İraqda “tələ sahibi” üzə çıxdı : İyad Əllavi üsyançıları dəstəklədi

 

Dünən axşam İraqın Nəcəf şəhərində Müqtəda əs-Sədr tərəfdarlarının korrupsioner rejimə qarşı etiraz nümayişi keçirən aksiyaçılara silahlı hücum etməsi və ən azı 8 nəfərin ölümü, 100-dən artıq insanın yaralanması ilə nəticələnən insidentə ölkənin yeni hökumətini qurmaq vəzifəsi tapşırılan İyad Əllavi münasibət bildirib.

Əllavi mətbuata verdiyi açıqlamada deyib: "Yeni hökuməti qurulana qədər indiki hökumətdə təmsil olunan qardaşlarımdan etirazçıları qorumaq vəzifələrini yerinə yetirmələrini istəyirəm”.

Qeyd edək ki, bu, Əllavinin Həşdi Şabi və İran əleyhdarı nümayişçiləri ilk müdafiə çıxışı deyil. Hökuməti qurma vəzifəsini öhdəsinə götürdüyü gün – 1 fevral 2020-ci il tarixində mətbuata verdiyi açıqlamada da Əllavi nəinki etirazçıları müdafiə etmiş, hətta onları daha aktiv etirazlara səsləyərək demişdi: "Nümayişçilərin qatilləri cəzalandırılana, korrupsiyaya qarşı mübarizə qələbə çalana,  iqtisadiyyat düzələnə və erkən seçkilər keçirilənə qədər etirazlarınızı davam etdirin. Siyasi qruplar kabinetə öz namizədlərini irəli sürsələr və mənə bu istiqamətdə təzyiq etsələr, vəzifəmdən imtina edəcəyəm və qarşınıza çıxıb bunu açıq şəkildə sizinlə bölüşəcəyəm. Vətən üçün meydanlara çıxdınız, əgər mən sizin bu tələblərinizi yerinə yetirməsən, yürütdüyüm vəzifəmi haqq etmirəm”.

   

İyad Əllavinin bu sözləri İraqda 4 aydan çoxdur ki davam edən etiraz aksiyalarının arxasında dayanan əsas adamın məhz o olduğunu təsdiqləyir. Başqa sözlə desək, Əllavi əsl "tələ sahibi” idi və son anda özünü büruzə verməkdən çəkinmədi. Səddam Hüseyn devrildikdən sonra İraqın ilk baş naziri olan və qurduğu müvəqqəti hökuməti 2005-ci ildə təhvil verən, ölkənin "boz kardinalı” kimi fəaliyyət göstərən İyad Əllavinin bioqrafiyasına nəzər salanda da onun əlinin nə qədər uzun olduğunu görə bilərik.

Kimdir bu İyad Əllavi?

1945-ci ildə İraqda şiə ailəsində anadan olan İyad 1960-cı ildə Bağdad Universitetində tibb təhsili alır. Daha sonra İngiltərədə təhsilini davam etidirir. Gənclik illərində Səddam Hüseynin ən yaxın adamlarından olur və onun müalicəsində iştirak edir.

İraq diktatoruna bu qədər yaxınlığı o dövrlərdə "bığsız Səddam Hüseyn” kimi ad çıxarmasına səbəb olur.

 

Səddam Hüseynlə yaxınlığı 1960-cı illərdə hələ Bağdadda ali təhsil aldığı dövrlərdə başlayır. Baas Partiyasının yarandığı illərdə Səddam Hüseynlə birlikdə gənclik şöbəsinin üzvü kimi fəaliyyət göstərir. Amma onların bu dostluğu uzun sürmür. İngiltərədə təhsil aldığı dövrlərdə iki döstun münasibətlərində problem yaranır və bu anlaşmazlıqlar Əllavinin 1970-ci illərin əvvəlində İngiltərədən siyasi sığınacaq almasıyla nəticələnir. Daha sonra İngiltərə vətəndaşlığını qəbul edən Əllavi bu gün də həmin "imtiyazını” qorumaqdadır.

1970-ci illərin ortalarında Səddam Hüseynin illərlə davam edən "geri qayıt" çağırışlarına qulaq asmayan Əllavinin öldürülməsinə qərar verilir. İraq əks-kəşfiyyat idarəsinin 1978-ci ildə Əllavini aradan götürmək üçün planlaşdırdığı sui-qəsd planı uğursuz alınır. Məlumata görə, bir gecə Londondakı evinin yataq otağına soxulan bıçaqlı agentlərin hücumuna məruz qalan Əllavini ölümdən qayınatasının kiçik bir müdaxiləsi xilas edir. Səs-küyə qayınatanın  yataq otağına girməsindən qorxuya düşən agentlər tapşırıqlarını tam yerinə yetirmədən aradan çıxırlar. Sinəsindən, başından və sağ ayağından aldığı ağır xəsarətlər səbəbindən bir il müalicə olunan Əllavi sağaldıqdan sonra onu öldürməyə çalışan Səddama qarşı açıq "müharibə" edir.

 

Səddam Hüseynin bu uğursuz sui-qəsdi İyad Əllavini ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Britaniyanın hərbi kəşfiyyat orqanı olan MI6 ilə daha sıx əməkdaşlığa vadar edir. Həmin kəşfiyyat orqanlarının dəstəyi ilə 1980-ci illərdə

İraq Milli Saziş Müxalifət Cəbhəsi təşkilatını qurur. İllərlə Yaxın Şərq ölkələrini gəzir və Səddam əleyhinə kampaniyalar aparır. 1990-cı ildə Səddam Küveytə hücum edərkən, Əllavi Londonda dissident lider olaraq ərəb dövlətlərinin də diqqətini özünə çəkə bilir və onlar tərəfindən maliyyələşdirilir.

1991-ci ildə İraq Milli Konsensusu adlı müxalifət təşkilatını qurur. Həmin təşkilat çərçivəsində Əllaviyə Səddam rejimindən narazı qalan hərbçiləri öz ətrafında toplamaq missiyası tapşırılır. 1992-ci ildən 1996-cı ilə qədər bu istiqamətdə önəmli nailiyyətlər əldə edən Əllavi MKİ-dəki (CIA) mövqeyini daha da möhkəmləndirməyi bacarır.

  

1994-cü ildə Səddama qarşı ilk hərbi çevrilişini planlaşdırsa da, bu cəhdi uğursuz alınır. İraq əks-kəşfiyyat orqanları həmin çevriliş planında yer alan hərbçiləri əməliyyatdan öncə müəyyənləşdirib ələ keçirirlər və asi generallardan birinin üzərində aşkarladıqları peyk telefonu ilə CIA-ya zəng edib "adamlarınızı yaxaldıq”,-deyirlər. 

Həmin uğursuz çevriliş cəhdindən sonra CIA qarşısında etibarı sarsılan Əllavi bir il sonra Səddam Hüseynin kürəkəni və kütləvi qırğın silahları layihəsinin memarı Hüseyin Kamil əl-Məcidin ailəsi ilə birlikdə İordaniyaya qaçmasını təşkil edir. Qazandığı bu uğur Əllavinin nəinki CIA-dəki nüfuzunu yenidən bərpa etməsinə, hətta daha da artırmasına səbəb olur. Həmin əməliyyatdan sonra ona 1996-cı ildə İordaniyada ofis açmağa icazə verilir. Əsgərləri və xalqı Səddama qarşı qaldırmaq üçün CIA-nın və ərəb ölkələrinin maddi dəstəyilə "əl-Müstəqbəl" (Gələcək) radiosunu yaradır.

1996-cı ildə yenidən Səddamı devirmək üçün hərbi çevrilişə cəhd edən Əllavinin bu təşəbbüsü də baş tutmur. İraq əks kəşfiyyatının İraq Milli Konsensusu (İMK) təşkilatına yerləşdirdiyi agentləri vasitəsilə gizli planın üstü açılır. İMK-yə bağlı 100-ə yaxın yüksək rütbəli zabit həbs olunur və onlardan 30-u edam edilir. Çevriliş planı ifşa olunduqdan sonra Şimali İraqda yerləşdirilən CIA agentləri və onlarla əməkdaşlıq edən 5 min Bərzani "peşmərgəsi” (Məsud Bərzani də daxil olmaqla) dərhal İraqı tərk edərək TürkiyəyəCəlal Təlabani və tərəfdarları kimi xeyli "kürd yurdsevərləri” (təşkilatlarının adı belə idi) isə İrana sığınırlar. Səddam Hüseynin bütün çağırışlarına baxmayaraq, nə Türkiyə, nə də İran onları təhvil vermir. Daha sonra Ankara bu separatçıları Quam adalarına göndərir.

  

Əllavi bu uğursuzluqdan sonra da boş dayanmır. İraqın kütləvi qırğın silahları ilə Şimali İraqa hücum edəcəyi barədə xəbərlərlə dünya ictimaiyyətini təlatümə gətirməyi bacarır. İraqın 2003-cü ildə ABŞ tərəfindən işğalı da Əllavinin uydurduğu bu arqumentə əsaslanırdı və işğal tamamlanandan sonra yalan olduğu üzə çıxdı. Beləcə, Səddam Hüseynin devrilməsindən 33 il sonra İraqa qayıdan Əllavi ölkənin baş naziri kimi fəaliyyətə başladı. Onun əmisi oğlu Əli Əllavi isə İraq Müdafiə naziri təyin olundu. Bir sözlə, İraq tamamilə Əllavi ailəsinin ixtiyarına keçdi.

Göründüyü kimi, İraqın ən güclü siyasilərindən olan və CIA, MI6 kimi xarici kəşfiyyat orqanlarıyla əməkdaşlıq etdiyi şübhə doğurmayan İyad Əllavinin ölkədə etiraz aksiyalarını dəstəkləməsi İrana bağlı qüvvələri xeyli çətin vəziyyətdə qoyur. Ən maraqlısı isə budur ki, İraqın ən nüfuzlu dini lideri də zaman-zaman etiraz aksiyalarını dəstəkləyən bəyanatlar səsləndirir. Məsələyə bu baxımdan yanaşanda İraqda küncə sığınan İranın xeyir-duasını almağı bacaran Müqtəda əs-Sədrin Mehdi ordusunun Nəcəf üsyançılarına dünənki silahlı hücumu adi bir küçə savaşına bənzəmir.




Oxşar Xəbərlər

Xəbər lenti