkiyə ilə gərgin münasibətləri var və onlar Türkiyəni oyundan kənarda saxlamağa çalışırlar. Misir sahillərində təxminən, 1,8 mld. barrel neft var. Bundan əlavə, Şərqi Aralıq hövzəsində 3,6 trln. kubmetr qaz, milyardlarla barrel neft var. Buranın ümumi enerji dəyəri 3 trln. dollara yaxındır. Bütün bunlar regionda nə qədər gərgin maraq konfrantasiyasının olmasını göstərir. Türkiyə çalışır ki, həm özünün tranzit əhəmiyyətini qorusun, həm də Şimali Kiprin təhlükəsizliyini təmin etsin və regionun enerji ehtiyatlarından pay sahibi olsun. Türkiyə bu əraziləri öz suveren ərazisi sayır. Təbii ki, dünya ictimaiyyəti Şimali Kipri tanımadığına görə bunu qanunsuz hesab edirlər".
ABŞ-ın bütün bunları nəzərə alıb Kiprin vahidləşməsi ideyasını dəstəkləməyə başladığını bildirən ekspertin sözlərinə görə, Türkiyə "S-400" raketlərini məhz bu səbəbdən alıb:"Ankara bu raketləri Şimali Kiprə yerləşdirə bilər. Bu, həm də NATO məkanından kənardadır. Lakin yunanlar Rusiyanın müttəfiqi kimi çıxış edirlər. Rusiya maraqlıdır ki, Türkiyə bu silahı NATO məkanına inteqrə etsin və beləcə Rusiya NATO hava məkanına çıxış əldə edə bilər. Həm də Moskva yunanlarla da əlaqələrini qorumaq istəyir. Bu, Aralıq dənizi hövzəsində Rusiyanın strateji marağıdır. Rusiyaya Türkiyənin ondan enerji asılılığında qalması maraqlıdır. Heç kim Türkiyənin müstəqil oyunçu olmasını istəmir. Lakin Rusiya Aralıq dənizi ölkələrinin də Avropaya enerji daşımasında maraqlı deyil. Çünki bu, Rusiyanın Avropadakı dominantlığına təsir edə bilər. Aralıq dənizi ölkələri və dördlük formatının Avropa Birliyi ilə əlaqələri müsbətdir. Həmçinin, bu dövlətlər Avropaya yaxın olduğu üçün əlavə xərcə ehtiyac yoxdur". Kamran Sultanlının fikrincə, yəhudi və yunan lobbilərinin ABŞ-da güclü olması da prosesə təsirsiz ötüşmür: "Türkiyə isə regiondakı maraqlarını qorumağa, tranzit təsirini müdafiə etməyə çalışır. Yəqin ki, bu ehtiyatların həcmi və yeni enerji akvetoriyası region və dünya liderlərinin rəqabət məkanı olmağa davam edəcək".
"Əgər Aralıq dənizindən enerji resursları tapılarsa, Türkiyənin Avropa və Rusiyadan enerji asılılığına son qoyulacaq"
Məsələ ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev də hesab edir ki, axtarış aparılan ərazi faktiki olaraq Aralıq dənizinin Türkiyəyə aid olan hissəsidir: "Yunanıstan və Cənubi Kipr Respublikasının buna etiraz etməsi normaldır. Çünki həmin ərazilər vaxtilə onlara aid olub və hələ də həmin ərazilərə iddia ilə çıxış edirlər. Avropa və Rusiyanın narahatlığının məğzi isə tamamilə başqadır. Türkiyənin həm Avropadan, həm də Rusiyadan enerji asılılığı var. Əgər Aralıq dənizindən enerji resursları tapılarsa, bu asılılığa son qoyulacaq. Avropa və Rusiyanın narahatlığı bundan irəli gəlir. Əgər Türkiyə axtarış işlərini dayandırmazsa, o zaman Avropa İnvestisiya Bankı Türkiyəyə yardım fondları və kreditləri dayandıra bilər. Amma bu addımın rəsmi Ankaranı öz fikrindən döndərəcəyini düşünmürəm. Çünki əgər İnvestisiya Bankının yardımları dayandırılarsa, onda Türkiyə suriyalı qaçqınların Avropaya kütləvi köçü üçün şərait yarada bilər. Avropa bunu nəzərə alaraq, sanksiya tətbiq etməyəcək, deyə düşünürəm. Sanksiya variantının irəli atılması sadəcə hədə-qorxu xarakteri daşıyır".
