24 Noyabr – Zirvə Görüşü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib.
Paytaxt Bakı Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi edir. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. 1998-ci ildə yaradılan proqrama Azərbaycan 2002-ci ildə qoşulub və birliyin fəal üzvlərindəndir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.
SPECA-nın yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan sərgi Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilir. Bakı Ekspo Mərkəzinin 4 min kvadratmetrlik sahəsini əhatə edən sərgidə ancaq SPECA ölkələrinin stendləri yer alır. Həmin stendlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsullarının nümunələri nümayiş olunur. Bütün stendlər Azərbaycan tərəfindən vahid dizayn formatında quraşdırılıb.
Prezident İlham Əliyev “Azərxalça” ASC tərəfindən hazırlanan “Bizi birləşdirən dəyər” instalyasiyasının üzərindəki ağ örtüyü götürməklə sərginin rəsmi açılışını etdi. Bu instalyasiya SPECA ölkələrinin əməkdaşlıq əlaqələrini əks etdirir.
Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının-SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib.Prezident İlham Əliyevin çıxışı:
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. Hazırda  Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan, Qazağıstan, Qırğızıstan, Tacikistan,Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli  formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə bugün Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.
Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. 
Müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik.
“Boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar speratizmə son qoyduq. Bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələrə təşəkkürümü bildirirəm.

Banu Məmmədli Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin İnformatika müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti