Amerika Qüds qərarından geri çəkilir - Pensin açıqlamaları nəyin etirafıdır?

 

Tofiq Abbasov: "Gələcəkdə də səfirliyin Qüdsə köçürüləcəyinə inanmıram”

Amerikanın ötən ilin sonlarında bütün dünyanı şoka salan Qüdsü İsrailin paytaxtı kimi tanımaqla bağlı qərarı ətrafında yeni gəlişmələr var. Ağ Evə səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək üçün bir neçə il vaxt lazımdır.

Bu barədə ABŞ-ın vitse-prezident Maykl Pens açıqlama verib.

"Hazırda bununla bağlı işlər gedir. Planlar mövcuddur. Bildiyiniz kimi, konsulluğumuz Qüdsdə yerləşir. Prezident yer seçimi və lazımi infrastrukturun formalaşdırılması ilə bağlı göstəriş verəcək. Düşünürəm ki, lenti kəsməzdən əvvəl bir neçə il vaxt lazım gələcək" – Pens bildirib.

ABŞ-ın vitse-prezidenti, həmçinin əlavə edib ki, son 20 ildə Konqresin qərarı olmasına baxmayaraq, Donald Trampa qədər heç bir prezidentin bu addımı atmağa qətiyyəti çatmayıb.

Pensin bu açıqlamasından sonra siyasi şərhçilər əslində bununla Amerikanın Qüds qərarından geri çəkildiyini bildirirlər. Ağ Evin paytaxtı Qüdsə heç zaman köçürməyəcəyi ilə bağlı da fikirlər səslənməyə başlayıb. Əslində qeyri-müəyyən vaxt qoymaqla Amerikanın Qüds qərarının səhv olduğunu etiraf etdiyi bildirilir. Türkiyə başda olmaqla, müsəlman dünyasının dirənişinin nəticə verdiyini verdiyi, bununla əslində islam ölkələrinin qalib gəldiyi vurğulanır.

Картинки по запросу Tofiq Abbasov

Politoloq Tofiq Abbasov ABŞ prezidenti Donald Trampın riskli bir addım atmaqla böyük bir dalğanın qalxacağını təxmin etmədiyini söylədi: "Dünya birliyinin çox sərt və neqativ münasibəti həqiqətən Amerika rəhbərliyini qorxutdu. Təsəvvür edin ki, BMT-nin Baş Assambleyasında cəmi 8 dövlət Amerikanı dəstəklədi. Onların da xüsusi bir çəkisi yoxdur. Prinsip etibarı ilə Amerikanın yaxın dostları olan Böyük Britaniya, Fransa, İtaliya kimi ölkələr qəti şəkildə bununla razı olmadıqlarını söylədilər. Bu məsələnin siyasi tərəfi ilə yanaşı, həm də texniki tərəfləri var. Rusiya hələ ötən ilin aprelində bəyan etdi ki, səfirliyini Qüdsə köçürür və buna hazırdır. Amma hansı Qüdsə, əlbəttə Qərbi Qüdsə. Hansı ki, bu ərazi BMT-nin qərarı ilə İsrail dövlətinə məxsusdur. Onun üçün də bu heç bir etiraz dalğası qaldırmadı. Bəs necə oldu ki, Amerika bunu deyən kimi hamını ayağa qaldırdı? Məsələ burasındadır ki, bunun kökündə bir balaca təxribat da var idi. Təxribatı da Tramp İsrailin əlindən aldı. 

Bunu da alanda gördü ki, bu həna o hənadan deyil. Əgər Tramp desəydi ki, səfirliyi Qərbi Qüdsə köçürürəm, inanın ki, heç onda reaksiya olmayacaqdı. Mən özüm İsraildə olmuşam. Bu ölkənin parlamenti Qərbi Qüdsdədir. Şərqi Qüdsdə İsrailin əhəmiyyəti olmayan iki təşkilatı var. Ondan qalan əsas dövlət strukturları Qərbi Qüdsdədir. Şərqə heç onların özləri də girməyə cürət etmirlər. Düzdür, İsrailin ən böyük arzusu ondan ibarətdir ki, Şərqi Qüdsü təmizləsinlər. Amma bu asan məsələ deyil. Əmin olun ki, bu baş verərsə, növbəti dünya müharibəsi başlaya bilər. Təkcə müsəlman dünyası deyil, Avropanın aparıcı dövlətləri İsrailin işğalçılıq siyasətini bəyənmir, bu ölkənin Şərqi Qüdsdə tikililər aparmasının əleyhinə olduqlarını açıq şəkildə bildirirlər. Pensin açıqlaması uğursuz oyundan doğan təskinlikdir. Göstərmək istəyirlər ki, guya dediklərinin üstündə dururlar. 

Adətən geosiyasi səhnədə güclü dövlətlər səhv etdikdə, gerilədikdə onlar öz yanlışlıqlarını boyunlarına almırlar. Elə bilirlər ki, hamı bunu təbii qəbul etməlidir. Əslində bu çox ciddi məsələdir və bu hələ də öz təsirini büruzə verir. İsrailin özündə Netanyahunun ikibaşlı siyasəti bəyənilmir. Bu şəxsin adı korrupsiya məsələlərində keçir və bu ölkədə hesab edirlər ki, bunu ört-basdır etmək üçün o bu məsələni qabartdı, Amerika Administrasiyası isə onun yedəyində getdi. Düşünürəm ki, bu məsələnin perspektivi faktiki olaraq yoxdur. Açığı gələcəkdə də səfirliyin Qüdsə köçürüləcəyinə inanmıram. Olsa-olsa ən yaxşı halda Amerika bəyan edəcək ki, səfirliyini Qərbi Qüdsə köçürür. Bütün şəhərdən söhbət gedə bilməz. Çünki şəhərin müqəddəratını hələ BMT ötən əsrin 40-cı illərinin sonunda həll edib və göstərib ki, bu şəhər iki ölkə arasında bölüşdürülməlidir, bir tərəfi İsrailin, digər tərəfi Fələstinin paytaxtı olmalıdır. Bu məsələni heç kəs hələ təxirə sala və gündəmdən çıxara bilmir. O qərar hələ də qüvvəsini saxlayır. Müsəlman dünyasının bu məsələdə qalib gəldiyi barədə fikirlərlə razı deyiləm. Düzdür, çox sevindirici haldır ki, müsəlman dünyası bu məsələdə birlikdə oldu, müqaviməti birlikdə təşkil etdi. Bütün dünya faktiki Fələstini dəstəklədi. Təbii ki, burada beynəlxalq birliyin mövqeyi də güclü oldu və təsirini göstərdi. Amerikanın özü də bu məsələdən peşmandır, sadəcə görüntü yaradır. Burada müsəlman dünyasının qələbəsindən daha çox Amerika-İsrail birliyinin mənəvi məğlubiyyətini dilə gətirmək daha çox yerinə düşəndir. Çünki onlar dünya birliyinin bu cür sərt yanaşmasını gözləmirdilər. Birmənalı şəkildə onları hər kəs ittiham etdi, qərarın düzgün olmadığını bildirdi. Bu baxımdan müsəlman dünyasının qələbəsindən daha çox Amerika-İsrailin məğlubiyyətindən danışmağa daha çox əsas var”.

Cavanşir ABBASLI



Oxşar Xəbərlər

Xəbər lenti