"Bütün ölkələr beynəlxalq razılaşmalarla qəbul olunmuş sərhədləri çərçivəsində hər cür fəaliyyət göstərməkdə sərbəstdir"
Türkiyənin neft və qaz təbii ehtiyatları baxımından çox kasıb olduğunu vurğulayan "Atlas" Araşdırmalar Mərkəzinin digər eksperti Turan Rzayevin sözlərinə görə, qardaş ölkənin büdcəsinin böyük bir qismi məhz neft və qaz alınmasına gedir: "Türkiyə ərazisində neft və qaz ehtiyatları "yox" deyiləcək qədər azdır. Bununla belə, Türkiyə 21-ci əsrin ən dinamik və sürətli inkişaf edən ölkələri sırasındadır. Təbii ki, bu inkişaf özlüyündə problemləri də gətirməkdədir. Türkiyənin sənayesinin inkişafı daxili bazarın xam mala, xüsusən də neft və qaza olan ehtiyacını daha da artırır. Düzdür, Türkiyə son illərdə bu ehtiyacı Azərbaycan, Rusiya və İranla əldə etdiyi uğurlu enerji razılaşmaları və imzaladığı layihələrlə qisməndə olsa azaltsa da, bu, yenə də əsaslı bir həll demək deyil. Nəticə etibarıyla Türkiyə büdcəsinin böyük bir qismi məhz neft və qaz alınmasına gedir. Bu problemin həll yolu kimi Türkiyə iki alternativ çarəyə üz tutur. Birincisi, bor mədənləri, ikincisi isə Aralıq dənizində neft axtarışları. Birinci məsələ ilə bağlı qısaca deyə bilərəm ki, Türkiyə Elmi Araşdırmalar Mərkəzi bu məsələnin həlli yolunda əsaslı addımlar atmaqdadır. Belə ki, dünya bor ehtiyatının böyük bir qismi Türkiyə ərazisindədir və bu ehtiyatdan alternativ bir yanacaq mənbəyi kimi istifadə edilməsi uzun müddətdir elmi sahədə araşdırılır. Lakin bu uzun və zəhmətli işdir".
Türkiyənin hələ əsrin əvvəllərindən Aralıq dənizində neft və qaz axtarışları istiqamətində bir sıra addımlar atdığını bildirən ekspert qeyd etdi ki, rəsmi Ankaranın bununla bağlı fəaliyyəti istər qonşu ölkələr, istərsə də Avropa Birliyi tərəfindən tənqidə məruz qalır: "Bu gün də vəziyyət dəyişməməkdədir. Son alınan qərara görə, Türkiyə Şimali Kipr Türk Cümhuriyyətindən aldığı icazə əsasında bölgədə təbii enerji mənbələrinin aşkar edilməsi, çıxarılması istiqamətində "Fatih" və "Yavuz" adlı iki gəmisini bölgəyə yönləndirib. Təbii ki, bu qərar Avropa Birliyi, Yunanıstan və Cənubi Kiprin etirazına səbəb olub. Hətta məsələ elə bir həddə gəlir ki, Avropa Birliyi Türkiyəni sanksiyalarla hədələməkdədir. Ümumiyyətlə, deyə bilərəm ki, bütün ölkələr beynəlxalq razılaşmalarla qəbul olunmuş sərhədləri çərçivəsində hər cür fəaliyyət göstərməkdə sərbəstdir. Buna enerji axtarışları da daxildir. Lakin Avropa Birliyi Türkiyənin bu fəaliyyətlərini qanunsuz adlandırır. Düşünürəm ki, Avropa Birliyi bu məsələdə Türkiyə və Şimali Kipr tərəfinə ikili standartlar tətbiq etməkdədir. Birincisi, Cənubi Kipr Rum tərəfi də Yunanıstanla birgə Aralıq dənizində enerji axtarışları aparır və Türkiyə tərəfi bununla bağlı heç bir reaksiya verməyib. Avropa Birliyi də məsələ ilə bağlı bu addımı müsbət qarşılayıb. Lakin Türkiyənin fəaliyyələrinin bu gün bu cür neqativ qarşılanması, hətta sanksiyalarla hədələnməsi açıq-aşkar şəkildə Avropa Birliyinin məsələdə adekvat qərar qəbul etmədiyini və ikili standartlar tətbiq etdiyini göstərir".
"Avropa Birliyi və yunan tərəfinin qərəzli münasibəti regionda münaqişə yaratmaqdan başqa bir nəticə verməyəcək"
Digər tərəfdən, Türkiyənin Şimali Kipr ətrafında enerji axtarışlarını rəsmi olaraq icazə və qarşılıqlı maraqlar çərcivəsində həyata keçirdiyini deyən Turan Rzayevin fikrincə, Avropa Birliyi və yunan tərəfinin qərəzli münasibəti regionda münaqişə yaratmaqdan başqa bir nəticə verməyəcək: "Bir nüansı da qeyd edim ki, BMT Kipr adasında leqal hakimiyyət olaraq Rum bölgəsini tanıyır. Diqqət etsəniz, Cənubi Kiprin bayrağında bütöv ada əksinin də bu səbəbdən olduğunu görə bilərsiniz. Başqa bir nüans isə 2004-cü ildə Şimali Kipr Türk Cümhuriyyətinin Avropa Birliyinə üzv olmaq istəyi birmənalı şəkildə qəbul olunmadıysa da, Cənubi Kipr Rum tərəfinin istəyi qəbul edildi. Kipr adası ətrafında gedən münaqişədə kimin haqlı, kimin haqsız olduğu, məncə aydındır. Avropa Birliyi və yunan tərəfinin qərəzli münasibəti regionda münaqişə yaratmaqdan başqa bir nəticə verməyəcək. Vəziyyət belə olduqda isə bu, nə regionun, nə də Avropa Birliyi və yunan tərəfinin maraqlarına uymayacaq. Çünki Türkiyə məsələni çox ciddiyə alır və geri addım atacaq kimi də görünmür. Məsələyə Rusiyanın münasibətinə gəlincə, Moskva bu barədə narahatlığını ifadə etsə də, bundan artıq nəsə edəcəyini düşünmürəm. Hesab edirəm ki, Türkiyə regionda apardığı təbii enerji axtarışlarında Rusiyadan kömək belə, ala bilər. Çünki Rusiya özü neft və qaz ölkəsidir, Odur ki, Türkiyə bu sahədə onun təcrübəsindən yararlana bilər".