2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib

Abdallar kənd yaşayış məntəqəsi 1923-cü ildə Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Azərbaycan Respublikasının cənub qərbində dağlıq ərazidə yerləşən gözəl Laçınımız Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistan ilə həmsərhəddir. Laçın rayonunda 1992 – ci il üçün bir şəhər, bir qəsəbə 152 kənd olmuşdur.

      Zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik olan Laçın ana təbiətin yaratdığı nadir gözəllik, sıx meşələr, sıldırım qayalar, gen dərələr, məcrasına sığmayan dağ çayları, qartalların qıy vurduğu zirvələri ilə bu torpağa qədəm qoyan hər kəsi öz sehrinə salır. Laçının şərqində Qarabağ silsiləsinin cənub-qərb yamacları, şimalında Mıxtökən silsiləsi uzanır və cənub-qərb hissəsini isə Qarabağ yaylası tutur. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü  3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 kilometr) yaradır. Həkəri də dağların ətəyindən, gen dərələrdən keçərək Araz çayına qovuşur.

    Strateji mövqeyinə görə çox önəmli olan Laçın rayonu 1992-ci il may ayının 18-də     Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

      30 ilə yaxın işğal altında olan torpaqlarımız 2020-ci ilin payızında yalnız 44 gün davam edən müharibə ilə azad oldu — bu dövrdə hər günümüz xalqımızın qəhrəmanlıq və milli ruhunun təcəssümü olaraq tarixə Zəfər günü kimi qızıl hərflərlə yazıldı. 44 günlük ikinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Zəfər nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin dekabr ayının 1 – də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022 – ci ilin avqust ayının 26 – da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verildi. Laçınlılar 31 ildən sonra öz dogma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. 

      Tarixi Qələbəmizin əbədiləşdirilməsinə xidmət edən addımlardan biri də Prezident cənab  İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamıdır. Həmin Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günüdür. 

     Tarix boyu Azərbaycan çox şərəfli anlar yaşamış, xalqımızın qüruruna səbəb olan hadisələr baş vermişdir. Amma Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbələr, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı kimi məndə bu tarixi, şərəfli məqamların şahidi olmaqdan, qürurverici tarixi günləri yaşamaqdan xoşbəxt olduğumu bildirmək isteyirəm. .  

     Şəhid qanı axmayan torpaqdan Vətən olmaz, - dedilər Şəhidlərimiz. İşğal olunan torpaqlarımızın azad olunmasında Vətənə, xalqa məhəbbətlə yoğrulmuş mərdliyi  ilə qəhrəmancasına həlak olmuş hər bir şəhidimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Allahdan şəhidlərimizə rəhmət qazilərimizə şəfa diləyirik. 

Seymur Rəsulov

Hövsan  bələdiyyə sədri

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti