Ərdoğanın İraqda imzaladığı sazişlərin Azərbaycana hansı təsirləri olacaq?


Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri və Bağdadda əldə etdiyi razılaşmalar Azərbaycan üçün də faydalıdır.

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

“Türkiyənin İraqda terrorçulara qarşı mübarizəni daha geniş şəkildə davam etdirməsi strateji müttəfiqimizin gücünə güc qatacaq. Bağdad Ankara ilə birgə regional layihələr reallaşdırmaq istəyir. Türkiyə buna hazırdır. Yəni hardan baxsaq, Türkiyə İraqda mövqelərini gücləndirmək siyasətini həyata keçirəcək. Bu, Tehranın xoşuna gəlməyəcək və İraqdakı tərəfdarları vasitəsilə ümumi gedişatı pozmağa çalışacaq. Bunun alınmayacağı halda İranın İraqa təsiri azalacaq. Çünki iraqlılar müxtəlif məzhəblərə mənsub olmalarına baxmayaraq, ölkələrində rahat yaşamaq istəyirlər. Bunu isə İranla deyil, Türkiyə kimi ölkələrlə nail olmaq mümkündür.

Türkiyə İrana heç vaxt problem yaşatmayıb, əməkdaşlığa üstünlük verib. Ancaq Tehran hər zaman Türkiyəni regional rəqibi kimi görüb, bu məqsədlə PKK terrorçuları ilə əlaqəsi olub. Türkiyə-İraq yaxınlaşmasının və bu bölgədə birgə iqtisadi, nəqliyyat və enerji layihələrinin reallaşmağa başlaması İranın bölgəyə dağıdıcı təsirini azaldacaq ki, bu, Azərbaycanın maraqlarına uyğundur. Bakı da son illərdə Bağdadla əməkdaşlığını genişləndirib, İraq Prezidenti Abdullətif Camal Rəşid qısa müddət ərzində iki dəfə Bakıda olub və azərbaycanlı həmkarı İlham Əliyevlə geniş fikir mübadiləsi aparıb. Azərbaycan da Türkiyə kimi bölgədə əməkdaşlıq və regional layihələrdən yanadır, ancaq Tehrandakı dairələr antiazərbaycan siyasəti ilə buna mane olmağa çalışırlar”, - o vurğulayıb.



Oxşar Xəbərlər

Xəbər lenti