Parlamentin buraxılmasına səs verən deputatlar yenidən namizəd oldular -MÜXALİFƏTDƏN REAKSİYALAR

Parlamentin buraxılmasına səs verən deputatlar yenidən namizəd oldular

 

Hacıbaba Əzimov: "Buraxılmış parlamentdə 5, ən çox 10 nəfərin haqqı var desin ki...”

 

Namizəd Səfərov: "Prezident Administrasiyasında siyahını təşkil edən şəxsdən təkliflər alıblar”

9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində Milli Məclisin indiki tərkibinə daxil olan deputatlar da qatılmaq istəyir. İndiki tərkibdən 20-dən çox deputat iddiasını ortaya qoyub.

Bunlar Hacı Salayev, Aqil Abbas, Ziyad Səmədzadə,  Jalə Əliyeva, Zahid Oruc, Əflatun Amaşov, Sahib Alıyev, Azay Quliyev, Adil Əliyev,  Ülvi Quliyev, Çingiz Qənizadə, Eldar Quliyev, Novruz Aslanov, Qənirə Paşayeva, Rasim Musabəyov, Madər Musayev, Bəxtiyar Əliyev, Fəttah Heydərov, Səttar Möhbalıyev, Musa Qasımlı, Kamran Nəbizadə, Rüfət Quliyev, Azər Kərimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Araz Əlizadədir.

Milli Məclisin indiki tərkibinə daxil olan deputatların əksəriyyəti parlamentin buraxılmasının lehinə səs verib. Yəni deputatlar yarıtmaz fəaliyyətlərini təsdiq ediblər. Maraqlıdr ki, bu halda yenidən onların namizədliklərini irəli sürmələrinə hüquqi, siyasi, mənəvi haqları varmı?

"125 deputatın hamısı təyin olunur”

Картинки по запросу Hacıbaba Əzimov

Parlamentin buraxılmasına "hə” demiş deputatların yenidən namizədliklərini irəli sürməsi ilə bağlı istiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, professor Hacıbaba Əzimov "Hürriyyət”ə öz fikirlərini bölüşdü: "Buraxılmış parlamentdə 5, ən çox 10 nəfərin haqqı var desin ki, mən deputatlıq fəaliyyəti göstərmişəm, xalqımız, vətənimiz üçün həll olunması lazım olan problemləri qaldırmışam və onun həllinə çalışmışam, bəzi məqamlarda problemlərin həllinə də nail olmuşam. Bu cəmi 5-10 nəfər ola bilər. Amma saydığınız adamların içindən 2 nəfər hesab edirəm ki, normal deputatlıq fəaliyyəti göstərib. Amma ümumiyyətlə, bu indiki kleptokratiya, yəni oğru rejimdə dövlətin Konstitusion əsaslarının sarsıdıldığı, dağıdılıdğı, başqa sözlə desək, hakimiyyətin bölünməsi prinsipinin və başqa Konstitusion əsasların pozulduğu bir şəraitdə müstəqil qanunvericilik hakimiyyətinin fəaliyyəti mümkün deyil. Çünki Azərbaycanda icra hakimiyyəti qanunvericilik və məhkəmə hakimiyyətinin də tərkibini müəyyən edir. Əslində, hakimiyyət bölgüsü bütün dünyanın konstitusiyalarında öz əksini tapıb. Bu, çox mühüm məsələdir. Yəni həm icra hakimiyyəti, həm qanunvericilik, həm də məhkəmə hakimiyyətinin hər biri müstəqil olmalıdır. Heç biri biri-birindən asılı olmur, amma Azərbaycanda bu prinsip pozulub. Qanunvericilik hakimiyyətinin, yəni Milli Məclisin deputatlarını icra hakimiyyətinin rəhbərliyi təyin edir, məhkəmə hakimiyyətini də təyin edirlər və vəzifədən azad edirlər. Belə bir şəraitdə normal parlamentin fəaliyyəti qeyri-mümkündür. Əslində, 125 deputatdan 10 nəfərə qədəri layiq olsa da, xalq tərəfindən seçilmək ehtimalı olsa da belə, əgər ali icra hakimiyyətinin razılığı olmasa, onlar tərəfindən bu mandatın verilməsi məqbul sayılmasa, onlar deputat ola bilməzlər. Başqa sözlə, yəni 125 deputatın hamısı təyin olunur. Baxmayaraq ki, onların içərisində 10 nəfərə qədəri deputat adına layiq insanlardır. Amma  bu 10 nəfər parlamentdə mühüm qərarların qəbul olunmasında həlledici rol oynaya bilmirlər. Çünki böyük əksəriyyət YAP-çılardır və YAP-a qulluq edən, dediyim kleptokratiya rejiminə xidmət edən adamlardır. Deputat mandatı ilə orada otuzdururlar ki, deyilən, yəni ancaq  icra hakimiyyətindən göstərişlərə "bəli” de, knopkanı bas, səs ver.  Məsələnin çətinliyi bundadır”.

"Hakimiyyətin bölünməsi prinsipi son dərəcə kobud şəkildə pozulub”

H.Əzimov onu da vurğuladı ki, Azərbaycan Konstitusiyasına, başqa qanunvericiliyə görə də deputat sahibkarlıq fəaliyyəti ilə məşğul ola və yaxud icra hakimiyyətində vəzifə tuta bilməz: "Deputat tam sərbəst insandır, ancaq qanunvericilik fəaliyyəti ilə məşğul olmalıdır. Bu prinsip də pozulur. Yəni orada deputat təyin edilən adamların əksəriyyəti sahibkarlıq fəaliyyəti ilə məşğuldur, qanunvericilik fəaliyyəti ilə məşğul deyillər. Eləsi var, 30 ildir deputatdır, bir dəfə də Milli Məclisdə çıxış edib, bir fikir deməyib, amma sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Hər seçkidə lazım olan ödənişi, yəni milyonları  icra hakimiyyətinin yuxarı  təbəqəsində təmsil olunanlara ödəyir və təyin olunur. Bədbəxtçilik budur. Ona görə, mən hələ indi yox, neçə il bundan qabaq "Azadlıq” qəzetində bir səhifə yazı yazıb, əsaslandırmışdım ki, bu Milli Məclis buraxılmalıdır, qanunsuzdur. Bu Milli Məclis müstəqil qanunvericilik hakimiyyətini təmsil edə bilməz və etmir. İcra hakimiyyətinin quyruğunda sürünən bir quruma çevrilib. Dünyada isə belə halları qəti qəbul etmirlər. Bax, Azərbaycanın qeyri-demokratik hakimiyyət olmasını sübut edən əsas dəlil də budur. Hakimiyyətin bölünməsi prinsipi son dərəcə kobud şəkildə pozulub”. 

"Hakimiyyətlə sövdələşib, parlamentə deputat yeri alırsa, o müxalifət deyil”

Amerika Dövlət Departamentinin hər il dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat açıqladığını qeyd edən H.Əzimov nəzərə çatdırdı ki,  bu hesabatda Azərbaycana da xeyli yer ayrılır: "Amerika Dövlət Departamentinin hesabatında da hər il qeyd olunur ki, icra hakimiyyətinin başçısı İlham Əliyev qanunvericilik və məhkəmə hakimiyyəti üzərində də dominantlıq edir. Yəni bu hakimiyyətləri də icra hakimiyyətinin başçısı İlham Əliyev idarə edir. Buna görə də Azərbaycanı dünya qeyri-demokratik bir ölkə kimi tanıyır. Ona görə də Azərbaycanın hətta Qarabağla bağlı haqlı iddialarına biganə qalır. Çünki diktaturanın, totalitarizimin hökmranlıq etdiyi bir ölkəyə sivil dünya pis baxır və heç bu ölkələrin xalqlarına da lazımi diqqəti, hörməti göstərmirlər. Çünki hesab edirlər ki, əgər xalq elə bir totalitar hakimiyyətlə, diktatura şəraiti ilə barışıbsa, onda bu xalqa da hər hansı bir yardım göstərməyə ehtiyac yoxdur. Bizim bütün çətinliklərimiz buradan doğur. Buna görə, özünü müxalifət hesab edən partiyalar (mən ona görə "hesab edən” deyirəm ki, bunların çoxu əsl müxalifət deyil) dəfələrlə bu hakimiyyətlə sövdələşməyə gediblər, deputat yeri əldə ediblər və. s. Bu adamların özünü müxalifət hesab etməsi tamamilə mümkünsüzdür. Təəssüf ki, bizdə cəmiyyət bu məsələlərə o qədər diqqət vermir. Əgər hər hansı bir özünü müxalifət hesab edən, hətta bəziləri özünü aparıcı müxalifət partiyası elan edirsə və bu totalitar, anti-demokratik hakimiyyətlə sövdələşib, parlamentə deputat yeri alırsa, o müxalifət deyil.  O da elə bu hakimiyyətin, necə deyərlər medalın ikinci üzüdür. Medalın bir üzü hakimiyyətdir, bir üzü də özünü müxalifət elan edən partiyalardır. Buna görə, Azərbaycanda əsl müxalif mövqedən, heç müxalif olmasın, müstəqil mövqedən çıxış edən, hakimiyyətə yarınmayan, sövdələşməyə getməyən, ancaq xalqın tələbləri ilə çıxış edən və hakimiyyətin anti-Konstitusion hərəkətlərinə qarşı ciddi tələblər qoyan, mübarizə aparan insanları bir araya gətirib bu hakimiyyətin demokratik, dinc yolla dəyişdirilməsinə nail olmaq lazımdır. Məqsəd budur. Təəssüf ki, həmin saxta müxalifət buna imkan vermir”.

"Yeni parlament seçkiləri də formaldır, saxta aparılacadır”

Похожее изображение

Hüquqşünas Namizəd Səfərov isə qeyd etdi ki, bu şəxslərin yenidən Milli Məclisə öz namizədliklərini irəli sürməsi hüquqi baxımdan daha çox, mənəvi baxımdan maraqlıdır: "Çünki onların özləri yekdiliklə qərar qəbul etmişdilər ki, hazırkı parlament guya, prezident tərəfindən aparılan islahatlarla ayaqlaşmır. Orada söhbət hansısa konkret deputatdan getmirdi. Qərar qəbul etdilər ki, ümumiyyətlə, parlament bugünkü inkişafla ayaqlaşa bilmədiyinə görə buraxılır. Məlumdur ki, bizim parlament əslində, hakimiyyətin müstəqil qanadı deyil, parlament Prezident Administrasiyasında formalaşdırılır və onun qapaz altı kimi fəaliyyət göstərir. Bu və ya başqa mənbələrdən daxil olmuş qanunların nöqtə, vergülünə belə toxunmadan səs verib, qəbul etmək funksiyasını yerinə yetirir, başqa funksiyası yoxdur. Yəni müstəqillik yoxdur. Bu gün mən bilirəm ki, yeni parlament seçkiləri də formaldır, saxta aparılacadır. Heç bir seçkidən söhbət gedə bilməz. Bu yenidən Prezident Administrasiyasında formlaşdırılan siyahı əsasında formalaşdırılacaq. Mən belə başa düşürəm ki, yəqin Prezident Administrasiyasında da adlarını çəkdiyiniz şəxslərin bəzilərinə təklif olunub ki, yenidən namizədlikərini irəli sürsünlər. Çox təəssüf ki, bizim deputatlar özləri o qədər qeyri-müstəqildirlər ki, öz namizədliklərini belə müstəqil surətdə irəli sürmək cürətinə malik deyilllər. Yəni Prezident Administrasiyasından razılıq almadan onlar cürət edib namizədliklərini irəli sürə bilməzlər, mən bunu dəqiq bilirəm. Ona görə də hesab edirəm ki, yəqin onların öz namizədliklərini irəli sürməsinə dair Prezident Administrasiyasında siyahını təşkil edən şəxsdən təkliflər alıblar və bu gün də namizədliklərini irəli sürürlər. Yəqin ki, çox böyük ehtimalla onlar yenidən deputat seçiləcəklər. Əlbəttə ki, burada xalqın onlara verə biləcəyi mənəvi sual meydan gəlir ki, siz özünüzü yararsız hesab etmişdinizsə, 1-2 ay ərzində nə dəyişdi ki, bu gün yenidən parlamentdə təmsil olunmaq iddiasına düşmüşünüz. Əlbəttə ki, bütün bunlar məntiqsiz  addımlardır. Bəlkə bunu özləri görmür, ancaq xalq kənardan çox gözəl görür. Hamı nə baş verdiyini çox gözəl başa düşür”.

"Bu şəxslərin namizədliklərini irəli sürməsi  həm əsasızdır, həm məntiqsizdir, həm gülünc görsənir”

Parlamentin buraxılmasının tam qanunsuz həyata keçirildiyini vurğulayan N. Səfərov qeyd etdi ki, Konstitusiyada parlamentin buraxılması faktorları mövcud olmayıb: "Bunu hamımız yaxşı bilirik. Parlamentin buraxılmasına dair nə parlamentin özünün qərarı var, nə Konstitusiya Məhkəməsinin bununla bağlı qərarında bir cümlə ilə də atılan addım əsaslandırılmayıb ki, parlament nə üçün buraxıldı. Xarici ölkələrdə parlamentin buraxılmasının əsasları mövcuddur. Yəni  icra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında fikir ayrılığı olur və onların konstitusiyasında göstərilib ki, 1-2 addımdan sonra, əgər bu fikir ayrılığını aradan qaldırmaq mümkün olmadıqda prezident, yaxud baş nazir parlamenti buraxır, müvafiq halda isə bu yox idi. Deməli, bu formal olaraq, məqsədlər güdülərək buraxılıb. Ancaq Fransada, İngiltərədə fikir ayrılığı olduğu üçün parlament buraxıldığına görə, köhnə parlament üzvlərini yeni parlamentə yenə də iddialı olmaları təbii görsənir. Çünki orada əksər hallarda parlament proporsional seçki keçirməklə formalaşdırılır. O baxımdan, onların namizədiklərini verməsi təbiidr. Ancaq bizdə əsas tapa bilmədilər, ən ağılabatan əsas kimi parlamentin prezidentin apardığı islahatlarla ayaqlaşa bilmədiyini qeyd etdilər. Bu əsasla özlərini buraxıblarsa, bu gün bu şəxslərin namizədliklərini irəli sürməsi  həm əsassızdır, həm məntiqsizdir, həm də gülünc görsənir.



Oxşar Xəbərlər

Xəbər lenti