SPECA-nın Zirvə görüşünün Bakı Bəyannaməsi qəbul edildi

24 noyabr tarixində Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşü
Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Zirvə görüşündə Proqramın üzvü olan Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın prezidentləri iştirak ediblər. Macarıstanın və Gürcüstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi isə Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşünə fəxri qonaq qismində qatılmışdılar.
Qeyd edək ki, 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Proqramın üzvü olan Azərbaycan son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir. Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Başqa sözlə, ölkəmizin həm Şərqlə Qərbin, həm də Şimal ilə Cənubun kəsişməsində yerləşməsi ona əlverişli tranzit imkanları yaradır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdəki çıxışı bir neçə cəhətdən mühüm əhəmiyyət daşımaqdadır.
Birinci məqam dövlətimizin başçısının SPECA-ya üzv dövlətlərin Zirvə görüşünün ilk dəfə keçirildiyini vurğulamasıdır. Məlum olduğu kimi, ölkəmiz digər sahələrdə ilklərə imza atdığı kimi, burada da nümunə göstərdi. Nümunəvilik özünü BMT-nin mühüm əhəmiyyət daşıyan proqramına yanaşmada göstərir. O proqrama ki, fəaliyyətinin 25 ili tamam olur. Prezident İlham Əliyev isə fikirləri ilə ötən 25 ilin Azərbaycan üçün tərəqqi və inkişafa aparan mərhələ olduğunu xatırladır. Bu xatırlatmada vurğu sabitlik və firavanlıq amilinə qoyulur, mövcud amil başlıca uğur komponenti kimi önə çəkilir: “SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlətsuverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik.
İkinci məqam Azərbaycanın beynəlxalq miqyasdakı nailiyyətlərinin təməlindəki amillərlə bağlıdır. Dövlətimiz istər Ulu Öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin rəhbərliyi dövründə uzaqgörən, proqmatik, ardıcıl və rasional siyasət kursu həyata keçirib. Ölkəmiz bu siyasət nəticəsində dünya birliyinin tamhüquqlu üzvü kimi özünü təsdiqləyib. Əlbəttə, gedilən yol heç də asan olmayıb. Respublikamız müxtəlif təzyiqlərlə üzləşib, çətinliklərə və məhrumiyyətlərə sinə gərib. Ən əsası isə Azərbaycan hər zaman müstəqil xarici siyasət kursuna sadiqlik göstərib. Bu dəst-xətt beynəlxalq miqyasda ölkəmizə inam və etibar qazandırıb. Ona görə Prezident İlham Əliyev çıxışında məhz müstəqillik amili üzərində xüsusi dayanıb. Dövlətimizin başçısının mövzunu müstəqil siyasət yürütməyi bacarmayan ölkə kimi Ermənistanın üzərinə gətirməsində də qanunauyğunluq və məntiq var. Çünki biz məhz Ermənistanın timsalında faktiki müstəqilliyə malik olmayan dövlətin götürdüyü “dəst-xəttin” firavanlığa, əmin-amanlığa, insan rifahına, ümumən bəşəri prinsip və dəyərlərə qarşı yönəldiyinin şahidi olmuş, erməni işğalına məruz qalaraq illərlə çiyinlərimizdə bu durumun ağırlığını daşımışıq. 
Üçüncü məqam əvvəlkilərin davamıdır. Yəni, Prezident İlham Əliyev keçmişin dərslərini yada salaraq, bugünkü Azərbaycanın inkişaf trayektoriyasındakı nəhəngliyi vurğulayır. Dövlətimizin başçısı çətinlik və məhrumiyyətlərlə dolu qeyri-sabitlik illərinin işğal aqibətindən tutmuş ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasınadək olan mərhələnin qısa, ancaq dolğun təsvirini verir. Bu təsvirdə Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının öz dədə-baba yurdlarından qovulması da var, otuz ilə yaxın aparılan Qarabağ danışıqlarının faydasızlığının və nəticəsizliyinin vurğulanması da, Ermənistanın işğalçılıq niyyətinin davamında israrlı olması da. “2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi”, – deyən dövlətimizin başçısının ölkəmizin 44 günlük müharibəki qələbəsindən söz açmasındakı başlıca məqsəd işğala son qoyulduğunu vurğulamaqdır. O işğal ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsində əksini tapmış və həmin qətnamələrin icrası 27 il kağız üzərində qalmışdı. Deməli, Azərbayca­nın Zəfəri həm də beynəlxalq ədalətin təminatına töhfədir. Prezident İlham Əliyevin üzərində dayandığı ən başlıca məqam da elə budur. 
Bir məqama xüsusi qeyd etmək lazımdır ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü ilk təşəbbüs idi. O da məlumdur ki, hazırda SPECA-ya Azərbaycan sədrlik edir. Ölkəmizin bütün beynəlxalq strukturlara rəhbərliyi isə özünü əməli tədbirlərdə, gerçək təşəbbüslərdə göstərməkdədir. Buna misal olaraq respublikamızın Qoşulmama Hərəkatına uğurlu sədrliyini diqqətə çatdırmaq yerinə düşər. Heç şübhəsiz, SPECA müstəvisindəki öncüllük də əlamətdar olacaq. Çünki “Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq”, – deyən Azərbaycan Prezidenti əminlik yaradır. Əminlik ona görə var ki, Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni vəgeosiyasi məkanda yerləşir, digər yandan isə bu məkanın əhəmiyyəti BMT-nin vacib təsisatı müstəvisində, yəni SPECA çərçivəsində vurğulanır. Deməli, qarşıda duran başlıca vəzifələrdən biri başla­nılmış yolun qətiyyətli şəkildə davam etdirilməsidir. Azərbaycan sədr ölkə olaraq bu istiqamətdə də özünün əməli töhfəsini verməkdədir. 
Tədbirin sonunda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Bakı Bəyannaməsi qəbul edildi.

Bəhruz Mehdiyev

Suraxanı rayonu, 280 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti