Azərbaycan son illərdə ekoloji və mədəniyyətlər arası əlaqələrə əhəmiyyəti artırıb

Tarixi təcrübə göstərir ki, hər bir cəmiyyətin inkişafı onun yaxşı idarəetmə sisteminə sahibliyindən birbaşa asılıdır. Siyasi elitaların idarəetmə proqramlarına XX əsrin sonlarında yer tapan yaxşı idarəetmə anlayışı dövlət idarəçiliyində təmsilçilik, iştirak və nəzarətin, effektiv vətəndaş cəmiyyəti institutlarının, dövlət idarəetməsində qanunun aliliyinin və ədəmimərkəziyyətçiliyin, siyasi-iqtisadi idarəetmədə şəffaflığın, hesabatlılığın, keyfiyyətli və etik qaydaların mövcud olduğu  siyasi, iqtisadi, sosial düzəni ifadə edir. Bu düzən möhtərəm prezidentimiz cənab İlham Əliyevin idarəetmə siyasətin ən yüksək təzahür formasını tapmışdır. Heç təsadüfi deyil ki, Prezident İlham Əliyevin cari ilin 1 may tarixində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı bu siyasi xəttin inkişaf yolunun nə qədər möhkəm olduğunu bir daha sübut etdi. Dünyanın 110 müxtəlif ölkəsinin nümayəndəsinin iştirak etdiyi olduqca mühüm və nüfuzlu beynəlxalq platforma rolunu üstlənən bu forum bütün dünyaya təkrar göstərdi ki, mədəniyyətlərarası dialoqu təşviq edən Azərbaycanın təşəbbüsü  ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. Prezident İlham Əliyevin də bildirdiyi kimi, əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olan  vətənimizin coğrafi mövqeyi, Şərq ilə Qərb arasında yerləşməsi bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub-saxlamağı bacarıb. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti yurdumuzuçoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərb yarımkürələrində öz nüfuzunu gücləndirməkdədir. Bu ideya dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan Avropa İttifaqının həyata keçirdiyi “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesini uğurla davam etdirir.
Forumdakı çıxışında müxtəlif məsələlərə münasibətini səsləndirən cənab İlham Əliyev Azərbaycan dövlətinin çoxtərəflilik dəyərlərinin daşıyıcısı olduğunu dilə gətirmiş, həmin dəyərləri 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal şəkildə təşviq etdiyini bildirmişdir. Bundan əlavə, misilsiz idarəetmə bacarıqlarının daşıyıcısı olan dövlət başçımız pandemiyanın dünya ölkələrinə təsirindən söz açaraq dövlətimizin bu məsələdəki fərqli və ədalətli mövqeyini bir daha vurğulamışdır. Belə ki, həmin dövrdə Azərbaycan məhz o ölkələrdən biri idi ki, fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış etmiş, səsini qaldırmış və ucaltmışdı.
Qloballaşan dünyanın dəyişməyən başlıca problemlərindən olan müharibələr, siyasi mübarizələr, müstəmləkəçilik rejimlərinə irad bildirilməsi prezidentimizin beynəlxalq forumdakı çıxışının əsas istiqamətlərindən birini təşkil etmişdir. Heç şübhəsiz, Azərbaycan ərazi bütövlüyünü müharibə vasitəsilə təmin etməklə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi “yatmış” dörd qətnamənin oyadılmasına nail oldu. Beləliklə, 2020-ci il 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini düşmən tapdağından azad etdik, ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. Məhz Azərbaycanın Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürməsi dövlətimizin sülhpərvər yanaşmasını, haqlı mübarizəsini və həqiqətləri bir daha dünya meydanının önünə sərmiş oldu. Dövlətimizin haqlı mövqeyi təkcə özünə qarşı aparılan ikili standartlara qarşı mübarizəsində əksini tapmadı. Belə ki, dövlət başçısının  adıçəkilən forumda yeni müstəmləkə tendensiyalarına və iyrənc neokolonizm təcrübəsinə göz yummamağa çağırışları dövlətimizin daim haqq tərəfdarı olduğunun bariz göstəricilərindəndir.
Yekun olaraq beynəlxalq platformada dilə gətirilən diqqətəlayiq məsələlərdən biri Azərbaycanın COP29 layihəsinə ev sahibliyi etməsi ilə bağlı olmuşdur. Öz çıxışında möhtərəm prezidentimiz dünya ölkələrinin qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməli olduğunu dilə gətirməklə bir daha ekoliji sistemin, dünya sivilizasiyasının keyfiyyətli inkişafına tərəfdaş kimi çıxış etdiyini sübut etmişdir.
Bu gün biz müsbət tendensiyaya və sülhə doğru gedən, daha möhkəm və daha qəti addımlarla inkişaf pillələrini qalxan, gündən-günə güclənən qalib xalq, qalib dövlətik. Möhtərəm prezidentimizin qeyd olunan forumdakı çıxışı müasirlik, multikulturallıq, ədalətlilik timsalı olan Azərbaycanın tutduğu inkişaf xəttini bir daha dünya ölkələrinin diqqətinə uğurla çatdırmış oldu.

Arzu Məmmədova

Suraxnanı rayonu, 226 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti