Prezident Parisə barmaq tuşladı – “Fransa od üstünə benzin tökür”


Prezident İlham Əliyevin dünən Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqla görüşü mühüm bir dövrə təsadüf edirdi.

Bildiyimiz kimi, Avropa Şurasının Parlament Assambleyası bu günlərdə Azərbaycanı təmsil edən deputatların mandatlarını təsdiq etməyək ölkəmizə qarşı cəbhə açıb və bu zaman böyük haqsızlığa yol verib. Bütün bunlara ali səviyyədə cavab verilməsi lazım idi.

Ona görə də Azərbaycanın dövlət başçısı Martin Çunqonqla söhbətində Avropanın üstqurum təşkilatlarının yaxın keçmişdə ölkəmizə münasibətinə geniş toxunub.

Prezident deyib ki, ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da, heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmayıb, məcburi köçkünlərin geri qayıtması təmin edilməyib, Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilməyib və müvafiq sanksiyalar tətbiq olunmayıb.

Bunların hamısı avropalı parlamentarlara da bəllidir, fəqət onlar bu həqiqətləri daima görməzliyə vurublar, hesab ediblər ki, belə də keçinmək olar. Lakin bu, onlar üçün keçərliydi və bu mövqe Azərbaycanın problemini həll etmirdi. Ona görə də Azərbaycan axırda öz problemini “Avropanı daha artıq əziyyətə salmadan” özü həll etdi.

Dövlət başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış etdiyini xatırladaraq deyib ki, Ermənistan buna adekvat reaksiya verməyib.

Doğrudan da Ermənistan 2021 və 2022-ci illərdə, eləcə də 2023-cü ilin birinci yarısında özünü “cəddinə arxayın olan seyidlər” kimi aparır, elə hesab edirdi ki, 2020-ci ildəki hərbi əməliyyat artıq təkrar oluna bilməz, Azərbaycan işğaldan azad edə bildiyi yerləri alıb oturub, yerdə qalan ərazilər isə Ermənistana qalıb, sülh müqaviləsi də elə bu əsasda imzalanacaq. Ona görə də bu dövlət, Prezidentin dediyi kimi, 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində öz üzərinə düşən bir sıra öhdəlikləri yerinə yetirmirdi. “Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi”, - Dövlət başçısı sözügedən görüşdə qeyd edib.

Ancaq Azərbaycan tərəfi dəfələrlə təkrarlamışdı ki, “bu iş yarımçıq qalıb”, Azərbaycan öz ərazisi üzərində yuristiksiyasını sona qədər bərpa edəcək.

Lokal antiterror tədbirləri qaçılmaz edən əsas faktor məhz bu idi. Prezident İlham Əliyev həmin durumu belə xarakterizə edib: “Ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdur”.

Ilham-Eliyev-Parlamentlərarasi-Ittifaqin-Bas-katibi-Martin-Cunqonq-ilə-gorusdu-600x388.jpg (37 KB)

Martin Çunqonqla görüşdə dövlət başçısı gələcəkdə təhdid yarada biləcək amillərdən də danışıb və deyib ki, Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.

Prezident deyib: “Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir”.

Bundan başqa, Prezident İlham Əliyev rəsmi Parisə barmaq tuşlayaraq, onun regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, Fransanın bölgədə dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini bəyan edib.

Bu, özlüyündə cəsarətli iddia olmaqla yanaşı, tam olaraq həqiqəti əks etdirir. Gerçəkdən də Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək üçün aqressiv və ədalətsiz siyasət yürütdüyü, Ermənistanı silahlandması göz önündədir.

Dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsi fonunda beynəlxalq riyakarlıq tendensiyasının müşahidə olunduğuna diqqət çəkib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsini beynəlxalq riyakarlığın təzahürü adlandırıb.

28 il boyunca bir dəfə də olsun aqressora barmaq tuşlamamış, ondan BMT-nin qətnamələrinə riayət tələb etməmiş, regionda ədalətli sülhə nail olmaq üçün heç bir əməli addım atmamış AŞ PA-nın məlum qərarı, Prezidentin də dediyi kimi, dialoqa xidmət etmir, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir.

“Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır”, - deyə . öz qəti fikrini bildirən Azərbaycan lideri əlavə edib ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

Musavat.com





Oxşar Xəbərlər

Xəbər lenti