İqtidar-müxalifət savaşı AŞPA səhnəsinə keçdi

İqtidar-müxalifət savaşı AŞPA səhnəsinə keçdi

 


Bir qrup ictimai fəal, hüquq müdafiəçisi Avropa Şurası Parlament Assambleyasının üzvülərinə müraciət edərək Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum etməyi istəyiblər. Bir qrup qeyri-hökumət təşkilatının adından AŞPA prezidenti Pedro Aqramuntaya göndərilən müraciətdə isə Azərbaycan hakimiyyəti müdafiə olunur. Müraciətdə deyilir ki, Avropada fəaliyyət göstərən bəzi QHT-lər yerli təşkilatlarla birləşərək rəsmi Bakının Avropa institutları ilə münasibətlərinin pisləşməsinə yönələn konkret işlər həyata keçirirlər. Eləcə də AŞPA-nın yanvar sessiyası ərəfəsində vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun adından göndərilən müraciətin yalan və şantaj xarakteri daşıdığı, heç bir fakta söykənmədiyi vurğulanır. Qeyd olunur ki, bu müraciət mütəşəkkil kampaniyanın tərkib hissəsidir.

Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınmasını təklif edən qrup isə Milan prokurorluğu tərəfindən azərbaycanlı deputatlar Elxan Süleymanov və Müslüm Məmmədovdan 2013-cü ildə Azərbaycanda siyasi məhbuslar haqqında tənqidi qətnamənin qəbuluna mane olmaq üçün səy göstərmək müqabilində ümumilikdə 2.39 mln. avro rüşvət almaqda ittiham olunan keçmiş AŞPA vitse-prezidenti Luka Volonteyə qarşı qaldırdığı cinayət işinə istinad edirlər. Müraciət müəllifləri araşdırma yekunlaşana qədər AŞPA-da Azərbaycan nümayəndə heyətinin səs hüququnu dondurmaq, habelə 2013-cü ildə Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında qətnaməsi üzrə səsvermənin yekunlarını etibarsız hesab etmək çağırışı yer alıb. Eyni zamanda qeyd olunur ki, AŞPA dərhal Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi mandatını bərpa etməlidir, Avropa Şurası ekspertləri ilə birlikdə insan hüquqlarının pozulması haqqında yeni ətraflı məruzə hazırlamalıdır”. Məktub müəllifləri həmçinin korrupsiya tamamilə araşdırılana, İlqar Məmmədov və digər siyasi məhbuslar həbsdən azad edilənə qədər Azərbaycan nümayəndə heyətinin səs hüququnu bərpa etməməyə çağırırlar.

Göründüyü kimi iqtidar-müxalifət savaşı ölkəmizin sərhədlərini aşaraq, artıq AŞPA səhnəsinə kimi gedib çıxıb.

Deputat Rövşən Rzayev isə hesab edir ki, belə vəziyyət arzuolunmazdır və Azərbaycanın daxilində olan məsələləri hamımız birlikdə həll etməliyik. "Biz bunu bacarmayıb, hansısa beynəlxalq təşkilatlara öz vətənimizi pisləməklə nəyisə əldə etmək istəyiriksə, bu, çox mənfi haldır”.

Azərbaycan nümayəndə heyətinin səs hüququnun alınmasını tələb edənlərdən biri Emin Hüseynov isə bəyan edib ki, biz imkan verməyəcəyik ki, Azərbaycanın Avropa Şurası qarşısında olan öhdəliklərinə qarşı siyasi elita nümayəndələri istədiyi qədər dəyərlərimizi ayaq altına alsınlar. E.Hüseynov Azərbaycan nümayəndə heyətinin səs hüququnun alınması üçün əllərindən gələni edəcəklərini, mübarizəni dayandırmayacaqlarını da dilə gətirib.

Belə görünür ki, tərəflər güzəştə getmək niyyətində deyillər. Ümumiyyətlə, Azərbaycanda iqtidar-müxalifət mübarizəsi düşmənçilik səviyyəsinə keçib. Tərəflər artıq bir-birinə oponentlik etmirlər. Bir-birlərinə düşmən kimi baxırlar. Bu çox mənfi hal olmaqla yanaşı, həm də ağır olayların təməlini qoyur. Bu başqa bir yazının mövzusudur. Hələlik isə qeyd edək ki, çox arzuolunmaz hal olan bu vəziyyət bütövlükdə ölkəmzi üçün ciddi fəsadlar vəd edir. İndi isə Azərbaycandakı iqtidar müxalifət mübarizəsinin Avropanın siyasi mərkəzlərinə keçir. Tezliklə biz bunun fəsadlarını görəcəyik. Hələlik isə qeyd edək ki, yanvarın 24-27 tarixində keçiriləcək AŞPA sessiyasında iştirak etmək üçün Strasburqa gedən Azərbaycan parlamentinin nümayəndə heyətinin tərkibində dəyişiklik edilib. Milli Məclisin saytında dərc edilmiş məlumata görə, beynəlxalq münasibətlər komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Rafael Hüseynov, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Vüsal Hüseynov və Sabir Hacıyev daxildir. Nümayəndə heyətinin tərkibində İtaliya prokurorluğu tərəfindən AŞPA deputatlarının, xüsusən Luka Volontenin rüşvətlə ələ alınması faktlarının araşdırılması ilə bağlı qalmaqalda adları çəkilən Elxan Süleymanov və Müslüm Məmmədov yoxdur.

Məlumata görə, Elxan Süleymanov və Müslüm Məmmədovun adları nümayəndə heyətinin siyahısına əlavə problemlərlə üzləşməmək üçün salınmayıb. Bakıda hesab edirlər ki, bu iki deputatın AŞPA-da görünməsi əlavə qalmaqallar yarada bilər. Təsdiqilənməmiş başqa bir məlumata görə isə, bu iki şəxsə Avropa Birliyi ölkələrinə səfər etmək, ümumiyyətlə qadağan edilib. Milan prokurorluğunun bu iki şəxsin ifadəsini almaq üçün onların saxlanılması haqqında order verə biləcəyi də nəzərə alınır.

Azərbaycanda isə iqtidar-müxalifət mübarizəsi ölkənin sərhədlərini aşaraq beynəlxalq təşkilatların səhnəsinə çıxır. Bu arzuolunmaz hal bütövlükdə ölkəmiz haqqında mənfi rəy yaratsa da, əsas zərbəsi heç şübhəsiz ki, iqtidara dəyəcək. Hakimiyyətin güzəştsiz siyasəti iqtidar-müxalifət münasibətlərini normal məcrəya yönəltməyə imkan vermir. Müxalifət isə belə vəziyyətdə əlinə düşən hər imkandan yararlanaraq hakimiyyətə zərbə vurmağa çalışır.

Milan prokurorluğunun Elxan Süleymanov və Müslüm Məmmədovun 2013-cü ildə Azərbaycanda siyasi məhbuslar haqqında tənqidi qətnamənin qəbuluna mane olmaq üçün AŞPA vitse-prezidenti Luka Volonteyə 2.39 mln. avro rüşvət verməsi ehtimalı ətrafında başlanan qalmaqal müxalifətin əlinə göydən düşüb və onlar bu imkandan sonuna kimi yararlanmaq istəyirlər. Belə görünür ki, Azərbaycan iqtidar və müxalifətinin bir-birinə qarşı savaşının Avropa mərhələsi yeni başlayır və çox ciddi siyasi qalmaqallar vəd edir. Bunun qarşısını dərhal alınmasa ölkəmiz üçün ağır nəticələri olacaq.

Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti