Ölkəmizdə baş tutan böyük layihələr bizim inkişaf yolumuzdur

Ölkənin inkişafı iqtisadi cəhətdən səmərəli layihələrin həyata keçirilməsi ilə mümkün olursa bu da öz növbəsində infrastruktur yenilənmələrini və daha səmərəli fəaliyyətlərin tətbiqini zəruri edir. Davamlı inkişafı təmin etməklə bərabər əhalinin məşğulluq səviyyəsini yüksəltmək məqsədini də hədəfləyən layihələri müşaiyət edən infrastruktur təkmilləşdirmələri Azərbaycanın bir çox ərazilərində uğurla aparılan islahatların bir istiqamətidir. Son illər ərzində xüsusən bölgələrdə elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri və suvarma ilə bağlı olan layihələrə diqqət artırılmışdır. Artıq səmərəsini verməyə başlayan bu layihələrin davamı özünü yeni planlaşdırmaların aparılması ilə göstərir. 
Bu ilin aprel ayının 16-da Prezident İlham Əliyevin Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirakı bir daha sözükeçən məsələlərin nə dərəcədə diqqətdə saxlanıldığını ifadə edir. Şirvan kanalının yenidən inşa edilməsi sayəsində əkin sahələrinin artması və minlərlə insanın bu artımdan faydalanması gözlənilir. Yeni layihənin həyata keçirilməsi nəticəsində 230 min hektar əkin sahəsi əhatə olunacaq ki, bu da əvvəlki ilə müqayisədə xeyli artıqdır. Şirvan kanalının istifadəyə verilməsi həm də ekoloji problemləri tətikləyən göl qurumalarından bəzilərinin qarşısını alacaqdır. 10 ildən artıqdır qurumuş Hacıqabul gölünün dolma ehtimalı qeyd olunanlara nümunədir. Daha əvvəl bənzər layihələr çərçivəsində Taxtakörpü su anbarıının və Şəmkirçay su anbarının tikintisi uğurla həyata keçirilmiş və əkin sahələrinin səmərəli istifadəsi istiqamətində öz töhfəsini vermişdir. Beləliklə həm Şimal, həm də Qərb bölgələrində torpaq sahələrinin əkinə yararlığının artırılması təmin olunmuşdur. Şirvan kanalının yenidən ərsəyə gətirilməsi isə daha böyük əkin sahələrini əhatə etməklə inkişafa daha geniş miqyasda təsir göstərəcəkdir. Yeni kanalın əhəmiyyəti yaxın gələcəkdə diqqətə çatacaqdır. 
Uzun illər ərzində ərazilərinin önəmli bir hissəsi işğal altında olan ölkəmiz təkcə torpaqlarından deyil, həm də əhəmiyyətli su resurslarından məhrum olmuşdur. Bu səbəbdən su anbarlarının məhv edilməsindən və suyun çatdırılması ilə bağlı problemlərdən qaynaqlanan çətinliklərin mövcudluğu əhalimizə əziyyət vermişdir. Nəzərə alsaq ki, Qarabağ və Zəngəzurda mövcud olan su resursları ölkəmizin ümumi su resurslarının 25 faizini əhatə edir, o halda problemin Azərbaycan üçün miqyası daha nəzərəçarpan olur. Nəhayət 2020-ci ildə baş tutmuş 44 günlük hərbi əməliyyatlar və ötən ilin sentyabr ayında həyata keçirilmiş lokal antiterror əməliyyatları dövlətimizin suverenliyini təmin etməklə bərabər sahibi olduğu bir çox resurslarının da əsl sahibinə qaytarılmasına şərait yaratdı. Elə həmin vaxtdan işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə başlayan Azərbaycan su təminatı ilə bağlı irihəcmli layihələrin həyata keçirilməsini də planlaşdırmışdır. Bir müddət əvvəl Ağdam rayonunda baş tutmuş Xaçınçay su anbarının açılışı bu mənada gözəl nümunədir. Yaxın gələcəkdə açılışı nəzərdə tutulan Füzuli rayonundakı Köndələnçay su anbarının istifadəyə verilməsi də önəmli addımlardan hesab oluna bilər. Lakin yeniliklər və gələcəyə yönəlmiş planlar bununla məhdudlaşmır. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanallarının inşa edilməsi də həyata keçirilən layihələrin uğurlu davamını təmin edəcəkdir. İşğaldan azad olunan torpaqların abadlaşdırılması və həmin ərazilərdə kənd təsərrüfatının inkişafı üçün şəraitin təmin olunması bu kimi layihələrin icrası nəticəsində daha çevik və uğurla həyata keçəcəkdir. 
Vətən torpaqlarını öz gücü və qəhrəman övladlarının şücaəti nəticəsində işğaldan azad edən dövlətimiz həmin torpaqların abadlaşdırılması və xalqın rifahına xidmət etməsi üçün lazım olan bütün tədbirləri həyata keçirəcəkdir. Dünən döyüş meydanında əlində silah tutan azərbaycanlıların bu gün artıq əmək meydanında vətənin çiçəklənməsi uğrunda  səy göstərdiklərini izləmək çox xoşdur.

Səadət Məmmədova

Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti